Universitet sadəcə diplom deyil: gələcəyinə qoyduğun investisiyadır

Bu, Kofe.al-da ilk yazımdır. Qəbul nəticələrinin açıqlandığı bu günlərdə unutmayın: universitet sadəcə diplom deyil, gələcəyinizə açılan yeni bir qapıdır.


63 baxış
29.08.2026
2 dəq oxuma

Bu, mənim Kofe.al platformasında ilk yazımdır. İlk yazım üçün hansı mövzunu seçəcəyimi düşünərkən, bu günlərdə universitetlərə qəbul nəticələrinin açıqlandığını nəzərə alıb məhz təhsil və universitet həyatının başlanğıcı haqqında yazmaq istədim.

Kimlərsə bu gün arzuladığı universitetə və ixtisasa qəbul olmağın sevincini yaşayır, kimlərsə nəticəsindən razı deyil, bəziləri isə qarşısında açılan yeni yolun onları hara aparacağını düşünür.

Amma hansı universitetə və hansı ixtisasa qəbul olmağınızdan asılı olmayaraq, bir şeyi xatırlamağınızı istəyirəm:

Universitet sadəcə diplom deyil. Universitet öz gələcəyinizə qoyduğunuz investisiyadır.

Təhsil mənim üçün də heç vaxt sadəcə diplom almaq olmayıb. Təhsil yeni imkanlar görmək, özünü tanımaq, dünyaya daha geniş baxmaq və ən əsası, öz gələcəyini qurmaq gücü qazanmaqdır.

Öz təhsil yolum boyunca Azərbaycandan ABŞ-da doktorantura təhsilinə qədər fərqli mərhələlərdən keçmişəm. Bu yol mənə bir şeyi öyrədib: uğurlu olmaq üçün hər şeyi əvvəldən bilmək lazım deyil. Amma öyrənmək, axtarmaq və davam etmək istəyi çox vacibdir.

Universitetə qəbul olmaq yolun sonu deyil. Əksinə, bəlkə də həyatınızın ən maraqlı mərhələlərindən birinin başlanğıcıdır. Bu illərdə yalnız dərslərinizi oxumayın. Dil öyrənin, könüllü fəaliyyətlərə qoşulun, yeni insanlarla tanış olun, təcrübə proqramları axtarın, kitab oxuyun, səyahət edin, səhv etməkdən və yenidən başlamaqdan qorxmayın.

Bu platformada da sizinlə universitet və ixtisas seçimi, xaricdə təhsil imkanları, akademik və şəxsi inkişaf, karyera planlaması və motivasiya haqqında bildiklərimi və təcrübələrimi paylaşacağam.

Çünki inanıram ki, düzgün istiqamət və davamlı inkişaf insanın qarşısında heç düşünmədiyi qapıları aça bilər.

Universitetə yeni qəbul olan hər kəsi ürəkdən təbrik edirəm.

İndi isə əsas sual budur: Bu fürsətdən necə istifadə edəcəksiniz?