Səhər açılan zaman hər şey çox sürətli gedirdi... Hər kəs nəyəsə tələsirdi. Bu gün döyüşə girəcəkdik. Silah-sursatları sonuncu dəfə kontroldan keçirirdik.
Saat 11 olardı, döyüş maşınlarına mindik. Proses çox sürətli gedirdi. Maşınlar müəyyən ərazilərdən çox sürətlə keçir, bəzən də kolon çox asta gedirdi.
Nəhayət, döyüş bölgəsinə çatdıq. Saat artıq 1 olardı. Sürətlə hər kəs irəliləməyə başladı.
Hərbi hissə komandirini gördüm. Bir əli ilə düşmənə tərəf durmadan atəş açır, bir əli ilə də bizi irəliyə səsləyirdi.
O qədər sürətlə irəliləyirdim ki, heç nə ağlımda deyildi. Cavidanı itirmişdim.
Aprel döyüşləri zamanı artilleriyada xidmət etmişdim. Bilirdim ki, artilleriya önə getdikcə vura bilmir, korlaşır... Maksimum önə gedib düşməni yerində öldürmək lazım idi.
İstirahətə qayıdan zaman bildim ki, təqribən 10-12 km məsafəni qaçmışıq. Özü də silah-sursatla və artilleriya atəşləri altında.
Kinolarda belə görmədiyimiz aura var idi.
Getdiyin yerdə yanındakı tankı vururlar, partlayır... Bir saniyə öncə keçdiyin yeri vururlar, kimsə şəhid olur. Nəşi göylərdə uçur...
Ön tərəfinə artilleriya mərmisi atır, düşür, hər yer qaralır... Yıxılırsan, durursan...
Susuzluq və aclıq adamı bir az da haldan salırdı. Ağzım qumla dolmuşdu.
Qaçan zaman yaralı əsgəri görürsən, əyilirsən kömək etməyə, ayağa qaldırırsan, yenə önə tərəf qaçırsan.
Və bataqlığa çatdıq.
Bataqlığın göbəyə qədər axar suyu var idi. Hər tərəfi də qamışlıq idi. Sudan üzümə çəkdim, bir az sakitləşdim.
Bizi burada şəhid Nadir qarşıladı. Xüsusi təyinatlı idi. Döyüş yoldaşlarından çoxu şəhid olmuşdu... Amma tək bu ərazilərə nəzarət edirdi.
Bir neçə dəqiqə komandirlə söhbət etdilər. O qədər uzaqlaşmışdıq ki, artıq bizimlə heç kəsin əlaqəsi yox idi. Rabitə qurmaq mümkün deyildi.
Tabor komandiri soruşdu:
— Önümüzdə erməni postu var. Kim mənimlə gedər?
Dedim:
— Komandir, mən sizdən başqa heç kimi tanımıram. Mən gedirəm...
Bu zaman Fəqan da dedi:
— Əli, mən də səndən başqa heç kimi tanımıram. Mən də gəlirəm.
4 nəfər — tabor komandiri, rabitəçi, Fəqan və mən — bataqlığın içərisi ilə irəliləyirdik.
Çox dərin sükut var idi...
Bu zaman arxamıza, bataqlığın içinə mərmi atıldı. Arxada səs-küy artdı. Amma biz asta-asta irəlilədikcə səs-küy tamamilə itdi.
Bataqlığın yan sahilinə çıxıb sakitcə uzandıq.
Bir xeyli zaman uzanılı qaldıq. Çünki həm kor güllələr, həm də kor mərmilər atılırdı başımızın üzərindən.
Bu an uzanan halda namaz qılmağı düşündüm və başladım namaza.
Komandir təlaşla:
— Əsgər, neynirsən? — dedi.
Fəqan:
— Namaz qılır, komandir, — dedi.
— Hə, qıl-qıl, — deyib sanki rahatladı.
Namazımı bitirdim. Komandir dedi:
— Qalxın.
Üstə çıxıb ard-arda uzandıq. Solumuzda da komandir idi. Aramızda təxminən 1,5 metr məsafə var idi.
Üzünü mənə tutub dedi:
— Əsgər, postu nişan al, görürsən?
Nişan alanda gördüm ki, heç 15-20 metr məsafə olmayan uzaqlıqda ermənilər postda bir-birlərinə daraq-güllə atır, bir-birlərini çağırırdılar.
— Əsgər, bax, o postu alacağıq.
— Komandir, 4 nəfər bu qədər erməni olan postu? — deyə bir az da gülümsədim.
— Əmr belədir.
Bunu deyən zaman düz aramıza minamyot düşdü.
Sanki öldüm...
Gözlərim qaraldı və qulaqlarım tutuldu. Üstümə ağır qəlpələr düşdü. Torpağa bərk-bərk sıxıldım.
Ağır, çingiltili səs hər tərəfi bürüdü.
Sanki quyunun içindən:
— Əsgər, sağsan? Əsgəəəəər? — deyə səs gəlirdi.
— Bəli, komandir, yaxşıyam.
Deyən kimi:
— Fəqaaaaaan! — deyə qışqırdım.
Dedi:
— Mən də yaxşıyam.
Fəqan özü də rabitəçini soruşdu.
Dedim:
— Komandir, yaxşıyıq.
Dedi:
— Mən yaxşı deyiləm.
Düşünürsünüz, aramızda 2 metr məsafə belə yoxdur və ora minamyot düşür. Qəlpələri yüksəyə qalxır, sağa-sola vurmur.
İsti qəlpələr komandirin belinə girmişdi.
Təcili uşaqlarla bataqlığa düşüb komandiri sarımağa başladıq.
Aranın sakitləşməsini gözlədik.
Artıq hava qaralırdı.
Asta-asta geriyə çəkilən zaman yolda şəhidlərimizi gördüm.
İsayev İmran bir şəhidin başı üstündə idi, ağzını bağlamağa çalışırdı. Mən də gilizini axtarıb tapmağa çalışdım. Amma tapa bilmədim.
Amma tanıdım kim idi.
Çox ağır mənzərə idi...
Heç nə edə bilməmək...
Uşaqların yanına gəlib çatdıq. Cavidanı ilk öncə tapdım. Sonra cəmləşdik.
Bu zaman Yunis yox idi.
Elə bildim ki, şəhid olub...
(Sən demə, yol ayrıcında şəhid Hacı Rza ilə şəhid Nadirə qoşulub döyüşə gedib.)
Yunis üçün çox təsirlənmişdim. Heç özümə gələ bilmirdim.
Bu gün çoxlu yaralı və şəhidimiz var idi. Feyzullayev Aydın da bu gündən etibarən itkin qalıb.
Suyun içində olan paltarlarım bu gecə əynimdə qurudu.
Gecəni səhərə qədər ağrı içində yatdım.
Hadisələrin həyacanından özümə gələ bilmirdim.
Mən haradan sağ çıxdım?
Xudaya...
Mənə kim dua etdi?
Kimin səsini eşidib məni həyatda saxladın?