Daimonla söhbət

— Niyə yazırsan? Sual elə səsləndi ki, sanki ilk dəfə deyil verilirdi. Əslində bu sual ilk dəfə verilmirdi, sadəcə mən ilk dəfə eşidirdim. — Çünki deyə bilmədiklərim var. O, narazı halda başını buladı. Cavab onu qane etməmişdi. Bu an içimdə nəsə narahatlıq hiss etdim. O, bir addım yaxına gəlib, mənə tərəf səsləndi:


191 baxış
12.04.2026
5 dəq oxuma

— Sən deyə bilmədiklərini gizlətmək üçün yazırsan.

Dodaqlarım tərpəndi, amma söz çıxmadı. Özümü müdafiə etmək istədim, amma birdən anladım, müdafiə edəcək heç nə yoxdur.

— İnsanlar başa düşmür, — nəhayət, dilləndim.

— Sən özünü başa düşürsən?

Bu sual cavab tələb etmirdi. O, cavabın yoxluğunu göstərirdi. Araya sükut çökdü. Sükut uzanırdı. Az qala pıçıltı ilə dedim:

— Mən çalışıram…

— Çalışmaq çox vaxt qaçmağın başqa formasıdır.

— Qaçmaqmı, axı nədən?

— Özündən.

Hiss etdim ki, nəfəsim daralır. Dərindən nəfəs almağa başladım. Özümü toparlayıb dedim:

— İnsan özündən necə qaça bilər ki?

— Sən bunu çox yaxşı bacarırsan.

Artıq sıxılmaqla bərabər, həm də sinirlərim gərilirdi. Bu dəfə ucadan dedim:

— Mən qaçmıram.

— Onda niyə həmişə son addımda dayanırsan?

Bu sual tanış idi. Hətta ağrılı dərəcədə. Gizlətmədim:

— Çünki qorxuram.

Bu həqiqəti çoxdan boynuma almışdım. Bu elə bir həqiqət idi ki, ört-basdır etmək üçün həmişə özümə çoxlu bəhanələr uydurmalı olurdum.

— Nədən?

— Bilmirəm... İtirməkdən. Səhv etməkdən. Boşa çıxmaqdan. Risk etməkdən. Hər şeydən…

— Yəni heç çatmamaqdan yox, çatıb peşman olmaqdan qorxursan.

Bu dəfə baxışlarımı qaçırdım. O, düz deyirdi.

— Sən həyatını ehtimallarla yaşayırsan, — dedi. — "Bəlkə belə olsaydı", "bəlkə o olmasaydı"... Heç vaxt o bəlkələrdən əl çəkmirsən.

— Çünki risk var.

— Çünki həyat var.

Yenə sükut başladı. Amma bu dəfə daha ağır.

— Sən limanlara inanırsan, — o, dedi.

— Hər kəs inanır.

— Yox. Bəziləri sadəcə üzür.

— Bəs mən?

— Sən xəritə çəkirsən. Mövcud olmayan limanların xəritəsini.

Bu cümlə içimdə qəribə bir boşluq yaratdı.

— Bəs onda mən nə edirəm?

— Özünü sakitləşdirirsən.

— Bu pisdir?

— Qısa müddətdə yox. Uzun müddətdə isə... Səni məhv edir.

Deməyə söz tapmadım. O davam etdi:

— Sən həqiqəti istəyirsən?

— Bəli.

— Yalan danışırsan.

Başımı qaldırdım. Yuxusuzluqdan çökmüş gözlərimi qaranlıqdakı kölgəyə dikdim.

— Mən həqiqəti istəyirəm.

— Yox. Sən komfortlu həyat istəyirsən. Həqiqət isə komfortlu deyil.

Bu dəfə etiraz etmədim. Çünki içimdə bir yer bunu artıq qəbul etmişdi.

— Sən niyə yazanda rahatlaşırsan? — deyə soruşdu.

— Çünki içimi boşaldıram.

— Yox. Çünki həqiqəti tam demirsən.

Bu söz məni vurdu.

— Necə yəni? Axı, mən hər şeyi yazıram.

— Yox. Sən hissləri yazırsan. Amma səbəbləri gizlədirsən.

Bu dəfə ürəyim daha çox sıxılmağa başladı.

— Bəlkə səbəbləri bilmirəm?

— Bilirsən. Sadəcə onları qəbul etmirsən.

Araya daha uzun sükut çökdü. Sonra o, yavaşca dedi:

— Sən başa düşülmək istəyirsən.

— Ola bilər.

— Səncə, niyə beləsən?

— Çünki... Çünki insanam.

— Yox. Çünki özünü hələ qəbul etməmisən.

Bu dəfə sözlər içimdə əks-səda verdi.

— Özümü qəbul etməsəm, burada olmazdım.

— Sən özünü olduğun kimi yox, olmaq istədiyin kimi qəbul etmisən.

— Məncə, bu normaldır? Səncə normal deyil?

— Normaldır. Amma təhlükəlidir.

— Niyə?

— Çünki bir gün həqiqət gələcək.

— Aha. Nə olsun? Sonra?

— Ya uduzacaqsan, ya da dəyişəcəksən.

— Mən dəyişə bilərəm?

— Sən artıq dəyişirsən. Sadəcə hələ bunu görmürsən, ya da görmək istəmirsən.

Bu fikir qəribə səslənirdi. Başa düşməyə çalışdım və dedim:

— Mən dəyişirəmsə, niyə hələ də eyni hiss edirəm?

— Çünki dəyişmək həmişə irəli getmək demək deyil. Maskanı çıxaranda da dəyişirsən.

— Bəs o maska dediyinin altında nə var?

— Sən.

— Hmm... Bu kifayətdirmi?

— Əgər onu qəbul etsən, bəli.

Yenə susduq. Bu dəfə sanki bizimlə bərabər sükut özü də susmuşdu.

— Mən yorulmuşam, — dedim.

— Bilirəm.

— Hər şeydən.

— Bilirəm.

— Bəzən heç nə etmək istəmirəm.

— Bilirəm.

— Bəzən sadəcə yox olmaq istəyirəm.

Bu dəfə o dərhal cavab vermədi.

Uzun bir fasilədən sonra dedi:

— Sən yox olmaq istəmirsən.

— Bəs nə istəyirəm?

— Ağrının bitməsini.

Gözlərimi yumdum. Bu, həqiqət idi.

— Bəs niyə bitmir?

— Çünki sən onu anlamadan ondan qaçmaq istəyirsən.

— Ağrını anlamaq nə deməkdir?

— Onu dəyişdirməyə çalışmadan hiss etmək.

— Bu çox çətindir.

— Hə.

— Mən bunu edə bilərəm?

— Əgər qaçmasan, edə bilərsən.

— Amma qorxuram.

— Qorxu getməyəcək.

— Onda necə?

— Qorxu ilə getməyi öyrən.

Özümü özümə daha yaxın hiss etdim. Sanki illər ərzində özümə yad olmuşdum, indi isə özümü tanımağa başlayırdım.

— Sən həmişə burada olacaqsan? — deyə soruşdum.

— Mən heç vaxt getməmişəm.

— Bəs niyə bəzən səni eşitmirəm?

— Çünki səs-küy çox olur.

— Hansı səs-küy?

— Başqalarının səsi. Gözləntilər. Qorxular. Özünü aldatmağın.

— Səni necə daha çox eşidə bilərəm?

— Səssiz qalaraq.

— Maraqlıdır. Elə bumu?

— Yox. Bu sadəcə başlanğıcdır.

Yuxudan ayıldım. Kölgənin durduğu tərəfə baxdım. Heç kim yox idi. Otaq eyni idi. Dünya eyni idi. Heç nə dəyişməmişdi. Dəyişən bir şey vardı…