Cütlər Haqqında 20 Fikir
Bu iki nəfərin hansı ağılla bir yerə gəldiyini anlamaqda çətinlik çəkə bilərsən. Gün başlayan kimi bir-birinə itin sözünü deyirlər. Dava-dalaş bitmək bilmir. Fasilə etməyi bacarmırlar. Qonşular və dostlar öyrəşib. Hətta maraqla gözləyirlər ki, bu iki nəfərin hansı balkondan daha tez uçacaq. Bir insan digər insanı nə üçün bu qədər acılasın ki? Onlardan soruşsan sənə bir dastan səbəb gətirəcəklər.
Bu münasibəti bir nəfər daşıyır. Ona elə gəlir ki, bütün münasibət məhz onun diktə etdiyi şəkildə inkişaf etməlidir. Digər personaj kölgədə qalmalıdır. Qalmağı tərcih edir. Hər şeyi bir nəfər edir. Hər şey bir nəfər üçün edilir. Digər nəfər getdikcə passivləşir və susur. Onun susqunluğu haqqında bədii əsər yazmaq olar. Digəri onu danışdırmağa çalışdıqca bu susan daha da qıcıqlanır və daha çox susmağa başlayır. Yaxşı ki, qonşuda it-pişik cütləri var heç olmasa onların səsi evin divarlarına exoloji dəyər qatır. Solist olan tərəf öz seçimini çox sorğulayır. Qınaq dolu baxışlar çox olur. Susan tərəf isə vaxtını gözləyən vulkan kimidir.
Bu iki nəfərin həyatını hərkəs izləyir və hamıya elə gəlir ki, artıq bu iki nəfərlə bağlı bircə seks videosunu görməyiblər. Onu da çəksələr rahatlıq tapardılar. Çiçəklər, maşınlar, otellər, səyahət və daha nələr. Bu qədər çıl-çıraq nə üçün göz qamaşdırır. Biz hansı qaranlıq məqamı görməməliyik. Şizofrenik halların bəzədilmiş halıyla yaşayırlar. Onlara elə gəlir ki, bu bər-bəzəyin gətirdiyi ani dopamin ömürlük qalacaq. Amma 10-ca saniyə çəkir. Bir video və ya şəkil bitməmiş növbətisini düşünməyə və ya planlaşdırmağa başlayırlar. Bu cür cütlük münasibətdən başqa hər şeyi yaşayır.
Bu iki nəfərin işlərinə hamı qarışır. Hamı daha yaxşı olanı bildiyi üçün onlara istiqamət verir. Hər məsləhətə HƏ demək məcburiyyəti varmış kimi yaşayırlar. Bu iki nəfər elə hey ona və buna əsasən davranır. Sanki musiqi aləti kimi onun bunun əlində fərqli melodiyalar səsləndirirlər. Yumşaq xasiyyət bu münasibətin axırına çıxır çünki sükanı saxlayanların da öz həyat və istəkləri var və adətən bu maraqlar kəsişmir. Hamını xoşbəxt etməyə çalışan iki nəfər elə daim hamıdan tənqid yeyir.
Bu adamlar çox yaxşı məxfi agent olardı. Evin içində baş verənləri heç kim bilmir. Kimin nəyinə lazımdır? Pul və rifah var. Sakit və barış içində yaşayırlar. Şəkillər paylaşılmır. Göz dəyməsin deyə heçnəyi afişaya çevirmirlər. Bir ömür belə də yaşanır.
Vaxtıyla bir-birini sevib, istəyib amma sonda aralı qalmış iki nəfərdir. Bu adamlar hələ də həmin ümidlə yaşayır amma artıq gecdir. Vəziyyət və şərtlər dəyişib. Onlar bir yerdə olan kimi alovlanma gedir və sağollaşmadan əvvəl külə dönürlər. Ona görə də adətən başqalarına qarşı acıdil ola bilərlər. Sonda bu adamlar başqa nəfərlərlə ailə həyatı qurur amma otaqda 2 nəfər əvəzinə 3 nəfər olur. Yeni gəlmiş nəfər qiyaslanır və qiyaslandığını özü də izah edə bilməyəcəyi şəkildə hiss edir.
Nəfərlərdən biri içir, çəkir və ya qumardadır. Bu iki nəfərin həyatı divara sürətlə dəyəcək maşının həyatına bənzəyir. Sürət və güc divarla toqquşan zaman vaxtıyla gözəl və səliqəli olmuş maşından əsər əlamət qalmır. Dadanmış tərəf artıq yoldaşını resurs kimi görür. Batan insan üçün yaxını sadəcə xilasedici jiletdir. Xilasedici jilet kimi yaşayan insan üçün isə bir arzu var. Bu adam batsın və bu iş bitsin. Bu cütlüklərin həyatı ağırdır. Bəziləri elə gözəl illər yaşayıb ki, indiki anlar onlara surreal gəlir.
Bu cütlük münasibəti iki nəfərin qarşılıqlı işi kimi görür. Bir-birini düşünüb, bir-biri üçün yaşayırlar. Onların biri saç üçün daraq alırsa, digəri də saat üçün sep alır. Onlardan çox az qalıb amma arada şəhərdə və ya uzaqlarda yan-yana oturmuş 70-80 yaşlı cütləri görürsən və onların bir-birinə tutunmaq şəklinə baxırsan, yadına O.Henri və onun hekayəsi düşür.
Burada tərəflərdən biri digərinə sponsorluq edir. Bu ikinci tərəf adam olmağa və el arasına çıxmağa başlayır amma sponsorluq havayı proses deyil. Tələblər var onları yerinə yetirmək lazımdır. Belə olan halda el arasına çıxanı keçmişi daim izləyir. Ona həmişə və hər yerdə kim olduğunu səsli və ya səssiz şəkildə xatırladırlar.
Bu iki nəfər münasibət qurmağa tələsmir və axtarmaq işindən də bezib. Onlar yaşlandıqca həyatın çox fərqli olduğunu anlayırlar. Hərkəsə etibar etmək mümkün deyil və fərdi azadlıq çox şirindir. Daha öncə yaşanmış təcrübələr acı olub. Amma ikisinin də xəbəri yoxdur ki, onlar da Elizabet Gilbert və Xavyer kimi bir-birinə qovuşacaqlar.
Qotman institutu müəyyən etmişdir ki, 90% hallarda münasibətdə olan problemləri məhz qadınlar dilə gətirir. Eyni zamanda bu problemlərin 60-65%-i münasibət boyunca dəyişməyəcəkdir. (Həllini tapmayacaqdır.)
Yaponlar deyirdi ki, pul evi tərk edirsə, sevgi də biraz oturub daha sonra pulun arxasınca gedir. Müasir dövr deyir ki, romantika daha bəs etmir. Söhbət kiçik jestlərdən gedir. Böyük və instaqramlıq jestlər lazımdır.
Reallıq odur ki, hər bir insan özünü dəyərli və faydalı hesab etmək istəyir. Hamı hörmət, qayğı və sevgi aclığı ilə yaşayır.
Kamilla xanımın dediyi kimi əvvəllər hörmət və sevgi üçün məsafələr qət etmək, dünyaları ram etmək lazım idisə, indi bunu etmək üçün mətbəxə və ya qonaq otağına keçmək kifayətdir.
Bir çay, bir görüş, bir söhbət, birgə yaşanmış təcrübələr bir çoxumuzu ruhən məmnun edəcək qədər güclüdür.