Bacarıq yoxsa əlaqələr? - Filankəsov

Tək bacarıq kifayət etmir. Bacarıqlı adam təkdirsə uduzur.


21 baxış
14.07.2026
2 dəq oxuma

Hərbi hissədə ilk ayımdır. Tibbi məntəqəyə yığıblar. Axşamlar sakit keçir. Yeni əsgər olmağın xoşagəlməz fazalarını yaşayırıq. (Qeyri-müəyyənlik, köhnələrin atmacaları və s.) Birdən içəriyə bir əsgər girib "Burada filan xarici dilləri kim bilir?" sualını üstümüzə atır. Hamı bir-birinə baxır. Yadıma Arif düşür. (Arif dostumun dostudur. Getmədən əvvəl demişdi ki, fürsətin iyini hiss etdin üstünə hücum çək.) Elə də etdim. Məşhur filmdə olduğu kimi "mən" dedim. 
"Mən" deyən məni hərbi hissə komandirinin otağına apardılar. Qərargah rəisi ilə birgə bir ekrana baxırdılar. Məni də otuzdurdular. Mən də baxdım. Başla dedilər. Başladım əsasnamə cümlələrini tərcümə etməyə. Qərargah rəisi durub kiməsə zəng etdi. "Birini tapa bildik" dedi. İçimdə intuitiv sevinc yaşandı. "Bizim üçün bu 200 səhifəni 10 günə" sözlərini eşidən zaman məkanı və düşdüyüm vəziyyəti unudaraq texniki üsyan etdim. "Mümkün deyil" dedim. Deadline xəttinin bir qədər də uzanması baş verdi. Beləliklə mənə bir iş tapıldı. Oturacağım otaqda ştat ilə 1 nəfər oturmalı idi. Orada 4 nəfər otururdu. Səbəbə "grande le conneksiyon" deyək. 
Həmin əsgərlərdən biri sevincək halımı görüb məni dayandırdı: 
"Kazarmada səndən soruşsalar onlara tərcümə edə bildiyini demə. Başqa bir şayəni yayarıq dedi. Başqa şayə belə oldu:
Kərimovu bu otağa prezident aparatından tapşırıblar. Bu söhbət otaqdan məndən əvvəl çıxdı. Necə çıxıb yayıldısa mən özüm məəttəl qaldım. Zabitlər, gizirlər, köhnə əsgərlər mənə baxanda sadəcə məni görmürdü. Mən artıq aparatdan tapşırılmış biri idim. Münasibət dəyişdi. Buna çox da fikir vermədim. Həyatımın çox çətin keçə biləcək pəncərəsini bacarığım ilə örtdüm. 
Bu tapşırılma söhbəti məni təlimçilik həyatımda da tərk etmədi. Diş-dırnaq çıxdığım yerlərə, bir zəng ilə, bir mesaj ilə çıxa bilirdim. Havada müəllimlərin adı uçuşan zaman "eu de parfume la saksezz" ətri ilə bihuş olurdu plaza əhli. Beləliklə növbəti həqiqəti öyrənmiş oldum:
Tək bacarıq kifayət etmir. Bacarıqlı adam təkdirsə uduzur. Onun yanında ad peyda olursa, bu ad ilə adam olur sonunda. Day-day söhbətlərinin 500 illik xatirəsi var məsələn Da Vinçi və Sforza keysi. 
Necə demişdilər? Tanqo alınsın deyə 2 nəfər olmalıdır. 
(Filankəsov kitabı üçün köhnə qeydlərdən)