Əvvəla onu qeyd edim ki, "IMAX" kinoteatrlarında filmə baxmaq tamamilə fərqli bir təcrübədir. Normal zallardakı ekranla müqayisədə aydınlıq, parlaqlıq və ölçü baxımından böyük fərqlər var. Amma mahiyyətcə "IMAX" iki yerə bölünür; analoq (gerçək) "IMAX" və rəqəmsal "IMAX". Dünyada cəmi 30 ədəd gerçək "IMAX" kinoteatrı var. Əsl "IMAX" daha yüksək bilet qiyməti müqabilində daha yaxşı xidmət alternativi təklif edir.
Bunu bizə kim ürcah elədi?
“The Dark Knight” (2008) "IMAX" kameraları ilə çəkilmiş ilk Hollivud filmidir. Amma bu filmdə "IMAX" texnologiyasından qismən istifadə edilib. Məsələn, məşhur bank səhnəsi bu kameralara çəkilib. Nolan yeganə rejissordur ki, həm "IMAX" kinokameralarından istifadə edir, həm də filmlərini "IMAX" projektorları ilə kinoteatrlarda nümayiş etdirir. Ələlxüsus "Oppenheimer" filmi əsl "IMAX" adlandıracağımız 70 mm-lik analoq kameralarla çəkilmişdir. Amma məsələ ondadır ki, əsl "IMAX" yeni texnologiya deyil, əksinə, analoq kameralardan və lentlərdən istifadə edildiyi üçün köhnəlməkdə olan bir formatdır.
Hoqqabaz Nolan
Əsl "IMAX" filmləri 12K – 18K görüntü keyfiyyəti vəd edir. 70 millimetrlik neqativ kamera ilə çəkilənlər 35 millimetrlik standart plyonkadan 10 dəfə böyükdür və daha aydın görüntüyə malikdir. Bunun üçün xüsusi projektorlar tələb olunur. Dünyada bu projektorlardan yalnız 48 ədəd var. Bu projektorlar 15 min vattlıq lampaları sayəsində nəhəng ekranı işıqlandırırlar. Ekrandakı filmlərin görüntü nisbəti 1,43:1 olur. Ortaya belə bir sual çıxır: Hansı hallarda filmlər əsl "IMAX" filmi hesab edilmir? Film rəqəmsal olaraq proyeksiya edilirsə, bu, əsl "IMAX" deyil. Əgər tamamilə rəqəmsal kameralarla çəkilibsə, əsl "IMAX" deyil. Ələlxüsus 1,43:1 aspekt nisbətini onun üçün uyğun olmayan ekrana proyeksiya etsəniz, yenə də əsl "IMAX" təcrübəsini əldə etməyəcəksiniz. Bir sözlə, əsl "IMAX" üçün həlledici amil kamera və aspekt nisbətidir.
Kasıbın "IMAX" sevgisi
Maraq üçün qeyd edim ki, "Dune" filmi kinoteatrlarda 1,43:1 nisbətində nümayiş olunmuşdur. Amma o film "IMAX" kameraları ilə çəkilməyib. Film rəqəmsal olaraq çəkilib və proyeksiya olunub. "IMAX" texnologiyasının daha "kasıb" versiyası “IMAX with Laser” adlanır. Bəzi kinoteatrlar 2K təsviri təmin edən 2 ədəd rəqəmsal projektordan istifadə edir. Xülasə, "IMAX" kinoteatrlarında ekran daha yaxın, daha böyük, görüntü daha parlaq və səs daha keyfiyyətli olur.