Ətraf keyfiyyətsiz kontentlə dolanda zövqdən necə pul qazanmaq olar?

Süni intellektin əlçatan olan dövründə zövqlu zövqsüz hər kəs nə isə edib paylaşır. Zövqün varsa, digərlərindən daha yaxşı edib qazana bilərsən.


6 baxış
20.09.2026
12 dəq oxuma

Bu, Machina-nın (@EXM7777) X-də “How to get rich with taste when everything else is slop” adı ilə paylaşdığı praktik essenin tərcüməsidir. Bundan sonrakı mətn müəllifin dilindən verilir.

Uzun müddət pul nəsə hazırlamağı bacaran adamlara ödənirdi: proqramçıya, yazıçıya, dizaynerə, prodüserə. İndi süni intellekt bunların bir hissəsini saniyələr içində edə bilir. Buna görə də əsas dəyər təkcə hazırlamaq bacarığında deyil. Nəyi hazırlamağa dəyər və nəyi auditoriyaya göstərmək olar - vacib qərarlar bunlardır.

Yazırsınızsa, paylaşım edirsinizsə, dizaynla məşğulsunuzsa və ya bir auditoriyanız varsa, bu dəyişiklik sizin qazancınıza da təsir edir. Gəlin baxaq: bu şəraitdə zövq nə deməkdir, gündəlik işdə ondan necə istifadə etmək olar və zövq hansı yollarla gəlir gətirə bilər?

Slop nədir?

Slop - süni intellektin hazırladığı və heç kimin seçib düzəltmədən yayımladığı kontentdir. Bu, mütləq robot yazısı kimi görünmür. Hətta çox səliqəli, düzgün və insana məxsus görünən mətn də slop ola bilər.

Əsas məsələ onun necə görünməsi deyil. Məsələ budur: kimsə bu işə baxıb qərar veribmi? Zəif yerlərini çıxarıbmı? Modelin verdiyini olduğu kimi yayımlayırsınızsa, eyni şey sizin kontentinizə də aiddir.

Hamı paylaşır, amma oxucu sayı artmır

Müəllifin gətirdiyi məlumata görə, bəzi günlərdə Deezer-ə yüklənən musiqinin yarıdan çoxu tamamilə süni intellektlə hazırlanır. Amma bu mahnıların hamısı birlikdə dinlənmələrin cəmi 1-3% toplayır. Yəni platformaya gələn mahnıların böyük hissəsini təşkil etsə də, dinlənən musiqinin çox kiçik hissəsinidir.

Kitablarda da oxşar vəziyyət var. Süni intellektlə yazı alətləri yayılandan sonra daha çox kitab nəşr olunur, amma orta hesabla bir kitabın oxucu sayı əvvəlkindən azdır.

İnsanlar süni intellektlə hazırlanan kontenti kütləvi şəkildə rədd etməyiblər. Sadəcə, kontentin çoxalması hamısına maraq yaradıb demək deyil. İndi çətin olan yaxşı materialı tapmaqdır. Sonsuz seçim içində hansına iyirmi dəqiqə vaxt ayırmağa dəyəcəyini bilmək ayrıca dəyərə çevrilib.

Oxucunu əslində nə maraqlandırır?

Müəllifin istinad etdiyi kor testlərdə insanlar süni intellektin yazdığı hekayəni insanın yazdığı hekayədən həmişə ayıra bilmirlər. Bəzən süni intellektin yazdığı daha çox xoşlarına gəlir. Amma müəllif süni intellektdən istifadə etdiyini deyəndə oxucuların ona etibarı azalır.

İlk baxışda qəribə görünür. Amma oxucunun sualı əslində “Bunu insan yazıb, yoxsa süni intellekt?” deyil. Daha çox belədir: “Bunu mənə göstərməzdən əvvəl kimsə düşünübmü?”

Bu mətn niyə yazılıb? Kimsə yayımlamazdan əvvəl oxuyub? Zəif variantları silib? Oxucu üçün faydalı olub-olmadığını yoxlayıb?

Avtomatik paylaşımda bu seçim çox vaxt olmur. Model mətni hazırlaya bilir. Onun oxucuya göstərilməyə dəyib-dəymədiyinə isə insan qərar verir.

Oxucu onsuz da kontent içində itib. Ona görə də vaxtına qənaət edən, yaxşı materialı seçib qarşısına qoyan adama pul ödəməyə hazırdır. Bu məqalədəki bütün gəlir yollarının əsasında həmin fikir dayanır.

Zövqünüzü qaydalara çevirin

Əvvəllər “yaxşı zövqü var” deyəndə göz önünə belə bir adam gəlirdi: ona on hazır iş göstərirsiniz, ən yaxşısını seçir. İndi hazır işlərin sayı o qədər çoxdur ki, təkcə seçim etmək əvvəlki qədər fərqləndirici görünmür.

Daha dəyərli bacarıq iş başlamamışdan əvvəl öz qaydalarınızı müəyyənləşdirməkdir.

Bunu niyə yazılı etmək lazımdır? Çünki süni intellekt adətən ən gözlənilən variantı hazırlayır. Hər dəfə “yarat” deyib nəticəni olduğu kimi yayımlasanız, ayrı-ayrı mətnlər səliqəli görünəcək. Amma zamanla bütün paylaşımlarınız başqalarının paylaşımlarına oxşamağa başlayacaq.

Bunu bir mətndə hiss etmək çətindir. Son iyirmi yazınızı ardıcıl oxuyanda isə fərq görünür: bunları siz yazmısınız, yoxsa eyni alətdən istifadə edən istənilən başqa adam?

Yazılı qaydalar burada kömək edir. Müəllif öz süni intellekt agentləri üçün işə başlamazdan əvvəl belə qaydalar müəyyənləşdirib:

  • Hər material oxucuya bu gün edə biləcəyi ən azı bir şey verməlidir.
  • Mətn təriflə başlamamalıdır.
  • Press-reliz kimi səslənən hissələr silinməlidir.
  • Müəllifin danışarkən işlətməyəcəyi cümlələr silinməlidir.

Onun sözlərinə görə, eyni alətlərdən istifadə edən iki adamın niyə tamamilə fərqli işlər ortaya qoyduğunu bu qaydalar izah edir. O, bunu öz iş prosesində hər həftə görür.

Yaxşı zövq yalnız başınızda qalanda siz baxdığınız müddətdə işləyir. Qaydaları yazanda isə onlar növbəti yüzlərlə işə də təsir edir. Süni intellektə yalnız nə istədiyinizi yox, nəyi qətiyyən yayımlamayacağınızı da göstərirsiniz.

Zövqdən pul qazanmağın dörd yolu

Müəllif dörd yol göstərir. Kontent çoxaldıqca bu yolların hər birinin dəyəri də artır.

1. Filtr olun

Oxucu hər şeyi özü oxumaq istəmir. Siz yüz materiala baxıb onlardan həqiqətən dəyərli olan beşini seçirsinizsə, bu, ödənişli xəbər bülleteni ola bilər. Yaxud süni intellekt alətlərini yoxlayıb hansına pul verməyə dəydiyini göstərən bir kanal qura bilərsiniz.

Amma filtrin işləməsi üçün seçim qaydalarınız aydın olmalıdır. Oxucu sizin standartınıza güvənir. Özünüz də “Yaxşını hansı meyara görə seçirəm?” sualına cavab verə bilmirsinizsə, ortada standart yox, sadəcə hiss var.

Keyfiyyətsiz kontent artdıqca yaxşı filtrin dəyəri də artır.

2. Adınızı etibara çevirin

Kontent çox olanda insanlar hər məqaləni, videonu və ya məhsulu sıfırdan araşdırmır. Kimin hazırladığına baxırlar.

Eyni adla, eyni keyfiyyət standartı ilə işləyin. İş prosesinizi də göstərin. Oxucu zamanla bilsin ki, sizin materialınıza ayırdığı vaxt boşa getməyəcək.

Bir müddət sonra o, hər yazınızı ayrıca qiymətləndirməyə ehtiyac duymur. Sizin hazırladığınızı bildiyi üçün oxuyur və ya alır. Sponsorlar və məhsullar üçün də dəyərli olan məhz topladığınız bu etibarlı auditoriyadır. Etibarı bir əmrlə generasiya etmək olmur.

3. Personajlar və hekayə dünyası sizə məxsus olsun

Süni intellekt bir hekayənin iki yüzüncü bölümünü ucuz və sürətli yaza bilər. Amma insanların bağlandığı bir personaj və maraqlandığı bir dünya yaratmaq başqa işdir.

Güclü mövqe həmin dünyaya və personajlara sahib olmaqdır. Süni intellektdən isə bu dünyanın daxilində daha çox bölüm hazırlamaq üçün istifadə edə bilərsiniz. Alətlər hamı üçün əlçatandır, amma yaratdığınız hekayə dünyası sizə məxsusdur.

Bölümlərlə yayımlanan audiohekayələrdə bu üsul artıq böyük miqyasda işləyir. Əsas ideyanı insanlar yaradır, istehsalın böyük hissəsini maşın görür. Model mətni yaza bilər, amma hekayənin dünyası yenə sizindir.

4. Qaydalarınızı satın

Yazdığınız qaydalar süni intellektin hazırladığı materialı insanların sona qədər oxuduğu işə davamlı şəkildə çevirirsə, bu qaydalar başqalarına da lazımdır.

Onları kursda öyrədə bilərsiniz. Yaxud öz sahənizdəki şirkətlərin komandalarında tətbiq edə bilərsiniz. Sizə aləti işlətməyə görə yox, hansı nəticənin yaxşı olduğuna qərar verə bildiyinizə görə pul ödəyəcəklər. Alətlər inkişaf etdikcə dəyərini saxlayan hissə də budur.

Diqqət edin: bu dörd yolun heç biri hamıdan çox kontent hazırlamağı tələb etmir. Əksinə, kontent çox olduğu üçün işləyirlər.

Gündəlik işdə bunu necə tətbiq etmək olar?

Hansı yolu seçməyinizdən asılı olmayaraq, gündəlik iş üçün beş sadə addım var. Böyük komanda və büdcə lazım deyil. Əsas odur ki, qərarları doğrudan da siz verəsiniz.

1. Yaratmağa başlamazdan əvvəl qaydaları yazın

Bu material oxucuya nə verməlidir? Oxuyandan sonra onda hansı hiss qalmalıdır? Hansı hissələri nə olursa olsun siləcəksiniz?

Bunları üç sətirdə yaza bilmirsinizsə, hələ aydın meyarlarınız yoxdur. Sadəcə, həmin an nəyin yaxşı göründüyünə qərar verirsiniz.

2. Süni intellekti köməkçi kimi saxlayın

Öz dəstxətini qoruyan müəlliflər süni intellektdən imtina etmirlər. Ondan ideya tapmaq və xırda düzəlişlər üçün istifadə edirlər. Amma əsas qərarları özləri verirlər.

3. Düzəlişsiz yayımladığınız işləri sayın

Ayda bir dəfə baxın: süni intellektin hazırladığı materialların nə qədərini heç nə dəyişmədən yayımlamısınız?

Bu faiz sizə işlərinizin nə qədərinin istənilən başqa adam tərəfindən eyni formada hazırlana biləcəyini göstərir. Müəllif buna “borc” kimi baxmağı təklif edir.

4. Yaddaş faylı saxlayın

Süni intellektlə yüzlərlə bölümlük hekayələr hazırlayan komandalar görüblər ki, əsas problem çox vaxt yazı keyfiyyəti deyil. Problem yaddaşdır. Uzun layihədə model əvvəlki hadisələri unudur, öz yazdıqları ilə ziddiyyətə düşür və ya eyni fikirləri təkrarlayır.

Buna görə də komandalar bir sənəd saxlayırlar: hekayənin dünyasında nələr doğrudur, hansı hadisələr baş verib və nələr heç vaxt dəyişə bilməz. Hər yeni bölümü də həmin sənədlə yoxlayırlar.

Müəllif Pocket FM-i nümunə göstərir. Şirkət hekayə detallarını izləmək üçün ayrıca Sherpa adlı alət yaradıb. Bu iş üçün ayrıca proqram hazırlamaları yaddaşın prosesdə nə qədər vacib olduğunu göstərir.

5. Bəzən rəqəmlərə qarşı gedin

Statistika sizə adətən keçən ay ən yaxşı nəticə verən işi təkrarlamağı məsləhət görəcək. Həmişə bunu etsəniz, bir müddət sonra öz keçmiş işlərinizin surətini hazırlayacaqsınız.

Rəqəmlər yalnız artıq sınadığınız şeylər barədə məlumat verir. Hələ etmədiyiniz bir işin yaxşı nəticə verib-verməyəcəyini əvvəlcədən göstərə bilmir.

Pocket FM bunun yaxşı nümunəsidir. Hekayə ideyalarını insanlar tapır, bölümlərin demək olar hamısını süni intellekt hazırlayır və biznes sürətlə böyüyür. Amma onlar üçün də, sizin üçün də sual qalır: bu qədər məlumatla işləyərkən rəqəmlərin tövsiyəsinə “yox” deməyi bacaracaqsınız?

Yeni ideyalara ayrıca yer və büdcə ayırın. Bəzən hələ rəqəmlərlə sübut edə bilmədiyiniz bir işi də sınamaq lazımdır.

Bu gün nədən başlamaq olar?

Kontentin çoxalması zövqdən pul qazanmağa mane olmur. Əksinə, yaxşı seçimin dəyərini artırır.

Əvvəllər nəsə hazırlamaq çətin idi və yaxşı standartlar əlavə üstünlük sayılırdı. İndi hazırlamaq xeyli asanlaşıb. Sizi fərqləndirən şey nəyi hazırlayacağınız, nəyi dəyişəcəyiniz və nəyi ümumiyyətlə yayımlamayacağınız barədə konkret qərarlarınızdır.

Ona görə də bu gün növbəti materialı süni intellektlə hazırlamazdan əvvəl iki şeyi yazın: bu material oxucu üçün nə etməlidir və nəticədən hansı hissələri mütləq çıxaracaqsınız. Sonra ötən ay neçə işi heç bir düzəliş etmədən yayımladığınıza baxın.

Kontent axını böyüməyə davam edəcək. Seçim etməyi dayandırsanız, sizin hazırladığınız səliqəli və insana məxsus görünən materiallar da həmin keyfiyyətsiz axının bir hissəsinə çevriləcək.