Arafda və ya tuneldə qalmışlar üçün qeydlər

Kimlərə, haralara və hansı suallara aidik? Bura qədər gəlmişik amma bundan sonra necə olacaq?


44 baxış
23.09.2026
6 dəq oxuma

Arafın ortasında dayanmaq 

Keçmiş həyatımın dəhlizlərini əzbərə bilirəm. İstənilən dəhlizi soruşun sizə göstərim və içində gəzdirim. Arada həvəsə düşəndə ən sevimli dəhlizlərimdə gəzirəm. 

Arada çətinə düşəndə mənə həyat dərsi verən dəhlizlərdə baş verənləri yadıma salıram. İndi mən bu dəhlizlərin, sualların və ya seçimlərin hansıyam? 

Yoxsa elə hamısıyam.          

Mən haralara və kimlərə aidəm? 

Yoxsa elə onların və oraların hamısı mənə aiddir. 

Labirint sözü maraqlı gəlir. Labirinti biraz da laboratoriya kimi görək. Coşqunun içində olan ruha nələr qatıblar?

1985-ci ildə Bakıda doğulub. İki rəssamın sevgi meyvəsi olub. Memar Əcəmidə böyüyüb. SSRİ-dən müasir Azərbaycana keçid edən dövrə şahidlik edib. İnternetdən əvvəl və sonra yaşayıb. Filmlər, kitablar, rəqs, futbol, incəsənət...

Coşqun bağçasında Rayisa Nikolayevnanın insanlığı ilə yoğrulub. İlk 4 sinifi 9-nömrəli məktəbdə oxuyub. Roza Mehdiyeva toxunuşu var. 5-10 cu sinifləri isə Bakı Türk Anadolu Liseyində davam etdirib. Gül xanım, Mətin bəy, Nazmi bəy kimi müəllimlərin toxunuşu var. Son ilini ABŞ-da təhsil alıb. Skot Aykorn toxunuşu var. Universitetini köhnə Qafqazda İngilis dili və Ədəbiyyatı ilə davam etdirib. Aleksander Magill toxunuşu var. 

Başa düşdüyünüz kimi Coşqunun kimliyində onlarla toxunuş var. Biraz da yazsam özümün etdiyim toxunuşlardan yazmalı olaram amma nəyə lazım?!

Planet bir-birinə toxunan elementlər prinsipi ilə işləmirmi?

Bütün yollar Romaya aparır.

Bütün yollar Romaya aparırsa o zaman bu qədər yol nəyə lazımdır?

Hamı Romaya eyni vaxtda, eyni şəkildə və eyni səbəbdən gəlməyəcək. 

Ancaq hamı gedə bilsin deyə onlara arada “Romadan” işarələr göndərilir. 

Araf ortada dayanmaqdır. 

İnsanlar bizə daim nələrisə qatır. İzah edir və məsləhət verir. Onların bu məsləhət və işarələri ilə bir yerə qədər çatırıq. Sonra isə görürük ki, yeni bir yol başlayacaq. Bu yolda heç kimin söz-söhbəti keçmir. 

Bu yolda biz və bizimlə başlayacaq bir hekayə var. 

Biz isə bu yenilikdən qorxuruq. Qaranlıq dəhlizə tək girmək elə də asan deyil. Bir qayadan digərinə tullanmaq cəsarət tələb edir. Yüksəldikcə bəzən düşməmək üçün sadəcə bir barmağına möhtac qalırsan. Bütün bədənin həmin barmaqdan asılı qalır. 

İnsan seçim etməkdənsə ortada qalmağı qəbul edə bilər. Əslində ortada qalmaq da bir seçimdir. Freyd və Yunq nə deyirdi – çətinlik gələndə onunla dalaşırıq, gülüb yola veririk və ya donub qalırıq. Bunlar seçimlərdir. Hər bir seçim beynimizi müdafiə etmək üçün nəzərdə tutulub. Bütün seçimləri beynimiz üçün edirik. Bəs ürəyimiz nə deyir? Məncə Araf elə ürəyimizdən “nə istəyirsən, nəyə ehtiyacın var, niyə beləsən” soruşan zaman yaşanır.

Coşqun həyatla zarafat etməyi çox sevir. 

Çıxışların birində bir natiq demişdi ki, “mən hər şeyə gülməyə tələsirəm, yoxsa ağlamaq məcburiyyətim yaranar”. 

Bu cümlə ilə uzun-uzun yollar getmişəm. Amma sonda Satyajit Rai adlı rejissor və onun filmləri gözlərimə təmiz fərqli bir üfuq göstərib. İnsan istənilən halı ilə necə də gözəldir. Ağlasa da gülsə də özüdür. Yıxılsa da dursa da özüdür. Alınsa da, alınmasa da özüdür. İnsan özündən hara qaçırsa qaçsın gedib sonda özü ilə toqquşur. 

Arafsayaq soruşum: İndi mən sizə Coşqun barəsində yazdım yoxsa özüm? Coşqun və mən iki ayrı element deyilikmi?

Seçimlər və iki yol. 

Dualizm Adəm və Həvvadan bu yana yaranmış vəziyyətdir. 

Kişini qadınsız, gündüzü gecəsiz, yaxşını pis olan şeysiz təsəvvür etmək mümkün deyil. İkisi də olmalıdır ki, bütövlük yaransın. Belə çıxır ki, məni Coşqunsuz, Coşqunu isə mənsiz təsəvvür etmək axmaqlıqdır. Bir də ikimizə kənardan tamaşa edən kollektiv şüur var. 

Arafda dayanmış olanlar üçün yaxşı xəbər budur:

“Bütövlük yaransın deyə ikinci variantı yaşayırsız.” 

Özünüz özünüzün kişisi və qadını olursuz. Gecəsi və gündüzü olursuz. Pisi və yaxşısı olursuz. Sizin içiniz tam dolsun deyə, beton möhkəm alınsın deyə daxilinizə ikiqat qatqı əlavə edilir. 

İndi biz nə edək? 

İlklərinizi xatırlayın...

İlk çətinlikdən neçə il keçib?

İlk sevgidən, itgidən, öpüşdən, məsafədən neçə il keçib?

İlk gündən neçə il keçib?

İlk qeyri-əminlikdən neçə il keçib?

Keçməz dediyiniz ağrıdan və acıdan neçə il keçib?

Bu yollar, bu dəhlizlər çox maraqlıdır. Zəhəri də, məlhəmi də içində olur. 

Gəzə-gəzə ayağınıza zəhər də, məlhəm də dəymiş olur. 

Marafonun bir iştirakçısı mənə Arafı sifariş vermişdi...

Digəri isə mənə Arafını danışmış və demişdi:

Nəyi, nə üçün etdiyimi anlamıram. 

Bir sözlə özümü itirmişəm. Və ya axtarıram. Və ya gəlib həmin nöqtəyə çatmışam. Yeni dəhlizin giriş nöqtəsidir bu nöqtə. 

Giriş nöqtələri bizi qorxudur amma sonda onların xoş xatirəsi ilə yol qət edirik. 

Finiş xəttində, Romada hamınızı görə bilməyəcəm. 

Yol gedəndə divarlara diqqətlə baxın. Sizdən əvvəl gedənlərin yazılarını oxuyun. Sizdən sonra gələcək olanlar üçün nəsə yazın. 

23 sentyabr, 2026cı il – Coşqun Kərimov 

Divarda cızıram: 10 il əvvəl Sözün İziylə getməyə başladım. Sözlər sözləri gətirdi. Cümlələr cümlələrə səbəb oldu. Bir də gördüm ki, arxada 11 kitablıq yol getmişəm. İndi özümün Romasına az qalıb. 

Suallarınızı cızın, cavablarınızı cızın, uzaqbaşı şəkillər cızın. Lap elə bir xətt cızın. 

Cızın getsin. Rum rəqəmləri cızın getsin.

Şauşenk hekayəsində olan ikinci personaj kimi “mən də burada olmuşam” yazıb sonra Meksikaya, Endi Dufreynin yanına gedin. 

Yolunuzun sonunda bir sahil, bir qayıq və onu təmir etməyə çalışan yaxın dostunuzu görmək nəsib olsun.