Kitablar üçün 50 il

Coşqunu oxuyan insanlar necə insanlardır? Bu 10 ildə məni ən çox bu sual düşündürüb?


16 baxış
09.08.2026
1 dəq oxuma

Kitablar üçün 50 illik keçid dövrü var.
Bir çox kitab həmin dövrə qədər ömür yaşamır. Ya tez unudulur ya da heç oxunmur. 10 il keçdi. Növbəti 10 il də keçəcək. Tam 40 ili görə bilmək nəsib olacaqmı? Bəlkə də belə ssenari daha yaxşıdır. Əsas odur insan özünü tanısın.
Yazmağı hər zaman sevmişəm.
Sevgimi ötürmək nəsib olubmu? Bunu ancaq oxucular bilir.
Oxucular kimdir? Kimdir bu "mutlu azınlık"?
Türklərin Yaguar nəşriyyatı öz kitablarının arxa hissəsində belə yazır. Biz oxuculara "xoşbəxt azlıq" deyir. Yazılarımda buna zehni azlıq deyirdim.
Yaguar nəşriyyatı ilə Yu Hua adlı müəllifə görə tanış oldum. Yu Hua-nı oxuyan zaman çox sevinirdim. Bu işi belə görmək lazımdır deyirdim. Onun oxucusu kimi yaşadığım sevinci məni oxuyanlar da yaşayırsa bəsimdir. Çox şey istəmirəm. Qalan şeylər artıq bonus sayılsın.
Coşqunu oxuyan insanlar necə insanlardır?
Bu 10 ildə məni ən çox bu sual düşündürüb?
Necə bir insandır KVANı vərəqləyən biri?
Bir çoxunu görmək və onlarla ünsiyyətdə olmaq nəsib olub.
Onlar da mənimlə görüşüb danışıblar. Müəllif kimi özümü göylə aparmaq əvəzinə elə onlarla eyni yerdə dayanmışam.
Sadə, səmimi və doğma ...
Ancaq bu sadəlik sizi çaşdırmasın. Həmin sadəlik anlayışı zamanla və təcrübəylə gəlir. Mürəkkəb hissləri və düşüncələri 5-7 sözlük cümlələrin içi ilə ötürmək məsuliyyət tələb edir. Kabelin içi ilə yüksək cərəyan ötürmüş kimi olursan.
Həmin cərəyan səni vura bilər. Oxucunu da incidə bilər. Amma işini sevirsənsə yolunu tapırsan. Öz üzərində işləyib yol qət edirsən. İllər keçir və cümlələrinlə kəndləri, şəhərləri işıqlandıracaq cərəyanlar keçirmiş olursan