Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Coşqun Kərimov
  • Həqiqət və Arzu
    Coşqun Kərimov
  • 8 Baxış
  • 16.08.2025
  • 8 dəq oxuma

Həqiqət və Arzu

Vaxtıyla belə bir roman yazmaq istəyirdim. Bir insanın həyatında olan iki qadın haqqında idi. Bir qadın həqiqi dünyanı digər qadın isə arzu olunan dünyanı simvolizə edirdi. Professor adlı baş qəhrəmanın bir qızı var. Adı Ayandır. Ayan Arzunun qızıdır. Atasından xəbəri yoxdur amma professor ilə arası çox mehribandır. Bu ideya ilə işləyən zaman düşündüm ki, Ayan özü bir roman ola bilərdi.

Həqiqət və Arzu

Fəsil 1   

Professorun Kitabçası  “Professorun kitabçasını tapmışam. 

Neçə gündür ki, oxuyuram. Oxuduqlarıma inana bilmirəm.”

Cavidin qucağında rahat şəkildə uzanmış Ayan, aralarında yaşanan xoş səssizliyi pozdu. Danışmaq həvəsi olmayan Cavidin üz ifadəsini nəzərə almadan, isti yerindən qalxıb, masa üstündə olan kitabçanı götürdü. Yarıda qoyduğu səhifəni açaraq, kitabça barəsində artan həvəslə danışmağa davam etdi. (Qarşıda onu uzun bir nitqin gözlədiyini anlayan Cavid, yataqdan qalxaraq, ehmalca əynini geyinməyə başladı.) 

“Əlimdə onun etirafları var! Bunun nə demək olduğunu başa düşürsən?” Ayan iri gözlərini Cavidə bərəltmişdi. Əynini geyinən oğlandan, alovlu nitqinə davam etmək üçün, təsdiq işarəsini gözləyirdi. Əslində, Ayan özü ilə danışırdı və hiss olunurdu ki, Cavidi yola salıb kitabçanı oxumağa, bu mistik insanı yaxından tanımağa davam edəcək. Başa düşməsə də, başını yelləyən Cavid onun davam etməsini istəyərcəsinə, “Yəqin qızlar sevinəcək!” dedi. Son iki ayda, universitetdə olan hər kəs, əsasən də qız tələbələr, yeni gələn professordan bəhs edirdi. Onun bu universitetə gəlişi, rektorluq tərəfindən “möcüzəyə” bərabər xəbər kimi qəbul edilirdi. Akademik heyətdə olan hərkəs, professorun bu təhsil ocağına gəlmə səbəbini anlamağa çalışırdı. Ayan cavabın bu kitabçada ola bilmə ehtimalından həyəcan yaşayırdı. Bu qızın professora olan gizli simpatiyasının başqa bir səbəbi də var idi. Özünə etiraf etməsə belə, professoru, “heç vaxt görmədiyi atasını əvəz edəcək bir ata qismində” görürdü. Dərsdə və ya tədbirlər zamanı ona bir ata nəvazişi ilə gülümsəyən bu insanın istisinə doya bilmirdi. Bəlkə də məhz bu istini hiss etmək üçün daim onun yanında olmağa çalışırdı. Və yaxud daim özünü onun yanında tapırdı. Universitet şəhərciyinin yenicə salınmış parkıyla gəzişə-gəzişə, “atasıyla” müzakirə edə bilmədiyi mövzuları professorla müzakirə etmək ona çox xoş gəlirdi. Bu gəzintilərin bitməsini istəmirdi. Hər gəzinti ilə bu adama daha da çox bağlanırdı. Hündür boyu, rəqqaslarda ola biləcək qaməti, tanınmış yazıçı karyerası, yumor hissi, nitq qabiliyyəti, ədəbiyyata və fəlsəfəyə olan sevgisi bu adamı mükəmməl edirdi. Ancaq, Ayan bilirdi ki, heç kim mükəmməl deyil. (Anasından tez-tez bu fikri eşitməsi, onu hər zaman diqqətli olmağa vadar edirdi.) Buna baxmayaraq professoru, gənc və sadəlöv olan ürəyinə yaxın buraxmışdı. 

“Qızlar!? Onlar bu kitabça barəsində bilməsə yaxşıdır.” 

Cavidin ağzından çıxan cümlə Ayanda peşmançılıq hissi yaratmışdı. “Qızlar” sözü məsələnin nə qədər böyüyə biləcəyindən xəbər verirdi. Kitabça və etiraflar haqqında ondan başqa heç kim bilməməli idi. Ayanın baxışlarında olan qətiyyət Cavidin cümləsini geri götürməsinə, otağı tərk edib günə davam etməsinə səbəb oldu. Qapıdan çıxmazdan əvvəl, hələ də çılpaq olan Ayanın, sol çiynini, boyun nahiyyəsində olan xalı, yanağını, burnunu öpən Cavid, növbəsini gözləyən dodaqlara sonuncu ştrixi vurmazdan öncə (qısqanclığını biruzə vermədən, gülümsəyərək) dilləndi: 

“Ümid edirəm ki, etirafları oxuyandan sonra “əziz” professorunla bağlı məyusluq yaşamazsan.” 

Ayan, gənc olmanın dodaqlarına verdiyi dad və təravətlə, Cavidin sözünü bitirməkdə olan ağzını yumdu. Qapı çoxdan bağlanmışdı. (Özünə bir təhər qayıdan oğlan, başına gətirilən bu öpüşün təsirini gün ərzində dəfələrlə hiss edəcək və Ayanla bir daha görüşə bilmənin həvəsini yaşayacaqdı.) 

Bakının mərkəzində yerləşən, anası tərəfindən onun üçün xüsusi zövqlə dekor edilmiş evin otaqları, tənhalığı unutdura biləcək qədər təsirli olmasa da, Xəzər dənizinə açılan mənzərə, “bir gün, bu ev, həqiqi ailə görər” ümidiylə yaşayan qızın ruhuna ümid bağışlayıb, sakitləşdirə bilirdi. 2 gün əvvəl professorun çantasından düşən kitabça, dənizə baxan eyvanın masasında həfif küləklə sığallanırdı. Masada olan, yenicə dəmlənmiş, məxməri çayın ətri, yazılarla dolu səhifələrin ətrinə qarışmağa başlamışdı. Ayan çayı və kitabçanı qurtumlaya-qurtumlaya, “mükəmməlin” arxasında gizlədilmiş dünyanı tapmaq üçün yol qət edirdi. 22-ci səhifədən sonra o, bir də çay üçün əlinə stəkanı götürməyəcəkdi. Kitabçada yazılanlar onun üz ifadəsini dəfələrlə dəyişəcək və onun tez-tez döyünən ürəyinə yeni hisslər qazandıracaqdı. 22-ci səhifə... İki dəfə. 

Həyatımda iki dəfə sevmişəm. 

“Bir kişinin sevməsi mümkündürmü” deyə düşünə-düşünə, bu qəribə cümləni kinayə ilə yazıram. Bəli, həyatımda iki qadın olub. Bunu özümə etiraf edə biləcək cəsarəti nəhayət ki, tapmışam. Birinci qadınımın adı Həqiqətdir. İkinci qadınımın adı isə Arzudur. Birinci qadınımı bütün dünya tanıyır. Onun üçün yazdığım kitabları milyonlarla oxucum vərəqləyir. 25 il onunla birlikdə yaşamışıq. İkinci qadınımı isə hamıdan gizli tutmuşam. Onunla birgə 5 ilim keçib. 10 ildən çox müddətdə isə dünyanın hər yerində ona yaxın ola bilmək üçün fürsət axtarmışam. Onun barəsində sonuncu dəfə yazıram. Aramızda olanları bir daha düşünməmək və həyatımı səhmana salmaq üçün bunu etməli olduğumu düşünürəm. Bəlkə də bu vaxtdan sonra gec və mənasız addımdır. Buna baxmayaraq həmin addımı atıb həyatıma rahat şəkildə davam etmək istəyirəm. Həyatımda iki qadın olub. İki qadın şəxsiyyətimi demək olar ki, bütün çalarlarıyla görüb. Bu iki qadını birləşdirən cəhət “eqom” olub. Hər ikisi də eqomun qurbanına çevrilib. Nəticədə ikisi də, “özündən başqa heç kimi sevə bilməyəcəksən” deyib. Davranışlarım onların dediklərinə dəfələrlə haqq qazandırıb. Ədəbiyyat milyonlarla insanın maraqla oxuduğu etiraflar və fantaziyalar dünyasıdır. Bu etiraflar və fantaziyalar əslində bir nəfəri hədəf tutur. Bir nəfər üçün yazılır. Bu cümləni çox sevdiyim yazarlardan dəfələrlə eşitmişəm. İndi isə özüm də rahatlıqla deyə bilirəm. Bu kitabçanı səni nəzərimdə tutaraq yazıram. Çox detalı birbaşa yaza bilmirəm. Özüm də öyrəndiklərimi həzm etməli, aramızda olan məsafəni qısaltmanın yollarını axtarmalıyam. Hər cümlə həmin axtarışın bir hissəsi olacaq. Hər cümlə onsuz da mürəkkəb olan hekayənin, sonu görünməyən sərhədlərinə işıq tutacaq. Hər cümlə bizi yad edən məsafə-zaman adlı divarın daşlarını darmadağın etmək cəhdim olacaq. Bu hekayəni məhz iki qadınımla başlamaq istədim. Onlar haqqında yazarkən məni daha da yaxından tanıyacağını və bəlkə də sonda olduğum kimi qəbul edə biləcəyini düşündüm. Ümidlərim böyükdür. Həyatımı da belə yaşamışam. Ən çətin vaxtlarımda, ilahi bir qüvvənin gəlib hekayəmə düzəliş edəcəyinə ümid etmişəm. Bəlkə də bu hekayənin sonunda eyni qüvvənin təsiri altında qalacayıq. İkimiz də dəyişib, kamilliyin növbəti pilləsinə çıxmanın rahatlığı ilə görüşə biləcəyik. Kitab cümlələri adətən bəzəkli olur. Yazanların məqsədi oxucu səyahətini maraqlı etməkdir. Bu kitabçanı “oxumağadəyər” edən bir element var. Bu element sənsən. Cümlələri bəzəməyə ehtiyac görmürəm. Burada yazılan cümlələrin işi onsuz da çətindir. Onlar ikimizin də illərlə yaşadığı həsrətə qısa müddət ərzində son qoymaq üçün yola çıxıblar. (Ayan bu cümləni bir daha oxumalı oldu. Növbəti dəfə oxuyarkən əli qeyri-ixtiyarı şəkildə yanağına yapışdı. Anasının, Cavidin və rəfiqələrinin ona göndərdiyi mesajlar oxunmamışdı. Buraxılmış zənglərin sayı 9-a çatmışdı.)

Digər məqalələr

Hərə Bir Şey Deyir

Hərə Bir Şey Deyir

  • 61 Baxış
  • 14.08.2025
  • 4 dəq oxuma
Hamı bu dünyanı başa düşdüyü kimi izah etməyə çalışır. Amma bir məsələ var ki, bu dünya hərkəsin başı üçün deyil. Lazım olan başı olanlar da o qədər m ...
Hər kəs
Daha çox
Yaz Görək 21 Marafonunda Misogi vaxtı

Yaz Görək 21 Marafonunda Misog

  • 129 Baxış
  • 08.08.2025
  • 5 dəq oxuma
Bircə fikir kifayət edir ki, ruhumuzu kirli etsin. Hər insanın daxilində onu illərlə incidən və çıxarılmağı gözləyən bir tikan var. Misogi ritualı ilə ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Destek
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2025 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.