Qazi Kazımov Kәnan

“Qazi Kazımov Kәnan — Allah ömrünü uzun etsin. Döyüşün ilk günündәn bir yerdә qalırdıq. Yunislә Kәnan yaralandı, Dmitri ilә Elsәvәr şәhid oldu, Cavidanla mәn sağ qaldıq.


737 baxış
02.01.2024
2 dəq oxuma

Qazi Kazımov Kənan — Allah ömrünü uzun etsin

Döyüşün ilk günündən bir yerdə qalırdıq. Yunislə Kənan yaralandı, Dmitri ilə Elşəvər şəhid oldu, Cavidanla mən sağ qaldıq.

Allahın qəribə işləri var... Kənan hər zaman hamıdan öndə döyüşərdi, bir dəfə belə qorxmazdı. Snayper Kənanı vuranda güllə arxa çantada olan 5.45-lik gülləyə girmişdi. 7.62 diametrli güllə 5.45-ə girib orada qalmışdı. Çox maraqlı görüntüsü var idi. Kənan döyüş boyu onu üzərində gəzdirirdi.

Yaralanmamışdan öncə Kənangil mühasirəyə düşmüşdü. Gecə mühasirədən çıxıb bizim yanımıza gələndə çoooox sevinmişdim. Dmitri Kənana zarafatla hər dəfə deyirmiş ki:

— Mənim yanımda durma, mərmi düz yanıma düşür, sən də öləcəksən.

Son döyüşdə elə də oldu. Mərmi düz Dmitrinin yanına düşdü. Əsas qəlpələr onu şəhid etmişdi, ancaq iki əsgər ağır yaralanıb sağ qalmışdı.

Dmitri şəhid olanda Kənan yuxarıdan üzüaşağı:

— Dədə, Dmitri şəhid oldu... — deyə-deyə üstümə gələndə, sanki bütün dünya gözümdə sönmüşdü.

Hər kəs bir tərəfə sığınmışdı, hamı qorxurdu. Kənanın başını qan içində görəndə anidən ayıldım:

— A kişi, nə Dmitri?! Gözlə, sən nə gündəsən?! Çıxart sarğını, təcili ver!

Özümdə qalmamışdı...

Hər tərəfə mərmi düşürdü, hər tərəfə. O həyəcanla Kənanın başını necə sarıdım, bilmədim. Sonda dəbilqəsini möhkəm başına sıxdım ki, pambıq-bint başına sıxılsın, qan çox axmasın.

Təcili bir yerdə otuzdurdum, özüm də mövqeyimi dəyişdim. Çünki əks-hücum edildiyi deyilirdi. Tez-tez geri gedib Kənana baxır, sonra yenidən mövqeyimə qalxırdım.

Sonra əsgərlərdən biri Soltanbəy Kənanı götürüb kənd tərəfə aparıb. Çox az dəqiqə fərqi ilə Kənan sağ qalıb.

Hər gün, hər kəsdən Kənanı soruşurdum. Vəziyyəti ağır olduğu üçün heç kəs məlumat əldə edə bilmirdi...

Hazırda aldığı zərbədən nitq qüsuru var və baş nahiyəsinin bir hissəsi yoxdur. 😞 İnşallah, estetik əməliyyatla düzələcək deyirlər.

Necə Yunis üçün, eləcə də Kənan üçün deyirəm. Əlimdə imkan olsaydı, bütün medalları Kənanın sinəsinə taxardım.

Allah səni xoşbəxt eləsin, qardaşım.