Qazi Pərvin Quliyev

Pərvin müharibənin ən aktiv əsgərlərindən biri idi. İstər yaralı daşıyanda, istər bölüyə təminat aparanda, istərsə də döyüş zamanı Pərvini görməmək mü


19 baxış
22.09.2026
1 dəq oxuma

Bu gün Pərvinin ad günüdür.

Pərvin müharibənin ən aktiv əsgərlərindən biri idi. İstər yaralı daşıyanda, istər bölüyə təminat aparanda, istərsə də döyüş zamanı Pərvini görməmək mümkün deyildi.

21 oktyabr günü saysız-hesabsız minaatan atəşləri altında Pərvinlə birlikdə Minbatın yaralı əsgərini daşımağımız heç vaxt yadımdan çıxmaz.

Mövqeyimizi durmadan minaatanlarla vururdular. Yaralıların sayı həddindən artıq çox idi. Kiçik bir təpənin arxasında cəmləşməyə qərar verdik. Qaçaraq hərəkət etdiyimiz zaman yerdə bir əsgərin ağladığını gördük:

— Qaqaş, məni aparın, yaralanmışam. Burada qoymayın məni...

Ətrafa baxdım. Pərvini görən kimi dedim: “Pərvin, kömək elə, aparaq.”

Qardaşı sağ-salamat öz əsgərlərinin yanına çatdırdıq. Hətta tank səngərinin içində banan, keks və başqa şeylər də var idi. Əsgərə yedizdirdik.

İllər sonra Mayor Azayevin qəbrini ziyarət edərkən həmin qaqaşla yenidən görüşdük. Şükür Allaha, sağ-salamat idi.

Bir də Xocavənddə olduğumuz vaxt baş verən hadisə var. Pərvin evlə telefonla danışırdı. Yanımıza gələndən cəmi 10-15 saniyə sonra Pərvinin telefonla danışdığı yeri dəqiqliklə vurdular.

Düşünürsünüzmü, Pərvin 10-15 saniyə daha evlə danışsaydı, nələr ola bilərdi?

Həmin gün baş verən hadisənin təsirindən heç birimiz uzun müddət çıxa bilmədik.

Şükür Allaha, Pərvin sağ-salamatdır. Bu gün isə evində ailəsi, dostları və doğmaları ilə birlikdə ad gününü qeyd edir.

Ad günün mübarək, Pərvin! Allah səni ailənə, dostlarına və bütün sevənlərinə bağışlasın. Həmişə belə sağlam, güclü və xoşbəxt olasan.