Dünyanın bir çox yerinə getsən orada skamyalar görərsən.
Ya boş, ya bir nəfər oturan, ya da cütlərə ev sahibliyi edən. Boş skamyalarda vəziyyət aydındır. Köhnə günlərin tozu var onların üstündə. Ya da yenicə yuxudan oyanıb, çıxıb gedən bir sərxoş insanın qoxusu. Bu skamyalara baxan kimi həsrət hiss edirsən. Daha əvvəl görmədiyin bir insan üçün darıxırsan. Sənə elə gəlir ki, ikinizin ən sevimli yeri məhz o skamya olub. Oturub danışmısız. Orada edilib ilk öpüş. Orada ayrılıb yollarınız. Boş skamyalar nə üçün boş qalır? Oradan keçən "tək qalmışlar" tək başına oturmağa cürət etmir deyə.
Tək oturanlar da olur hərdən.
Skamyaya kimsə tək başına oturubsa həmin adam üçün həyatda yaşanmamış bir şey yoxdur deyərdim. Sanki, artıq heçnə vecinə deyil bu adamın. Elə oturub dünyanı və keçənləri seyr edir. Ağlının ucundan keçənlər, yoldan keçənlərə qarışır. Tək oturan adam itirdiyi adamları, günləri, keçmişi və fürsətləri çoxdan yad edib. Hamısı ilə halallaşıb və öz yolunu, öz gününü gözləyir. Skamyaya tək başına oturan Eskabor kimi olur bu insanlar. Köhnə günlərin möhtəşəmliyi onlara gülünc və kədərli gəlir. Boş verib otururlar bu skamyaya. Baxırlar uzaqlara. Gözləri ilə bir işarə axtarırlar.
Bir də iki nəfərlərlə dolu skamyalar olur. İlklər yaşanır bu skamyalarda. Cəsarət. Həyəcan. Etiraf. İstək. Sevgi. Skamya rəng alıb, rəng verir. Skamyada cütlər oturan zaman yoldan keçənlər ona baxmamağa üstünlük verir. (Arada eyhamla baxan yaşlı xala və dayılar istisna) Baxmasaq belə bilir ki, orada hər şey gün işığı kimi aydındır.
Bəzi skamyaları ironiya dolu həyat gözləyir. Onları elə yerlərə quraşdırırlar ki, onlara ehtimalı belə olmasın. Yeyinti ola bilər. Səhv seçimlər ola bilər. Amma insan axınının yanında quraşdırılmış skamyalar da var. Balıq toru kimi işləyirlər. Nə vaxt baxsan dolu olurlar.
Cüt oturun, tək oturun və ya heç oturmayın...
Onları eyni ehtiramla yad edın.
Bəzi insanlar skamyalara izlər qoyur. Rembo kimi şramları olur bu cansız limanların. Hərflər yarılır səthində. Sözlər yazılır kənarlarında.
Romalıların dövründən Fransızların dövrünə kimi yol gediblər bizimlə bu "ünsiyyət məntəqələri".
Bəzi skamyalar biz gedəndən sonra da orada bir yerdə duracaq. Üzbəüzdə olan ağaclarla birbirinə baxıb qalacaqlar qaldıqları yerdə.