1999-cu ildə ekranlara çıxan "The Matrix" filmində Morpheus Neo-ya mavi və qırmızı rənglərdə iki həb təklif edir. Mavi həbi qəbul edərsə, Neo əvvəlki həyatına qayıdacaq, heç nə baş verməmiş kimi yaşamağa davam edəcək. Qırmızı həbi seçərsə, içində yaşadığı dünyanın əsl mahiyyətini öyrənəcək. Birinci seçim rahatlığı, ikinci isə həqiqəti təmsil edir.
İnsan özünü aldatmaqda düşündüyümüzdən daha mahirdir. Hətta öz yalanlarına inanmağı da bacarır. Özünə uyğun gəlməyən sualları təxirə salır, narahatlıq yaradan düşüncələri başqa məşğuliyyətlərlə əvəz edir, dəyişməli olduğu halda mövcud vəziyyətinə bəraət qazandırır. Beləliklə, zaman keçdikcə qaçdığı həqiqət onun həyatının görünməz bir hissəsinə çevrilir. İnsan artıq nədən qaçdığını belə unuda bilər. Mavi həb bu vəziyyətin metaforasıdır.
XIX əsrin danimarkalı filosofu Soren Kierkegaardın insanın özündən qaçması haqqında düşüncələrinə baxaq. Onun 1849-cu ildə Anti-Climacus təxəllüsü ilə nəşr etdirdiyi "Ölümcül Xəstəlik" (The Sickness Unto Death) əsərində ümidsizlik sadəcə kədər, bədbinlik və ya müvəqqəti psixoloji vəziyyət kimi deyil, insanın özü ilə münasibətində yaranan fundamental problem kimi təqdim olunur. Kierkegaard üçün insanın problemi özünə çevrilə bilməməsi, daha dəqiq desək, özü olmaq istəməməsidir.
Kierkegaardın fikrincə, insanın mənliyi onun özü ilə qurduğu münasibətin nəticəsidir. İnsan həm olduğu şəxs, həm də ola biləcəyi şəxs arasında yaşayır. Onun daxilində mövcud reallıqla mümkün həyat, məhdudiyyətlə azadlıq, zərurətlə ehtimal daim qarşılıqlı münasibətdədir. İnsan özünü yalnız mövcud vəziyyəti ilə müəyyənləşdirməməli, eyni zamanda öz imkanlarını da dərk etməlidir. Lakin bu imkanları reallaşdırmaq seçim etməyi, seçim etmək isə məsuliyyət daşımağı tələb edir.
Burada isə insanın bəhs etdiyimiz özündən qaçışı başlayır.
Təsəvvür edin ki, bir insan uzun illərdir yaşadığı həyatdan narazıdır. Sevmədiyi bir işdə çalışır, arzulamadığı münasibəti davam etdirir, daxilində başqa bir həyat qurmaq istəyir. Bununla belə, hər dəfə dəyişiklik etmək imkanı qarşısına çıxanda müxtəlif bəhanələr tapır: vaxtı deyil, şərait uyğun deyil, gələcəkdə daha yaxşı fürsət yaranacaq. Özünü inandırır ki, hələlik belə yaşamaq məcburiyyətindədir. Çünki öz həyatına görə məsuliyyət götürməyə cəsarəti çatmır. Özünü aldadır, çünki həqiqəti qəbul etdiyi anda artıq əvvəlki kimi yaşamağa davam edə bilməyəcəyini bilir.
Kierkegaardın fəlsəfəsində bunun maraqlı tərəflərindən biri odur ki, ümidsizlik insanın özünü bədbəxt hiss etməsi ilə müşayiət olunmaya da bilər. İnsan zahirən xoşbəxt, uğurlu, sosial baxımdan qəbul edilmiş və hətta öz həyatından razı görünə bilər. Lakin bütün bunların arxasında özündən uzaqlaşmış bir mənlik gizlənə bilər. İnsan başqalarının gözləntilərinə uyğun yaşayır, cəmiyyətin müəyyən etdiyi uğur meyarlarını mənimsəyir və zaman keçdikcə öz istəkləri ilə ona öyrədilmiş istəkləri ayırd etmək qabiliyyətini itirir. Belə bir insanın bədbəxtliyi nə istədiyini bilməməsi deyil, özünün nə istədiyini heç vaxt soruşmamasıdır.
Əslində, bu vəziyyət insanın özünü aldatmasının ən bariz nümunələrindən biridir. Çünki burada artıq yalan danışmağa belə ehtiyac qalmır. İnsan öz həyatını başqalarının onun üçün müəyyən etdiyi qaydalar əsasında qurur və bunu öz seçimi hesab edir.
Kierkegaardın "Ya/Ya da" (Either/Or) əsərində təsvir etdiyi estetik həyat tərzinə nəzər salaq. Estetik insan həyatın mənasını zövqdə, əyləncədə, yenilikdə və maraqlı təcrübələrdə axtarır. Onun əsas məqsədi darıxmaqdan qaçmaqdır. O, həyatın iştirakçısı olmaqdan çox, tamaşaçısı olmağa meyillidir. Hadisələrə qoşulmaq, qərar vermək və məsuliyyət götürmək əvəzinə, onları müşahidə edir, təhlil edir və mümkün qədər özünü emosional öhdəliklərdən uzaq tutur. Beləliklə, həyat onun üçün yaşanmalı bir reallıq olmaqdan çıxaraq, istehlak edilməli təcrübələr toplusuna çevrilir.
İnsan həyatını darıxmamaq üçün saysız-hesabsız məşğuliyyətlərlə doldurmaqla öz həyatını yaşamağı unuda bilər. Daim nəsə izləmək, oxumaq, dinləmək, insanlarla ünsiyyət qurmaq və yeni təcrübələr axtarmaq özlüyündə problem deyil. Problem bunların insanın özü ilə qarşılaşmamaq üçün istifadə etdiyi vasitələrə çevrilməsidir. Mavi həbin müasir dünyadakı formalarından biri də budur: insanın özünü daim məşğul saxlayaraq mövcudluğunun yaratdığı suallardan yayınması.
Digər tərəfdən, Kierkegaardın ümidsizlik anlayışında daha bir incə məqam da var. Filosof insanın özündən başqa birinə çevrilmək istədiyi üçün də ümidsizliyə düşə biləcəyini göstərir. İnsan öz keçmişini, zəifliklərini, məhdudiyyətlərini və hətta kim olduğunu qəbul etmək istəmir. Başqa bir şəxsiyyət yaratmağa çalışır. Özünü başqalarının gözündə daha dəyərli göstərmək, müəyyən bir obraza uyğunlaşmaq və daxili ziddiyyətlərini gizlətmək üçün daim çalışır. Beləliklə, insan özünü tapmaq əvəzinə, özündən xilas olmağa çalışmış olur.
Bəs insan niyə həqiqətdən bu qədər qorxur?
Çünki həqiqət məsuliyyət yaradır. İnsan bir şeyin yanlış olduğunu həqiqətən dərk etdikdə, artıq əvvəlki kimi davranmaq üçün özünə bəraət qazandırmaqda çətinlik çəkir. Həqiqət insanın rahatlığını pozur, özünə münasibətini dəyişir və onu seçim qarşısında qoyur. Cəhalət isə bu məsuliyyəti təxirə salmağa imkan verir. Bilmədiyin bir şeyə görə özünü günahlandıra bilməzsən. Lakin bildiyin və görməzlikdən gəldiyin həqiqət qarşısında özünə bəraət qazandırmaq daha çətindir.
Bununla belə, insan həqiqəti öyrəndikdən sonra da onunla üzləşməkdən qaça bilər. Çünki məlumatlı olmaqla dəyişmək arasında böyük məsafə var. İnsan öz problemlərinin bütün səbəblərini təhlil edə, öz davranışlarının psixoloji mexanizmlərini anlaya, hətta hansı istiqamətdə dəyişməli olduğunu dəqiq müəyyənləşdirə bilər. Ancaq bütün bunlara baxmayaraq, heç bir addım atmadan eyni həyatı yaşamağa davam edə bilər. Təsəvvür edin: insan hər şeyi anlayır, amma heç nəyi dəyişmir.
Kierkegaardın düşüncələrindən çıxara biləcəyimiz nəticələrdən biri də budur: özünü dərk etmək yalnız özün haqqında məlumat toplamaq deyil, özünə münasibətdə mövqe tutmaqdır. İnsan özünü seçməli, öz varlığını qəbul etməli və həyatının məsuliyyətini üzərinə götürməlidir. Kierkegaardın fəlsəfəsində həqiqi mənlik bizə insanın özünü başqalarının müəyyən etdiyi qəliblərdə itirməməsi və öz varlığı ilə dürüst münasibət qurması ilə səciyyələnən bir anlayış kimi təqdim edilir.
Buna görə də mavi və qırmızı həb arasındakı seçim düşündüyümüz qədər sadə deyil. Qırmızı həbi qəbul etsən belə, avtomatik olaraq həqiqətə çatmırsan. İnsan bir illüziyadan xilas olub başqa bir illüziyanın əsirinə çevrilə bilər. Hətta həqiqəti axtardığına inanarkən belə, əslində yalnız öz inanclarını təsdiqləyən cavabların arxasınca gedə bilər. Buna görə də əsas məsələ həqiqəti özümüzə uyğunlaşdırmadan qəbul etməyə nə dərəcədə hazır olmağımızdır.