Kofe Satan Adamın Hekayəsi

Siz kofe satışı ilə məşğulsunuz? Almaq istərdim.


17 baxış
03.10.2026
5 dəq oxuma

Hər şey bu iki cümlə ilə başladı. Anladım ki, bu yolun sonuna gəlmişəm. Kofe al yolunun sonu deyək. 2 il aktiv iş, 117 yazı, 54.000 baxışdan sonra xaricdə işləyən modelin burada işləməyəcəyini anladım. Bunu oturub heç nə etməyərək deyil, konkret iş görərək anlamış oldum. 2 il ərzində 173 dəstəkçim formalaşsa belə və bu dəstəkçilər cəmdə 4290 AZN ödəmiş olsalar belə istədiyim yerə gedib çata bilmədim. 

Düşünürdüm ki, xaricdə işləyən buy me a coffee, patreon, gofundme kimi layihələri burada mənimsəyə biləcək bir kütlə yaranacaq. Kitablarımla bağlı etdiklərimdən sonra məndə bir əminlik yaranmışdı. Kitablarım üçün Fərhad kimi Bisitun yara bilmişdim. Amma bu kofe al baryerini yarıb keçə bilmədim. 

Bu baryer nə idi? 

İnsanlar platformanı daha çox real kofe almaq yeri kimi görür və ya indi gələn mesajda olduğu kimi mənim kofe satdığımı düşünürdü. Anlayanları isə yazılarımı oxusa da kofe almaq hissəsində qeybə çəkilirdi. 

İqtisadi vəziyyət, sosial prioritetlər və s. Buna min cür ad vermək olar. Amma mən buna bir ad vermək istəyirəm: 

“Bu dəfə alınmadı.” 

KWAI çayında tikilməli olan körpü haqqında filmə baxandan sonra bir oyanma yaşadım. İllərlə bu işi etmişəm, onun üçün də bir neçə il də edim demək artıq mənasız gəldi. Bunu əsla təslim olmaq kimi görməyin. Bu bir eksperiment idi və alınmadı. 2 il və 117 yazılıq yol məni bərkitdi. 173 dəstəkçi ilə 3-4 kitabımın dadını da çıxarmış olduq. 

Aralarında inanılmaz kofelər həcmini almış 5 nəfəri də ayrıca qeyd etmək istəyirəm. 

  1. Kəmalə Rzayeva – 306 nın Məkkədə olan şəklinin yiyəsi, Sözün İzində kitabının Mərakəşdə olan fotosunun yiyəsi, KVAN kitabının Bazardüzündə olan fotosunun yiyəsi. 
  2. MirNiyaz bəy – İzmirdə bir nümayəndələyim açılsa onun müşaviri olardı. Nadir kolleksionerlərimdən biridir. Hər zaman izləyir, oxuyur və davam et deyir. Deyir ki, sən yazanda bizə də yazmaq həvəsi gətirirsən.
  3. İlqar Cəfərov – Hal-hazırda Fransada Sözün İzində şəkilləri üçün əlləşir. Mətnlərimi incələyən geoloqdur özü. Kitabları və mətnləri çox sevir. Dayanmadan gəzib görməyi də. Bir də yumurta-pomidor bişirib ətrafına yığmağı bacarır. 
  4. Ksenia Özkök – Ksenia xanım mənim üçün kosmos qapılarını açmış biridir. Qoçiyə məktubların əsli olan yazıların bloknotu ondadır. O da daim ingilis dilində yazdıqlarımı izləyir və oxuyur. 
  5. Ayten xanım – kofe al başlayan zaman mənə çoxlu kofe alaraq qəribə bir ümid bağışlamışdı. Düşünürdüm ki, işlərim əla gedəcək. Aviasiya Akademiyasında dərs deyirdi. Yəqin indi də oradadır. 

Digər kofe alanlara da təşəkkürümü bildirirəm. Sizlər bu saytı, bu platformanın niyyətini anlayan azsayda insanlardan oldunuz. Arada platformanın qurucusu Orxanla (yaxın dostlarımdan biridir) danışanda deyirdim bəlkə Nizami nümunəsini gətirək. Nizami bir poema yazırdı və hökmdarlar həvəsə gəlib ona bir kənd bağışlayırdı. 

Sizi eşidirəm, deyirsiz ki, ay qardaş Nizami hara, sən hara?! Ona görə də bu platforma kənd al deyildi. Kofe al idi. 

Düşünürdüm ki, kitablarımı oxuyan, yazılarımdan zövq alan 5-10 belə hökmdar ilə dünya ədəbiyyatında səs salmaq olar. 

Dünən qəribə bir şey oldu. Bir xanım müəllimənin istefa ərizəsi tirajlandı. Gördüm ki, onu tanıyıram. Özü ilə danışdım və təmkinli olmasını dedim. Bu tirajlanmalar və söz-söhbət bitəndən sonra həyat öz axarı ilə davam edəcək. Media sağmaq üçün növbəti inəyi tapacaq. Xanım 20 illik müəllimlik yoluna dur demişdi. Qarşıda fərqli bir 20 il yaşamaq istəyirdi. 

Onun addımı məni də düşündürdü. Biz bir yolu sadəcə getməklə kifayətlənməməliyik. Məsələn bir yazıçı kimi kitab imzalamaqdan zəhləm gedir. Əslində bu 10 il ərzində nəyi etmək istəməzdin desələr imzalamaq istəməzdim deyərdim. Amma belə qəbul olunub deyə bu imzaları atırdım. Mən. Kitablarını səliqə ilə oxuyan, heç bir səhifəsini yazmayan mən onlara iri imzalar atırdım. Düşündüm ki, bu oktyabr sərgisi ilə bu məsələyə son qoyacam. Ümumiyyətlə heç bir kitabıma imza atmayacam. Həmin xanıma təşəkkürümü bildirirəm. İçimdə olanı dilə gətirməyə stimul yaratdı. 

Hə, bu yazını kofe satmaqla başlamışdım. Platforma nə deyirdi? Coşqun kimi adamlar yazır, yaradır. İstəsəniz onlara kofe ala bilərsiniz. 

“Yoluna davam et və ya çox sağol ki, X yazını yazmısan üçün kofe alacaqdınız.” Ümumiyyətlə yaxşı ki, varsan demək üçün də bunu edə bilərdiniz. Amma olmadı. Olsun. Xeyirlisi. 

Siz kofe satırsız? Almaq istərdim. 

Maraqlıdır. Belə çıxır ki, insan düşünür ki, Coşqun kofe satırsa onu almaq olar və ya lazımdır. Etibar. Bəlkə də bu 2il, 117 yazı və minlərlə baxış əslində bu nəticəni öyrənim deyə var idi. 

Bu mənim sayca 118-ci yazımdır. Bunu burada keçirdiyim bütün günlərə, yazılara, hisslərə və düşüncələrə eşq məktubu kimi yazıram. 

Bu dəfə ağlımda olan fikir budur ki, gedib həmin müəlliməyə həqiqi kofe alım. Oturub içək və söhbət edək. Ona Sözün İzində kitabımı verim. İmzalanmamış şəkildə. Ona məni oyandırdığı üçün təşəkkürümü belə bildirmiş olum.