Biri var idi, ikisi yox idi. Öz səhrasında tənha yaşayan bir sehrbaz var idi. Bu, üzündə yüzlərlə qırış, saçlarında minlərlə ağ, gözlərində sonsuz mənalar olan çox yaşlı bir qadın idi. Səhranın düz ortasında özünə elə bir ocaq qalamışdı ki, alovu heç vaxt sönməz, istisi heç zaman tükənməzdi. Sonra isə bu ocağın ətrafında palçıqdan divarlar ucaltmış və içi ilə çölü fərqlənməyən bir yuva düzəltmişdi özünə. Bu divarlar istənilən qasırğaya və bütün digər hava şəraitlərinə davamlı idi və sehrbaz heç vaxt divarlardan qırağa addım belə atmamışdı.
Bu qoca qarının neçə yaşı olduğu heç kimə məlum deyildi. O bütün dünyaları, bütün dövrləri görmüş, keçmişdən və gələcəkdən agah bir müdrik idi. Bəlkə də yüz, bəlkə də üç yüz, ya da minlərlə yaşı vardı. Lakin onun biliyinin hüdudunu dünya ili ilə ölçmək ağılsızlıq olardı.
Heç bir tanışı, ailəsi və dostu yox idi. Dünyanın hər yerindən insanlar onun yanına gəlirdilər ki, bu sehrbazdan nəsə eşidib öyrənsin və ya sadəcə olaraq onun gözlərinə baxsınlar. Hərçənd bu uzaq və məşəqqətli yolları heç də hamı qət edib ocağa çata bilmirdi. Çox insan yarı yolda həvəsdən düşür və əziyyətə dəyməz deyib geri qayıdırdı. Daha çox insan isə heç yola çıxmağa belə tənəzzül etmir, qoca sehrbaz barədə danışanlara cahil və uşaq ağılda insan münasibəti göstərirdilər. Yalnız bir ovuc adam bu səhraya qədər gəlmiş, qumdan dağları keçib sehrbazın evini tapmağı bacarmış və onunla görüşmüdü. Onu görüb eşitmişlərin isə təəssüratı bir-birindən yerlə göy qədər fərqli idi. Kimisi az qala ölümü bahasına bu qocanın yanına gəldiyinə peşman olmuş və gözləntilərinə cavab almayıb kor-koranə geri qayıtmış, kimisi sadəcə olaraq heç nə başa düşməmiş və sehrbazın görüşündən çıxdıqdan sonra fikirləri çaşqınlaşmış halda həyatlarına davam etmişdi. Bəzi ziyarətçilər isə hər şeyi anladığını düşünüb əslində heç nədən xəbərləri olmadan ölkələrinə qayıtmışdılar – onlar xoşbəxtliyi tapsalar da əslində axtardıqları həqiqətdən agah ola bilməmişdilər.
İndi gələk sehrbazın gördüyü işə. O, bütün bu qonaqlara nə verirdi, nə danışırdı və ya nə göstərirdi? Qeyd olunduğu kimi, serbazın heç vaxt sönməmək üzrə yanan bir ocağı var idi. Bu ocaq adi alovdan ibarət deyildi. Bu sadə və qəribə səhra evinə girmək fürsəti olanları sehrbaz ocağın parlaq işığına qərq edir və o danışdıqca, alovun nurunda yeni bir həyat canlanırdı. Bu görüntülər çox vaxt qəribə, qeyri-adi, ilk baxışdan heç bir anlam daşımayan videoçarxa bənzəyirdi. Ziyarətçi ocağa bir müddət baxdıqdan və qarının sözlərinə qulaq verdikdən sonra sehrli və sürreal aləmə düşürdü. Yalanlarla həqiqətlərin sarmaşıq kimi bir-birinə dolaşdığı bu aləmdə nədənsə baş açmaq elə də asan iş deyildi. Sehrbaz heç vaxt bu qeyri-adi dünyaları niyə yaratdığını, insanları müvəqqəti ora salmaqla nə etmək istədiyini, bunun həmin insanlara nə kimi xeyiri və ya təsiri olduğunu açıqlamazdı. O, sadəcə olaraq hekayə danışar və insanı sehrli aləmə qərq edərdi. Bundan başqa heç kimə bir kəlmə də deməz, heç bir suala cavab verməz və heç bir vəchlə ünsiyyətdə olmazdı.
Sehrbazın danışıdığı hekayələr və insaların gözünə göstərdiyi sirli aləmlər sanki bir rəssamın çəkdiyi şəkillərə bənzəyirdi. Bu rəssam çox düşünmədən fırçasını müxtəlif rənglərə batırıb kətan üzərində gəzdirir və sonda bir əsər meydana gəlirdi. İlk baxışda rənglərin xaosundan ibarət olan bu əsərlərə yaxından və diqqətlə baxdıqda gizli əlaqələr üzə çıxmağa başlar və xaosdan sənət əsəri doğardı.
Eyni prosesi musiqi əsərinə və ya dəlicəsinə rəqsə də oxşatmaq olardı. Necə gəldi çalınan musiqi alətlərinin bir-birinə qarışmış səslərindən doğan əcaib simfoniya. Anlamsız və ritmsiz hərəkətlərin cəmindən yaranan harmonik rəqs. Hər necə adlandırırsan adlandır, sonda xaosdan doğan və çətin dərk edilən naxışlardan söhbət gedirdi.
Sehrbazın hekayələrinin bəziləri hər kəsə məlum idi, çünki onun yanında olmuş bəzi ziyarətçilər gördüklərini internet vasitəsilə, ya da qəzetlərdə və ya televiziya verilişlərində paylaşmışdılar. Məsələn gənc bir qadının sehrbazla yaşadığı təcrübə belə idi:
“Mən bu səhraya çatana qədər ayaqlarımdakı bütün damarlar az qala dil açıb yalvarırıdı. Düşünürdüm ki, bu qoca qarı mənə nəsə dəyərli bir məsləhət verəcək, ya da hansısa yolla necəsə mənə kömək edəcəyini gözləyirdim. Həmin vaxt yoldaşımla boşanma ərəfəsində idik və mən nə edəcəyimi bilmirdim. Ayrılsaydıq özümü və qızımı dolandıracaq gəlirim olmadığı üçün çox böyük problemlərlə üz-üzə qalacaqdım. Heç bir dostum, tanışım yox idi. Ailəm o qədər uzaqda yaşayırdı ki, onlarla illərdir görüşmürdüm və heç mənlə danışmaq istədiklərini də sanmırdım. Atam bütün həyatı boyu bacı və qardaşlarımı məndən daha çox sevdiyini çox açıq şəkildə bildirmişdi. Anam isə vəfat etdikdən sonra mirasının demək olar ki, hamısını digər övladlarına paylamışdı. Yalnız məhkəmə hesabına haqqıma düşənin bir qismini də olsa qopara bilmişdim. Yəni qısacası, üz çevirə biləcəyim ailəm yox idi.
Beləliklə mən həyatımın bu çətin anlarında belə bir şəxsin varlığını eşitdim. Bəzi insanlar onun haqqında tanrı haqqında danışırmışlar kimi söhbətlər edirdilər. Mən hər şeyə tüpürüb onun yanına getməyi qərara aldım. O səhra evinin yerini əvvəl ora getmiş bir nəfərdən Facebook vasitəsilə öyrəndim. Düz iki həftə vaxtımı aldı ora gedib çatmaq. Təsəvvür edirsiz?! Pulum olmaya-olmaya mən nəsə yaxşı bir şey olacağına inandığım üçün ora getdim və sonda yaşadıqlarım.. And içirəm ki, heç nə anlamadım. Bu qoca dələduz da mənlə bir kəlmə də danışmağa tənəzzül etmədi. Axırda kor-peşman, ayaqlarımın altı qabar evimə qayıtdım. Sanki ağzıma bir səhra dolusu qum basıb mənlə zarafat etdilər, özümü bundan daha artıq təhqir olunmuş hiss edə bilməzdim.
Ətrafımdakı hamı soruşur ki, bəs orda nə görmüşəm. Budur danışıram amma nəsə anlayacağınızı düşünməyin. Bu ilan-qurbağa xətti ilə yazılmış uşaq inşasına bənzəyir. Bu kaftar deyəsən insanlarla zarafat edir.
Ocağa beş saniyə gözlərimi qırpmadan baxmağımı istədi. Baxdım və dərin bir yuxuya dalmış kimi oldum. >>>>
Yoldaşımla parkda volleybol oynayırdıq. Topu bir-birimizə atarkən üzümüzdə xoşbəxt və qayğısız bir gülüş var idi. Sanki zamansız bir mühitdə, sonsuz bir zaman kəsimində idik. Birdən günəşli hava tədricən tutqunlaşmağa, boz buludlar üzərimizə kölgə salmağa başladı. Biz yenə də volleybol oynamağa davam edirdik. Lakin ətrafımızda hər şey hava kimi dəyişməyə başlayır. Məhz necə dəyişdiyini anlayıb dərk edə bilmirəm amma hər şey solğunlaşır sanki. Canlı olan hər şey ruhsuzlaşdığı halda, cansız əşyalar cana gəlirmiş kimi bir mühitdə tapdım özümü.
Qəfildən fərqinə varıram ki, bayaqdan bir-birimizə atıb tutduğumuz top əslində top yox qızımız Elzadır. O, ana bətnində olduğu kimi bükülü vəziyyətdə yumru və şəffaf səthin içərisindədir və yatır. Mən bunun fərqinə necə vardığımı da əslində anlamıram. Lakin dəqiq bilirəm ki, bu, odur. Qızımızla volleybol oynadığımın fərqinə varar-varmaz əllərim boşalır və üzərimə gələn Elzalı dölü tuta bilmirəm. O, mənim sinəmə düşür və yox olur. Ətrafa baxıram amma onu görə bilmirəm – sanki qeybə çəkilib. Yoldaşımın yanına qaçmaq istəyəndə birdən qəfil ağrı hiss edirəm və qarnımdakı ağırlığın nə olduğu elə həmin an bəlli olur. Mən hamiləyəm.
Hər şey elə qəfil və ardıcıl baş verir ki, hadisələrin gedişatını dərk etmək və ya bir-birindən ayırmaq mümkün deyil. Burada səbəb və nəticə əlaqəsi itib. Xaosun içindəyəm, amma eyni zamanda bütün bunlar mənə yuxudakı kimi hansısa məna kəsb edirmiş kimi gəlir. Yoldaşım yanıma gəlib əlini qarnıma qoyur və dərindən nəfəs alır. Bu zaman qarnımın daxildən soyuduğunu, buz kimi olduğunu hiss edirəm. Tez onun əlini itələyirəm və bətnim yenidən isinir. Yoldaşım təkidlə yenidən əlini qarnıma qoymaq istəyir amma mən istəmirəm. Əlini inkarla rədd edirəm.
Yağış yağmağa başlayır və bir-birini itələyən əllərimiz yağış damlaları altında əriyib, aramızdan yerə doğru axır və yaşıl otların dibində torpağa qarışır. Artıq nə mən ona, nə də o mənə toxuna bilmir. Aramızda sanki görünməz bir sədd var. Yağış yağdıqca hər şeyin hətta bətnimdəki uşağın da əridiyini dərk etməyə başlayıram, ayaqlarım arasında isti su axır amma bu yağış deyil. Mən tez qaçıb yaxınlıqdakı geniş şaxəli ağacın altında otururam.
Bu zaman ağacdan bir alma düşür. Bu alma həyatımda gördüyüm ən gözəl almadır, sapsarıdır və qüsursuz dairə kimidir. Mən bütün bu çaşqınlıq və həyatla mübarizə içində almanı dişləmək barədə düşünməkdən özümü saxlaya bilmirəm. Ağrı içində almadan bir dişlək qopardıram və həmin an gözlərim önündə parlaq işıq peyda olaraq məni bu qəribə sayıqlamadan ayırır.
Gözlərimi açıram. Dayanmadan eyni qaydada işıq saçan alovun qarşısında oturmuşam. İlk gələndə necə oturmuşdumsa eynilə o cür. Sehrbaz da alovun o tərəfində bardaş quraraq oturub və dalğalanan alov dilimləri arasından onun qırış, yaşlı və məmnuniyyətsiz üzünü arada bir görə bilirəm. Artıq oyaq olduğum üçün şüurum özümlədir amma əmin olmaq üçün qarnıma baxır və əlimlə yoxlayıram. Yox, həqiqətən yuxu imiş. Narahat şəkildə qarının nə deyəcəyini gözləyirəm. Amma o, danışmır. Gözlərini düz önə - alova yoxsa mənə, ya da üçüncü bir nöqtəyə – dikib. Mən sual verirəm:
- Bağışlayın, mən indi nə etməliyəm?
Heç bir reaksiya yoxdur.
- Hey, eşidirsiz? Bu yuxu nə demək idi? Niyə mənə bunları göstərdiniz? Mən nə etməliyəm indi?
Sanki divarla danışıram. Bir neçə dəqiqə sehrbaz adlanan bu fırıldaqçıdan söz qopartmağa çalışsam da heç nəyə nail olmayacağımı anlayıram. Sonda nə edəcəyimi bilmədiyim üçün, ayağa qalxıb, tərəddüd edərək komadan çıxıram.
”
Bax belə. Bizim sehrbazın bütün “əsərləri” bu cür anlaşılmaz və qəribə idi. O, insanlarçün həm dələduz, həm xilaskar idi. Amma heç kim onu tam olaraq başa düşdüyünü, demək istədiklərini anladığını, verdiyi mesajı aldığını və hətta ortada bir mesaj olub olmadığını belə iddia edə bilməzdi. Bu sehrbaz gizli bir kitab, xaotik və sehrli dünyalara açar, anlaşılmaz bir rəssam idi.
Mən bu kitabda bizim sehrbazın indiyə qədər üzə çıxmış müxtəlif hekayələrini bir yerə cəmləmişəm. Bunlar fərqli insanların dilindən gələn, fərqli interpretasiyalara məruz qalmış, müxtəlif dövrlərin mənbələrindən toplanmış hekayələrdir. Möcüzə saçan, yalanlarla dolu, lakin gerçəyə suyu çəkən bu nağıllarla qarışıq aləmlərə səyahət etməyə hazır ol.
Hekayələrdə sadəcə ocağa beş saniyə baxdıqdan sonra insanların gördükləri və bu “yuxuların” harada və nə zaman baş verdiyi əks olunub. Ziyarətçinin kim olduğu, nə üçün sehrbazın yanına getdiyi və eşidib gördüklərindən hansı nəticələri çıxardığı isə bəlkə də önəmlidir, amma bu kitaba daxil olmayıb.