Mayor Azayev şəhid olduğundan bizə yeni komandir göndərmişdilər. Şəxsi heyəti bir araya toplayıb şəhid və yaralıların siyahısını çıxartmaq lazım idi.
Yağış yağırdı. Uşaqlar yarımçıq tikililərin üzərini bağlayıb içərisində mövqelənmək istəyirdi. Bu hərəkətliliyi erməni artilleriyası görmüşdü.
Duman onların üzərinə gələn zaman bizi atəşə basdılar.
Artilleriya taktikasıdır. Əks tərəf atəşin haradan olduğunu görə bilmədiyindən koordinat çıxara bilmir. Çox böyük qüvvə ilə bizi artilleriya ilə vurmağa başladılar.
Arxadakı bütün yarımçıq tikililəri vurdular. Yaralı və şəhidlərin sayı çoxalırdı.
Bu an onların motoatıcı taboru da əks-hücuma keçmişdi. Uşaqlar hasara tərəf qaçdılar ki, atəş açıb ermənilərin qarşısını alsınlar.
Bu zaman düz hasarın dibini artilleriya vurdu.
Kənan qaça-qaça üstümə gəldi:
— Dədə, Dmitri şəhid oldu.
— Dayan görüm, nə Dmitri? Sən nə gündəsən? Otur aşağı.
Kənanın başı qan içində idi. Başının bir hissəsi qopmuşdu. Qandan başının bir hissəsinin əyriliyi seçilirdi.
— Tez, bintini ver görüm bura.
Hər yerə mərmi düşür. Sağa-sola, hər tərəfə...
Oturub Kənanın başını sarıdım. Sarımaq deyəndə, bir onu bildim ki, kaskanı möhkəm sıxdım ki, qanı çox axmasın.
Otuzdurub dedim:
— Səbirli ol, ara sakitləşsin, sanitarkaya çatdıraq səni.
Dmitri tərəfə baxdım. Yerindəcə şəhid olmuşdu.
Ağrı-acısız, can çəkmədən...
Bu zaman biraz önümüzdə olan minaatan batareyanı vurdular. Uşaqlar bizim yanımıza çəkildilər. Yaralıların sayı sürətlə artırdı.
Leytenant Rüstəm Həkim bacardığı qədər yaralıların yanına qaçır, dərman-bint işlərini görürdü.
Bu zaman dayandığımız nöqtəni vurdular.
Hər yer qaraldı.
Bir dənə o yadımdadır:
— Cavidan, sağsan?
Dedi:
— Yaxşıyam.
Dedim:
— Dur, mövqeni dəyişək.
Qaçdıq. Sağ tərəfdə bir yer var idi, orada dayandıq.
Kənan Soltanbəylə üzü arxaya, sanitarkaya tərəf getmişdi.
Əlimizdən heç nə gəlmir, artilleriya atışının susmağını gözləyirdik.
Birdən dayandığımız nöqtəni də vurdular.
Hər yer toz-dumana döndü.
Cavidanla qalxıb daha təhlükəsiz yerə tərəf qaçmağa başladıq. Hər kəs hansısa istiqamətə tərəf qaçırdı.
Bu zaman bir əsgər:
— Qurban olum, yaralıyam, məni qoymayın! — dedi.
Gözüm Pərvinə sataşdı.
Dedim:
— Pərvin, getmə, qaqaşı da aparaq.
Əyildik, hərəmiz bir tərəfindən tutub qaqaşı apardıq.
Bir tank səngərinə çatdıq. Təminat bizə çatdıra bilməyib hər şeyi bu səngərə boşaltmışdı ki, uşaqlar gəlib götürər.
Neçə gündür ac olan uşaqlar stressdən yeməyi çooooox pis şəkildə yeməyə başladılar.
Yaralını otuzdurduq. Qaçıb banan-keks gətirdim.
— Tez ye, bədənində güc olsun.
Oturub yedizdirdim.
Əsgəri öz bölük uşaqlarına tapşırdım.
Uşaqları itirmişdik...
Tanıdığımız uşaqlar yox idi...
Hava asta-asta qaralırdı. Artilleriya atəşi səngiyirdi.
İkinci tank səngərinə keçəndə uşaqları gördük. Cəmləşdik bir yerə...
Bir tabor adamdan cəmi 14 nəfər...
Qalan hər kəs ya yaralı, ya şəhid, ya da yaralı daşımağa kömək etməyə getmişdi.
Başqa taborun uşaqları gəlmişdi. Bir nəfər kömək etsin, güllə aparaq.
Kənan (Qoca) onlarla getdi.
Kənan gəldi ki, bizə hücum edən ermənilərin çoxunu solumuzda olan tabor biçib. Ona görə çox gələ bilməyiblər.
Rabitədə sayımızın az olduğunu bildirdilər:
— Səbrli olun, sizi əvəzləməyə tabor gəlir.
Səhərə qədər burada növbəli şəkildə dayandıq... Artıq, Elsəvər və Dima şəhid, Asəf və Kənan isə ağır şəkildəyaralanmışdı.