20 Oktyabr ( Mayor Azayevin şəhid olduğu gün)

Səhər tezdən idi.Mayor Azayev özü rabitəçisi ilə müşahidəyə getmişdi.Gələrkən, “Onlar hələ səhər yeməyinə başları qarışıb,artilleriya vursun biz də hücum edək.Yaxşı qənimətlər də əldə edə bilərik deyə məruzə etdi.” Zabitlər öz aralarında söhbət edirdi.Mәqsәdimiz Bunkerә gedәn yolu tutmaq idi.Sonra biz yavaş-yavaş irəliləməyə başladıq.


339 baxış
20.10.2025
3 dəq oxuma

Növbəti ağır döyüş günü

Səhər tezdən idi. Mayor Azayev özü rabitəçisi ilə müşahidəyə getmişdi. Gələrkən belə məruzə etdi:

— Onlar hələ səhər yeməyinə başları qarışıb. Artilleriya vursun, biz də hücum edək. Yaxşı qənimətlər də əldə edə bilərik.

Zabitlər öz aralarında söhbət edirdilər.

Məqsədimiz bunkera gedən yolu tutmaq idi.

Sonra biz yavaş-yavaş irəliləməyə başladıq. Birinci 7-8 nəfər öndə dayanmışdıq.

Baş-leytenant Azər Həmidov dedi:

— Siz qaçırsınız, qabaqdakı balaca səngərdə mövqe tutursunuz. Hissə-hissə irəliləyirik.

Biz qaçıb yerimizə çatanda xəbər etdilər ki, səhv getmisiniz, qayıdın.

Əslində bir az deyindik:

— Səhv getmisiniz nədir?

Amma bilməzdik ki, bəlkə də bu səhv bizim həyatımızı xilas edəcək səhv idi.

Komandir:

— Uşaqlar, haqqınızı halal edin. Amma mən də bilmədim, — dedi.

Düşünün, bayaq taborun önündə biz idik. Tabor istiqaməti dəyişdi deyə indi taborun sonunda bizik.

Və qarşıda bizi ən ağır döyüş gözləyirdi.

Öndə gedən uşaqlar ağır döyüşə düşdülər. Həm artilleriya, həm də silahlı dəstək gəlmişdi ermənilərə.

Anilik idarəetmə əldən çıxmışdı sanki. Güclü atışmalar gedirdi.

Ön tərəfə kömək üçün valların arasından qaçanda belə uşaqlara kor güllə dəyir, yaralanırdılar.

Hər iki tərəf ciddi itki verirdi.

Yaralıları arxaya göndərmək lazım idi.

İlk Tərlanı gördüm. Ayağından yaralanmışdı. Çox ağır idi. Sözün əsl mənasında gücüm çatmırdı.

Cavidanla Səbuhiyə ötürüb, təzədən qabağa yaralı üçün getdik.

Bu dəfə Ayazın ağır yaralarını gördüm.

Dəhşət idi... Qarın nahiyəsi qan içində idi.

Bir neçə nəfərlə Ayazı götürməyə çalışdıq.

Şükür ki, həm Ayaz, həm də Tərlan sağdır.

Qarşı mövqedən çox pis xəbərlər gəlirdi.

Nəcəfov Əli, Zülfüqarov Məlik və Mayor Azayev döyüşərək şəhid olmuşdular.

Digər taborun komandiri əlaqə yaratmağa çalışırdı ki, yaralı varsa, dərhal götürək.

İki nəfər gedib-gəldi:

— Orada ermənilərdir, pusqu qurublar. Birini öldürdük. Amma çoxdurlar, — dedilər.

Özü də boş ərazidən qaçanda snayper gülləsi ilə barmağından yaralanmışdı.

Bir neçə nəfərlə burada çooox gözlədik.

Hava qaralmağa yaxın başqa tabor gəldi:

— Siz geriyə çəkilin. Biz girək o əraziyə. Siz artıq azsınız, bizə maneə olacaqsınız.

Maxelərdən biri ağlamağa başladı:

— Mən Mayor Azayevi qoyub gedə bilmərəm.

Bizi təkidlə geriyə çəkdilər.

Uzun bir ərazini, ermənilərin rahat müşahidə etdiyi bir yolla geriyə çəkildik. Yol atəş altında idi.

Ziq-zaq qaçaraq uşaqların yanına çatdıq.

İlk dəfə idi Cavidanla bu qədər müddət aralı düşürdük.

Sözün əsl mənasında ağlayaraq bir-birimizi qucaqladıq.

Üzü gecəyə doğru cəmləşməyə başladıq. Yaralı və şəhidlərdən xəbərləri dəqiqləşdirirdik.

Tabor komandiri şəhid olan tabor necə olar?

Gecənin bir aləmində bir neçə nəfərlik qrup gəldi.

Dmitri, Kazımov Kənan, baş-leytenant Həmidov, Nicat və başqa bölüyün uşaqları mühasirədən sağ-salamat gəlib çıxmışdılar.

Bu dəhşət idi.

Komandirin ağlı, hərbi bilikləri sayəsində bu uşaqlar sağ-salamat mühasirədən çıxmışdılar.

Daha bir ağır gecəni keçirirdik.

Yaralı və şəhidlərin xəbərləri adamı çox sarsıdırdı...