Səhər yeməyindən dərhal sonra silah-sursatlar götürüldü və maşınlara mindik.
Bu zaman Bakıdan iriçaplı raketlər atıldı.
Artıq müharibə başlamışdı.
Yolda uşaqlar evlə əlaqə saxladılar. İnternetin kəsildiyini və müharibə elan edildiyini öyrəndilər.
Üzü Füzuli istiqamətinə hərbi kolonlar yol aldı. Bütün hərbi hissə — tanklar, KamAZ-lar, hamısı...
Yolda insanların izdihamı, əsgərlərə yardım etmək üçün yarışa girmələri adamı qürurlandırırdı.
— Bax, bu xalq üçün ölməyə dəyər, — dedi bir əsgər. Gözləri dolmuşdu.
Yol boyu maşın başçısı olan komandirimiz Əli (Qarabağ qazisidir) hərdən gəlib bizə ürək-dirək verir, Allah və Peyğəmbərdən (s) danışır, “Ya Əli” deyib təzədən maşına minirdi.
Bir dəfə saxlayanda:
— Uşaqlar, döyüşdən salamat qayıdaq. Hamınızın nömrəsini götürmüşəm, toyuma çağıracağam, — dedi.
Biz də hamılıqla:
— İnşallah, komandir, mütləq! — deyə qışqırışdıq.
Füzuli istiqamətində rayonları keçdikcə izdiham artır, yardım üçün camaat küçələrə axışırdı.
Kənanla söhbət edirik, dualar oxuyuruq və namaz vaxtı namazımızı qıldıq.
Füzuliyə çatar-çatmaz yaşayış olan son kəndlərdə analar qapıya çıxıb bizə baxaraq mərsiyyə oxuyurdular.
Artıq hər şey bəlli idi.
Axşam saatlarında Horadizə çatdıq.
Ambulans maşınları dayanmırdı.
Yaralı-şəhid artıq var idi.
Horadizdə cəmləşdik və güllələri təhvil aldıq, daraqları doldururduq.
Bu zaman cəmləşmə məntəqəsini vurdular, şərəfsizlər.
İlk dəfə idi düz yanımızda minamyot partlayırdı.
3 şəhid artıq var idi.
Hər üçü tərxis olacaq əsgərlər idi.
Cəmləşmədə artıq idarə itdi. Gecə vaxtı hər kəs bir yerə çəkildi.
Nə Cavidanı tapa bilirəm, nə Kənanı...
Bir qaraj tapıb gizləndik.
Valeh adlı könüllü dəhşətli qorxu içində:
— Məni tək qoyma, qorxuram, — deyib yanımda oturdu.
Gecəni qorxu və soyuq içində keçirdik.