21 Sentyabr
Sübh namazından sonra anam qalxaraq dedi:
— Bu gün “Jek”dən ataya zəng gəlib. Səni istəyirlər, mütləq get.
— Yaxşı, anacan, — deyib yenidən yatdım.
Saat 9-da anam yenidən zəng etdi:
— Ata, qalx, get. Səni çağırırlar, tez ol!
Deyinə-deyinə qalxıb bir çay içdim. Sonra maşınla deyilən yerə getdim. Çatan kimi dedilər:
— Sən hələ burdasan? Getməmisən? Təcili özünü “voenkomata” çatdır!
Tez-bazar maşına əyləşib Hərbi Komissarlığa tərəf yola düşdüm.
Ora çatanda polisləri və böyük bir insan izdihamını gördüm. Hələ də mənə heç nə çatmırdı. İçəri daxil olub ad-soyadımı dedim. Mənə dedilər:
— Evdəkilərə xəbər et. Səfərbərlikdir. Yəqin ki, bir neçə saatlıq səni əsgər aparacağıq.
Anama zəng etdim:
— Səfərbərlikdir və mən gedirəm. Maşın buradadır, qaqaş və ya ata gəlib götürsün.
Hər şey elə o an başladı…
Valideynlərin sayı getdikcə artır, insanlar nələrisə duymağa başlayırdı. Sanki bunun üç saatlıq təlim-filan olmadığı hiss olunurdu. Bu, həqiqi səfərbərlik idi.
Tovuz hadisələrindən sonra könüllü yazılmışdım. Hadisələrin təsiri hələ də üstümüzdə idi. Bir də “arvadlar deyirlər, sentyabrda müharibə başlayacaq” söhbətləri gəzib-dolaşırdı.
Anamgil gəlib çatdı. Göz əməliyyatım yeni olmuşdu. Həkimlə əlaqə saxladılar və mümkündür ki, aparmasınlar, dedilər. Amma getməkdə israr etdim:
— Narahat olmayın, hər şey yaxşı olacaq.
WhatsApp-da bir status yazdım ki, dost-tanış xəbərdar olsun. O andan etibarən yazılar, zənglər dayanmadı.
Dəyərli ruhani Hacı Şahin zəng edəndə sanki dünyanın bütün yükü üstümdən götürüldü. Çox böyük bir aramlıq yaşadım.
Sonra yenə qohumlar, dostlar zəng etdikcə sıxılmağa başlayırdım. Ürəyimdən keçirdi ki, kaş Hacı bir də zəng edəydi, bir də səsini eşidəydim…
Hacı yenə zəng etdi.
Yenə aramlıq tapdım.
Bu hal 2-3 dəfə təkrarlandı…
Namaz vaxtı yaxınlaşanda soruşdum:
— Mümkündür namazımı qılım, sonra çıxarıq?
— Olar, — dedilər.
Bir otaq göstərdilər. Bir neçə nəfər də mənimlə gəldi və namazımızı qıldıq.
Nömrələr heç vaxt yadımda qalmırdı. Kontakta girib Aydanın nömrəsini əzbərləməyə başladım.
Və o an gəlib çatdı…
Atam bir neçə qalın paltar alıb gətirmişdi. Bir dənə də qələm çıxarıb cibimə qoydu:
— Al bunu. Qələm hər yerdə lazım olur.
Görüşdük…
Sonra böyük bir izdihamla Hərbi Komissarlıqdan yola çıxdıq.
Bilmədiyimiz, hiss etmədiyimiz, başa düşmədiyimiz bir yola çıxdıq.
P.S. 13 oktyabrda qaqaş cəbhə bölgəsinə yanıma gələndə mən də atama erməni əsgərinin dəftərini hədiyyə göndərmişdim. :)