15 illik yol gedirəm

Bu yazı təlimçi olmaq istəyənlər üçündür...


9 baxış
08.07.2026
2 dəq oxuma

Bir təlimçi nələri yaşaya bilərdisə bütün bunları yaşamışam. 
Müxtəlif zallar, ekzotik auditoriyalar, surreal vəziyyətlər, müştərilər, istəklər, ehtiyaclar, iri sifarişlər, gülməli sifarişlər, ciddi layihələr, ekzistensial krizis yaşadan layihələr. (Dövlət sifarişləri, özəl sektor, kosmos, idman, səhiyyə və s.)
Bunları yazan zaman 15 ilin necə gəlib, necə getdiyini düşünürəm. 
Başlayan zaman bazarda olan vəziyyətlə indiki vəziyyət haqqında çox şey yazmaq olar. Bəlkə də hissə-hissə paylaşaram. 
Sadəcə bir statistika kifayət edəcək:
"Mən bu təlimlər dünyasına gələndə kərə yağının kilosu 7 manat idi. İndi normal kərə yağının qiyməti 25-30 manat arasında dəyişir." 
Bax belə bir yol gedilib. İndi bunu niyə yazıram. 1 və ya 2 təlimdən sonra ruhlanıb özünə təlimçi deyən yeni nəsilə baxanda onlara paxıllıq edirəm. Onlar kimi saf olmaq istəyirəm bir daha. 
Yenə seminarlara və görüşlərə qaçmaq və səhnədə dayanmaq istəyirəm ilk dəfə. Yenə çətin görüşlərdən çıxmaq və soyuq duşlar almaq istəyirəm. Yenə yaxşı sifarişlərlə viraj etmək istəyirəm. Zalda oturan müxtəlif iştirakçılardan sualları ilk dəfə eşitmək istəyirəm. Yenə hər təlimdən sonra yanıma yaxınlaşan həmin o sakit kəsləri istəyirəm. (Bütün həyatlarını 2-3 dəqiqədə izah etməyə çalışanlar.) Yəqin ki, hər dövr öz pəncərəsindən daha gözəl görünür. 
Yenicə təlimçilik edən kəslərə uğur arzu edirəm. 
90%-niz hardasa 6 aydan sonra bu fəaliyyəti dayandıracaq və təmiz başqa işlə məşğul olacaqsınız. Bu normaldır. Kənardan hər sahə asan, gözəl və pullu görünür. 
Bunu nə üçün bu qədər rahat ehtimal edirəm. 15 il ərzində hər il başlayan, parlayan və sönən nə qədər sima görmüşəm. 
Qalan 10%-də olanların işi isə daha çətindir. 
Zallar və müştərilər getdikcə daha tələbkar olacaq. 
Onlar sizdən sadəcə yaxşını deyil, ən yaxşısını istəyəcək. 
Siz də gəlib elə bir dövrə çatacaqsınız. Həmin o təlimçilərdən biri olacaqsız.
Həmin dövrdə yağın kilosunu düşünmək belə istəmirəm. :)