Kriptobirjalar bir-bir bağlanır

Son bir neçə ayda müxtəlif kriptobirjalar bağlanma barədə məlumat yayıb. Bir yandan Stablecoin-ə artan maraq, digər tərəfdən isə bağlanan birjalar.


19 baxış
27.07.2026
7 dəq oxuma

2026-ci ilin başlanğıcından Visa, MasterCard, PayPal, Stripe kimi instutisional qurumlar tərəfindən Stablecoinlərə qarşı artan marağın şahidiyik. Parlaledə isə bağlanan kripto birjalar haqqında xəbərlər çıxır. Məhz buna görə də, kripovalyuta birjaları tərəfdə nə baş verdiyini bu məqalədə araşdırdım. Gəlin daha dərinə gedək.

Bazarda baş verən sadəcə bir neçə uğursuz birjanın bağlanması deyil. Kriptobirja sektorunda böyük “təmizlənmə və konsolidasiya” mərhələsi başlayıb. Bu, hələ FTX səviyyəsində ümumi sistem böhranı deyil, amma orta və zəif birjalar üçün biznes modelinin işləmədiyini göstərən ciddi siqnaldır.

Son bağlanmalar eyni səbəbdən deyil

AscendEX iyulun 1-dən fəaliyyətini dayandırdı. Burada vəziyyət daha təhlükəlidir: şirkət MiCA lisenziyasının olmadığını, planlaşdırılan maliyyələşmə əməliyyatının baş tutmadığını və likvidlik probleminin istifadəçilərin vəsaitlərini tam çıxarmasına mane ola biləcəyini açıqlayıb. Avtomatik çıxarışlar dayandırılıb və şirkət nə vaxt, nə qədər vəsait ödəyə biləcəyinə zəmanət verməyib. Bu, artıq sadəcə “strateji qərar” deyil, real balans və likvidlik problemidir.

BitMEX iyulun 23-də sentyabrın 23-də bağlanacağını elan etdi. Burada mənzərə daha çox iqtisadi mənasızlaşmadır: vaxtilə derivativ bazarının liderlərindən olsa da, son dövrdə bazar payı 0,01%-dən aşağı, gündəlik həcmi isə təxminən $400 min olub. Yəni böyük brend qalıb, amma onun arxasında əvvəlki biznes artıq qalmayıb.

BitMart iyulun 26-da ticarəti avqustun 26-da dayandıracağını və platformanı 31 yanvar 2027-ci ildə tam bağlayacağını bildirdi. Rəsmi açıqlama “əməliyyat şəraiti və bazar mühiti” ilə məhdudlaşır, amma eyni zamanda çıxarış gecikmələri barədə şikayətlər və BMX tokenində kəskin eniş müşahidə olunur. Hadisə çox yeni olduğuna görə real maliyyə vəziyyəti hələ tam aydın deyil.

Dango kimi yeni DEX layihələri isə başqa səbəbdən bağlanır: kifayət qədər istifadəçi və likvidlik cəlb edə bilmirlər. Dango-nun açıq mövqeləri cəmi təxminən $391 min səviyyəsində idi; belə həcmdə komanda, təhlükəsizlik, hüquq və likvidlik xərclərini saxlamaq mümkün deyil.

Əsas səbəb: ticarət həcmi və gəlirlər kəskin azalıb

Birjaların əsas gəliri istifadəçilərin aktiv alıb-satmasından yaranan komissiyadır. 2026-cı ilin birinci rübündə ən böyük 10 mərkəzləşdirilmiş birjanın spot ticarət həcmi əvvəlki rüblə müqayisədə 39,1% azalaraq $2,7 trilyona düşüb. Mart 2026 isə 2023-cü ilin noyabrından bəri ən zəif ay olub.

İkinci rübdə də ümumi ticarət həcmi 8% azalaraq $16,5 trilyona düşüb; bu göstərici 2025-ci ilin üçüncü rübündəki $31 trilyonluq zirvənin təxminən yarısıdır. Derivativ ticarətinin azalması birjalar üçün xüsusilə ağrılıdır, çünki ən çox komissiya və likvidasiya gəliri məhz leverage məhsullarından gəlir.

Hətta Coinbase kimi böyük və diversifikasiya olunmuş şirkətin 2026-cı ilin birinci rübündə tranzaksiya gəliri 40% azalıb və şirkət $394 milyon zərər açıqlayıb. Bu, kiçik birjaların nə dərəcədə təzyiq altında olduğunu göstərir.

Likvidlik bir neçə böyük platformada cəmləşir

Birjanın əsas məhsulu mobil tətbiq və ya token siyahısı deyil - likvidlikdir.

2026-cı ilin ikinci rübündə derivativ bazarının 72%-dən çoxu Binance, OKX, Bybit və MEXC-də cəmləşib. Kiçik birjaların daxil olduğu “digərləri” kateqoriyasının payı cəmi 6%-ə düşüb. Binance isə bazar zəiflədiyi halda belə ümumi payını 35,34%-ə yüksəldib.

Bu, aşağıdakı zənciri yaradır:

Həcm azalır → market-meyker gedir → spread genişlənir → qiymət daha pis olur → treyder başqa birjaya keçir → həcm daha da azalır.

Birja müəyyən minimum likvidlik həddindən aşağı düşəndə onu əvvəlki vəziyyətə qaytarmaq çox çətinləşir. BitMEX-in başına gələn əsas hadisə də məncə budur: hüquqi keçmişi və bazar enişi prosesi sürətləndirib, amma əsas problem artıq bazarda ona ehtiyac qalmaması olub.

MiCA zəif birjaları sürətlə bazardan çıxarır

Avropada MiCA keçid dövrü 1 iyul 2026-cı ildə başa çatdı. Həmin tarixdən sonra lisenziyası olmayan platformalar Avropa müştərilərinə xidmət göstərməyi dayandırmalı və ya fəaliyyətlərini bağlamalıdır.

May ayına qədər Avropada əvvəlki qaydalarla qeydiyyatdan keçmiş 1.200-dən çox kriptoşirkətdən yalnız təxminən 210-u tam MiCA icazəsi ala bilmişdi. MiCA sadəcə qeydiyyat deyil: kapital, idarəetmə, müştəri vəsaitlərinin qorunması, AML, informasiya təhlükəsizliyi və davamlı hesabatlılıq tələb edir.

Əvvəllər Seyşel adalarında və ya başqa offshore zonada şirkət açıb qlobal istifadəçi qəbul etmək mümkün idi. İndi isə hər böyük bazar ayrıca lisenziya, lokal komanda, compliance infrastrukturu və bank tərəfdaşları tələb edir. Bu sabit xərcləri yalnız böyük həcmli platformalar daşıya bilir.

Köhnə kriptobirja modeli sona çatır

Bir çox orta birjanın real modeli belə idi:

  • yüzlərlə zəif token listinqindən ödəniş almaq;
  • öz exchange tokenini buraxmaq;
  • həmin tokeni bonus, staking və girov kimi istifadə etmək;
  • market-meyker subsidiyaları ilə süni həcm yaratmaq;
  • bull market zamanı gələn komissiya ilə xərcləri örtmək.

Bazar zəifləyəndə listinq gəlirləri, token qiyməti, ticarət həcmi və investor maliyyələşməsi eyni vaxtda azalır. Exchange tokeni şirkətin gizli kapital ehtiyatı kimi istifadə olunubsa, onun ucuzlaşması balansı daha da zəiflədir. Bağlanma xəbəri isə tokenin çökməsinə və istifadəçilərin eyni anda vəsait çıxarmağa çalışmasına səbəb olur.

Beləliklə, “strateji istiqamət dəyişikliyi” çox vaxt bu daha sadə həqiqəti örtür:

Birjanın komissiya gəliri təhlükəsizlik, compliance, market-meyker, əməkdaş və texnologiya xərclərini artıq ödəmir.

Bu yeni FTX dalğasıdırmı?

Hazırda tam olaraq yox. Görünən hadisələrin əksəriyyəti bazar payını itirmiş, lisenziyasız və ya maliyyəsi zəif platformaların çıxışıdır. Sistem böhranı demək üçün aşağıdakı hadisələrin birlikdə baş verməsi lazımdır:

  • bir neçə böyük birjada çıxarışların dayandırılması;
  • USDT və ya USDC-də ciddi və davamlı depeg;
  • market-meykerlərin bütün platformalardan eyni vaxtda çəkilməsi;
  • böyük birjaların ehtiyatlarında izaholunmaz çatışmazlıqlar;
  • kredit verən şirkətlər və fondlar arasında zəncirvari defoltlar.

AscendEX-də və BitMart ətrafında görünən çıxarış problemləri izlənməlidir, amma indiki məlumatlara əsasən hadisələr hələ bütün bazara yayılan zəncirvari böhran deyil.

Mənim ümumi qənaətim

Kriptovalyuta bazarı bağlanmır; kriptobirjaların sayı azalır.

Bazar aşağıdakı istiqamətə gedir:

  • bir neçə böyük qlobal və lisenziyalı CEX;
  • ayrı-ayrı ölkələrdə güclü lokal birjalar;
  • institusional və ənənəvi maliyyə platformaları;
  • Hyperliquid kimi bir neçə dominant on-chain derivativ platforması;
  • qalan yüzlərlə orta birjanın bağlanması, satılması və ya yalnız broker kimi işləməsi.

Yəni bu, “kriptonun sonu” deyil. 2017–2021-ci illərin “hər kəs birja aça bilər” modelinin sonudur. Ən böyük risk hazırda BTC və ya ETH-dən çox, istifadəçilərin vəsait saxladığı ikinci və üçüncü dərəcəli platformalardadır.

Praktik olaraq uzunmüddətli aktivləri kiçik birjada saxlamaq, yalnız “proof of reserves” göstəricisinə inanmaq və exchange tokenini həmin birjanın etibarlılığının sübutu hesab etmək düzgün deyil. Birja vəsaiti çıxarmaq üçün istifadə olunan xidmət olmalıdır, daimi depozit hesabı yox.