Bəzən, durduq yerə axmaq qərarlar verirəm. Bu qərarlardan biri Kitabevim adlı məkandan çıxıb böyür tərəfdə duran 49 nömrəli marşruta minmək idi. Bir məsələni sınamaq istəyirdim. 49-a minsəm Neftçilərə neçə dəqiqəyə çataram nəzəriyyəsini yoxlamaq istədim.
Bir qədər əvvələ qayıdım. Kitabevim məni məyus etməyən nadir məkanlardan biridir. İllərdir Dəmiryolunun yanında olan yerin 2-ci mərtəbəsinə çıxıb özüm üçün ingilis dilində kitablar axtarıb tapıram. Ora sakit gəlib, oradan sakit çıxıram.
Arada türk dilində kitablar da alıram. Heyətinin bütün söhbətlərini əzbərə bilirəm. Onlar mehriban şəkildə atışarkən kassaya yaxınlaşıb sakitcə kitabları təhvil verirəm. Paketlənib mənə qayıdan kitablarla aşağıya düşüb, üzü 28 maya gedirəm.
Bu dəfə qızıma görə orda idim. Karmik borcumu yerinə yetirib onun üçün Beyza Alkoçun yeni kitabını alırdım. Kitabı oxumasam da qablaşdırmasına əhsən dedim. Qadın da maşallah deyib 20-ci romanını yazırdı.
Düzdür xəbəri yox idi ki, onun kitablarının bir çoxunun piratlarını (yeraltılarda və kustar satış məntəqələrində) daha çox satırlar. Buna baxmayaraq qızım üçün original olan versiyanı götürdüm.
Dözə bilməyib özümə də Orhan Pamukdan Kəlmələr və Rəsmlər kitabını aldım. Arada dincəlmək istəyən zaman memuarlar oxuyuram. Həmin dövrün insanlarından birinə çevrilib, zamanla birgə həmin küçələri, hadisələri ziyarət edirəm. Pamuk keçmiş haqqında şıltaq uşaq kimi yazır. Bu şıltaqlığı mətni daha da təsirli edir.
İki kitablıq paketimlə aşağıya enib bir qədər dayandım. Evrika momentimi yaşayıb 49! dedim.
Avtobusun içi sərin idi. Düşündüm ki, məni qarşıda uzağı 30-45 dəqiqəlik bir yol gözləyir. Taymeri qoşdum. Ayaqüstə idim.
İlk 3-4 dayanacaqda hər şey yağ kimi gedirdi. Avropanın şəhərlərindən biri ilə gedirdim elə bil. Sonra Crescent Mall – Xətai və bilmədiyim digər məntəqələrdən ibarət kosmik gözləmə pəncərələri açıldı.
Yavaş-yavaş gedib, dayanıb, biraz da yavaş gedib daha çox dayanırdıq. Avtobus dolurdu. Hər dayanacaqda soyuducu sisteminin mənasız olduğunu anlayırdıq. Yanımda iki qadın dayandı. Bizi əhatə edən tonqal çənbərinin küncündə idik. Artıq peşman idim. Amma düşmək üçün gec idi.
Özümə bir məşğuliyyət tapmalı idim. Bu iki qadın mənə aman vermədən söhbətlərinə başladı. Çoxdandır bir-birini görmürdülər. Dərhal uşaqlarını müzakirə etməyə başladılar. Hərəsinin 2 uşağı var idi. Növbə ilə hər uşağın profilini formalaşdı. Uşaqları müzakirə edərkən sıra ilə getdilər. Əvvəl yaxşı oxuyanlar və yaxşı iş tapanlar müzakirə edildi. Sonra da “bunları da necəsə yerbəyer edək-lər” haqqında danışdılar.
Qadınlar üçün avtobus nəqliyyat vasitəsi deyildi. Onlar Seda Sayan ilə birlikdə divanda oturub danışarcasına danışırdı. Biz digər sərnişinlər isə studiyada olan kütlə idik. Maraqla dinləyirdik.
Uşaqlardan biri evlənməmişdi. Bir qadın digərinə təzyiqlər edirdi ki, oğlanın da başını bir qızla qatsınlar. Digər qadın da tələsmirdi. Bilirdi ki, oğlanı versə onun yaranmış yeni ailəsinə də özü baxmalı olacaq. Böyümək bilməyən oğlan uşağı zülmlərin zülmüdür.
Mən də başımı yelləyib “xala düz edirsən” deyəcəkdim. Özümü saxladım. Hələ o qədər tanış deyildik. Yəqin Babək yoluna çatanda bunu deməyə cəsarət tapacaqdım.
Yol getdikcə uzanırdı. İsti, bitmək bilməyən dayanacaqlar və 1 saat 20 dəqiqə sonra anladım ki, həyatımda bir daha (məcbur olmadıqca) 49 və ya digər marşruta minib 28 maydan Neftçilərə getməyəcəm. (Ya da tərsini etməyəcəm.)
Xalaların şirin söhbəti ilə ayaqlarımın şişi bir-birinə qarışdı. Ayaqlarım qocaldığımı xatırladırdı. Nə tez şair deyəcəkdim ki, Xalqlara çatdıq. Oğlan məsələsi yarımçıq qaldı. Onun üçün yeni iş yeri axtarırdılar. Bir iki firmanı müzakirə edib yekunlaşdıra bilmədilər. Lap 6 ay pulsuz işləsin dedi əlacsız ana. Xalalardan biri düşməli oldu. Qolundan tutub “ay xanım məsələnin belə yerində hara düşüb gedirsiz?” deyə etiraz etdim. Digər sərnişinlər də başları ilə təsdiqlədi. Belə olmadı. Amma olsa idi hind filmini çəkmiş kimi olardıq.
Neftçilərin üfüqdə görünən qaraltısını gördüm. İlahi, deyəsən çatıram. 49 artıq həmin o 49 deyildi. İçində qan-tər və yorğunluq kokteyli servis edilən İrland barına oxşayırdı. Ayaqlarımı hiss etmirdim. Saatlarla məhəllə futbolu oynayan, təlim zallarında duran, NBM görmüş ayaqlarım sözümə qulaq asmırdı. Marafonu qaçmadan qaçmış kimi oldum.
Qapılar açıldı. Düşdüm. 49 çıxıb getdi. Ruhumu da özüylə apardı. Sərin küləklər məni binama tərəf ötürdü. Bol havanın, sərinliyin nirvanasını yaşayırdım. Pəncərədən baxan digər marafonçulara əl etdim. Kim bilir onlar Marsın hansı təpəsində eniş edəcəkdi.
Növbəti gün məni aparıb-gətirən taksi sürücüsünə nəql edib əhd etdim. Dedim bir də qələt edib bu eksperimenti etmərəm. O da fikirli idi. Əslində məni danlamalı idi ki, bəs biz olan yerdə 49 nədir. Danlamadı.
Oğlunu düşünürdü.
İyulda oğlu xidmətdən qayıtmalı idi. Əvvəlində. İndi də gələcəyi günü uzadırdılar. O, məni aparıb-gətirməyə başladığı gündən 2 il, oğlunun xidmətindən isə 1 il keçmişdi. Ürək-dirək verdim. “Mən də 15 gün gec gəlmisən” dedim. “Bura qədər sıxmısız heçnə qalmayıb” dedim.
Marafondur hərşey bu həyatda.
49-un içində marafon getdim. Sevdiklərinin yolunu gözləyənlər üçün marafonlar var. Uşaqlarını yerbəyer etməyə çalışanlar da əcayıb bir marafon qaçır. Uzun incə bir yoldayıq, aşıq demiş. Metro rəsmilərindən biri də demişdi ki, aşıqlar Qaraçuxur və Razin zonasında yaşayırsa sazlarını şəhər mərkəzində dınqıldatmasın.
Aşk-ı Metro poeması yazılan zaman Qara-Qarayevdən sonranın bəstəsini etməyiblər deyəsən.
Deyirəm sizdə də həvəs var. Camaat dağa haykinq edir, velosipedlə ölkəni tur edir. Siz də bu yazının axırına kimi getməklə vaxt keçirirsiz. Məni başa düşdük. Məni əllərim dinc durmur. 2 xalanı da başa düşdüm. Uşaqlarının gələcəyi elə bir mövzudur ki, məkan və zaman tanımır. Oğlunu gözləyən sürücünü də başa düşdüm. Bircə siz bu yazıları oxuyanları anlamıram.
Bəlkə də bir gün, birgə, başqa bir marafon sıxarıq sizinlə.
Amin.