Salam.
Mən kiməm? Bu yazını oxuyursansa, demək ki, cüzi də olsa maraqlıdır sənə. Adım Yadellidir. Kimliyimi adımla yox, yaratdıqlarımla, yazdıqlarımla tanımağını istəyirəm.
Çox oxudum. Kitablarla dostlaşdım. Oxuduqlarımı, onların mənə nə qatdığını heç kimlə paylaşmadım çünki kitabların mənə nə verdiyini, insanlara bu barədə nə deməli olduğumu bilmirdim. Sadəcə zövq alırdım. Başqa dünyaların bir parçası olmaqdan. O dünyaların ki, oralarda heç kim məndən danışmağı, necəsə, kimsə olmağımı tələb etmirdi və gözləmirdi. O dünyalar sadəcə olaraq qucaqlarını mənə açıb isinə biləcəyim, gülüb ağlaya biləcəyim gizli bir otaq təklif edirdilər. Mənə isə bundan başqa heç nə lazım deyildi.
Bir gün fərqinə vardım ki, yazmağa ehtiyacım var. Oxumaq bəs etmirdi. Sanki kitablarla bir ailə qurmuşdum və artıq uşaq dünyaya gətirmək vaxtı idi. Bilmirəm dediklərimi anlayırsan ya səfeh söz yığını kimi oxuyursan.. Hə, qələmim o ilk uşağa hamilə qalanda çətin anlardan keçirdim. Bu xırda məxluq dünyaya gəlməsəydi, tamamilə özümü itirə bilərdim. Ona görə də yazmağa başladım. Səmimi olaraq gördüklərimi, yaşadıqlarımı və hiss etdiklərimi, şikayətlərimi və xəyallarımı, ağlımda nə var idisə hamısını dəftərə köçürdüm. Adını da “Beynimdəki Xaos” qoydum.
İndi bu uşaq böyüyüb, formalaşıb və dünyaya atılmaq, öz ayaqları üzərində durmaq vaxtı gəlib çatıb. Bir qədər qorxu, bir qədər həyəcan hissi ilə onu azad edirəm. Ümid edirəm ona yaxşı davranacaqsınız, oxunmaq şansı verəcəksiniz. Axı kitablar həqiqətən canlı olsaydılar, yeganə istəkləri, ehtiyacları sizin gözlərinizlə təmasda olmaq, fikirlərinizə qatışmaq olardı. Odur ki, bu balaca məxluqu sizinlə paylaşmaq istərəm.
Beynimdəki xaosa xoş gəldin.
Ümid edirəm oradakı naxışları tapıb məni anlaya biləcəksən. Hər xaosda bir gözəllik yatır.
Hələlik