Səhər saat 11:00 radələri idi. Hərbi hissənin parkında idik. Tabor komandiri:
— Əzizlər, müharibə xəbəri ilə sizi sevindirəcəyəm, az qaldı, — dedi.
Parkda sursatları maşınlara yükləyirdik. Bu zaman bir zabit gəldi. TƏT komandiri idi.
— Komandir, o düzdür ki, sabah müharibə başlayır?
— Uşaqlar, zabitin həftədə bir istirahət günü var, onu da müharibə edək? Dayanın, oturmuşuq da, — deyə əsgərlərlə zarafat etdi.
Günorta yeməyində artıq rezin “juqutlar”ın — qanaxmanın qarşısını almaq üçün istifadə olunan vasitələrin — hazırlanmasına başlanmışdı. Həqiqətən də müharibə qoxusu gəlirdi.
Tez bir balaca vərəq tapıb vəsiyyətimi yazmaq istədim. Telefonum da yox idi. Amma həmin gün evlə və dostlarımla bir neçə dəfə danışdım. Bacardığım qədər işlərimi yoluna qoydum, əsas xahişlərimi dostuma dedim.
Axşam yeməyindən sonra içində soyadlarımız və adlarımız olan gilizləri hazırlayırdılar.
Cavidanla həmin gecə çox söhbət etdik. Ən çox da onun üçün narahat idim.