3 Qadın və 3 Gedişin Xatirəsi

Tanrı hər birimizlə fərqli şəkildə rabitə qurur. Rabitə qurulan zaman hamımız, bunun fərqinə eyni şəkildə vara bilirik.


30 baxış
23.07.2026
7 dəq oxuma

Sizə 3 rabitə təcrübəsindən bəhs etmək istəyirəm. 

Hər 3 xatirəmin ortaq iki cəhəti var. Həmin xatirədə bir jeton və bir qadın var. 

Birinci xatirəm lisey dövrünə aiddir. Evdən göndərəndə, atam cibimə 2000 manat qoyurdu. 250 manat gediş, 250 manat gəliş, 500 manat içməyə bir şey, 1000 manat isə yarım tost. 

Təqribən belə bir büdcə ilə lisey dövrümü yola vermişəm. (Təbii ki, anamın bişirdiyi dadlı yeməklər olmayanda. Anamın yeməklərini tənəffüsə qədər saxlaya bilmirdim. Mənim üçün aldığı 3 qablı yemək qutusundan qızardılmış toyuqları bir-bir ötürüb əridirdim. Növbə fri kimi qızardılmış kartoflara çatırdı. Necə dadlı olurdu ilahi? Dərs deyən müəllim otaqda iyi hiss edirdimi yoxsa yox bilmirəm.

Lisey illərimin ən gözəl cəhətlərindən biri həyatını uşaqlarına həsr edən qadının sevgisi ilə bombardman etdiyi yeməkləri yeməkdir. Görün hara getdim? Biriniz də demirsiz ki, qadası qayıt ilk xatirənə. 

Atamın verdiyi pulun 500 manatı yol pulum idi. Metro jetonlarının olduğu vaxtda cibimdə 2 jeton gəzdirirdim. 

Eyni dövrdə lisey uşaqlarının bir qismi turniketlərin üstünə şığıyıb pulsuz keçməyə cəhd edirdi. Rüfət adında bir uşaq var idi. Hər dəfə metro girişindən götürülüb turniketə tərəf qaçır və yarı-yuxulu metropoliten işçisinin oyanaraq qışqırmasına səbəb olurdu. Rüfət elə bilirdi ki, bu etdikləri məharətdir və sistemə öz dünyasında kələk gəlir. Amma illər sonra onu xaricdə təhsilə göndərmək istəyən anasına iri məbləğdə pul atmışdılar. Karmik balans deyək. 

Nə isə bu qaçan gədələrdən birinə görə bir dəfə mən də işə düşmüş oldum. 

Əlimdə olan jetonu atmağa çalışan zaman bir tələbə necə qaçdısa duruxdum. Elə jetonu atmışdım ki, məni itələyib yerimə birinin keçdiyi gördüm. Hündür bir metro işçisi idi. Nizami metrosunun eskalatoru boyda idi. 

Bu Qulliver çıxıb getdi. Mən isə jetonsuz şəkildə ordaca qaldım. Telefon yox, internet yox. Butkada oturan iri xalaya zillənirəm. (Yəqin ki, gördün zillənişi edirəm.) Xala da “öl, canın çıxsın baxışı” atır. 

Onunla dilləşməyə başlayıram. Yaşım az olsa da içimdə olan “survival” gücü ilə ona etiraz edirəm. O isə oradan qanunsuz qaçıb keçən bütün uşaqların günahını mənə yükləyir. 

Daxilim qaynayır. Xalaya deyə bilmirəm ki, cibimdə bir qəpik də yoxdur. 

Tost yemişəm, kola içmişəm üstündən də bir jetonluq planımı suya düşürmüşəm. 

Elə anlar var ki, insanlarla danışmağı dayandırıb gözlərini ONA zilləyirsən. Dua edirsən. Deyirsən ki, mən uşağa kömək et. 

“Oğlum götür bu jetonu keç” səsini eşidirəm. Bir qadın turniketin o tərəfində dayanıb mənə əlini uzadır. Qadın elə bil yunan ilahəsidir. Yəni, baxışlarında həmin qadınların tarixi duruşu var. Üzümə baxıb, təbəssümü ilə axmayan göz yaşlarımı silir bu qadın. 

“Onlara fikir vermə, evinə get” deyir məlahətli səsi ilə. 

O butkada oturan əsəbi xalaya baxıb “gör necə yaxşı insanlar var” deyirəm zillənişimlə. O da “yaxşı insanlar azdır, bəxtin gətirdi” baxışını atır. 

İkinci xatirəmi əsgərlikdən sonra yaşamışam. Cibimdə gediş kartı var. Dövr dəyişib. Jeton olub elektron gediş haqqı. 1 gedişlik haqqım var. Metroya kimi əsəbi şəkildə gəlmişəm. Evdə kişi ilə söz-söhbət virajını dönüb burada dayanmışam. İş tapmaq lazımdır. Mən isə xəyallarımın arxasınca getmək istəyirəm. Xəyallarım isə çox uzaqda və hündürdə dayanıb gözləyir. Atam və anamın vəziyyəti, öz vəziyyətimi düşünüb kartı turniketə yaxınlaşdırdım. Yaşıl yandı amma turniket bloklandı. Yenə həmin lisey uşağına çevrildim. 

Butkada oturan qocaman xalaya baxıb heç dilləşmək istəmədən vəziyyəti izah etməyə başladım. Qadın da mənə “bu turniketləri elə siz xarab edirsiz” dedi. 

İçimdə bir boşluq yarandı. Üzümü ONA döndərib sakitçə pıçıldadım:

“Nə edim? Evə qayıdım? Xəyallara yox deyim? Bunumu istəyirsən?”

Gördüm ki, bir əl uzanıb. Başı örtülü bir qadın mehriban şəkildə “keçin” deyir. Hiss etdim ki, mənim vəziyyətimi hiss edib. Elə bildim ki, onun qarşısında çılpaq şəkildə dayanmışam amma o mənə, kənara baxaraq, örtünməyə parça uzadır. 

Həmin gün o kartı vurub çıxıb gedəndən sonra içimdə bir şeylər dəyişdi. 

Yaxşı mənada. Mənim üçün Azercell erası başlandı. Orada işləyə-işləyə qapıların açıldığını və uzun bir yolun yarandığını gördüm. “KVAN hissini yaşamaq nədir?” sualının cavablarını eşitməyə başladım. 

Cibinizdə son gediş qalıbsa bu son gediş deyil. Hər zaman bir gediş daha olur. (ONA aid olan.) 

3-cü xatirəm isə evlilik vaxtına düşdü. Yoldaşımla aramızda gərgin bir an yaşandı. Bəlkə də toplanmış kiçik anların qar topuna çevrilmiş gərginliyi idi bu. Evin divarları içində qala bilmədim. Mən çöldə, yoldaşım da içəridə pis olmağa davam etdi.

İşə getməli idim. Onunla görüşmədən, onu öpmədən qapını bağlayıb çıxıb getdim. Bir-birimizi tanıyandan bəri çox nadi hallarda bu ritualı etməmişəm. Nə gizlədim bəlkə də günümün ən gözəl anlarından biridir bu.

Yolboyu özümü yeyirdim. Mənə elə gəlirdi ki, ayrılıq zamanı gəlib. Bəzən doğma insanla aranda bir yadlıq dövrü başlayır. Musson yağışları kimi uzun müddət çəkir. Və bir gün sanki bu yağışlar heç vaxt yağmayıb kimi bir günəş çıxır. Amma palçıqlar hələ də qurumayıb deyə izləri səninlə qalır. 

Bu dəfə də turniketə yaxınlaşdım. Cibimdə kartlar var idi. Pul var idi. Aylarla gedib-gələ bilərdim. Bir sözlə cibim dolu, ürəyim boş idi.

Yanımda bir qadın peyda oldu. Heçnə demirdi. Üz ifadəsinə baxanda özümü gördüm. (Liseydə və universitetdə olan özümün vəziyyətini.) 

Qadının əlacsız olduğunu düşünüb yaxınlaşdım. Onun yerinə kartı vurub “keçin” dedim. Ona baxmadan oradan sürətlə uzaqlaşdım. Arxamca baxıb dua etdiyini eşidirdim. Nə dua etdisə, nə pıçıldadısa o gün bir rahatlıq tapdım. Daxilimə jetonlar tökülməyə başladı. Doluxsundum. Dolmuş qatarın içində özümü ifşa etmədim.

Evə qayıdan kimi yoldaşımı qucaqladım. Alnından öpdüm. Barışdıq. Baxışdıq. İllərlə bir-birini yaralayan və yarasını saran samuraylara çevrilmişdik. 

Bu xatirələri özümlə barışdığım üçün paylaşıram. Həmin 3 qadın və 3 gediş mənimlə qurulan saysız rabitə anlarından bir neçəsidir. 

Bu 3 qadına görə bəlkə də onlarla insanı həmin turniketlərdən keçirmişəm. Bu mənim onlara təşəkkür borcum olub. Özlərini bir daha görməsəm də hər sərnişin mənim üçün həmin qadınların xatirəsi olub. 

İndi deyəcəksiniz ki, ay qardaş bizi də özünlə bura kimi gətirdin. İndi bizdən nə istəyirsən? Məsələ mənim nə istədiyim deyil. Məsələ sizin istəklərdə və ehtiyaclardadır. 

Siz siz olun amma gün ərzində heç olmasa bir dəfə ONUN-la danışın. Öz dilinizdə, öz ürəyinizdə və öz üslubunuzla bunu edin. 

Daxiliniz ehtiyac duyduğunuz jetonlarla dolacaq.