14 Oktyabr Yunisin yaralandığı gün

Səhəri Füzuli səngərlərində açdıq.Yüngül səhər yeməyindən sonra asta-asta yol aldıq. İrəliləyirdik Seyyid Əhmədli Bunkeri istiqamətində.Bataqlığı keçəndən sonra Kor güllələrin atışını gördük..Dərhal bir yerə sığındıq.Havadan və artilleriyadan ön istiqaməti vurdular.Yunis yanımdan keçəndə “Əli abi,gəlmirsən?” “gəlirəm,qaqaş"dedim...Cavidan,mən,Kənan və Səbuhi qoşulduq gedən dəstəyə.


361 baxış
14.10.2025
3 dəq oxuma

Füzuli səngərlərində

Səhəri Füzuli səngərlərində açdıq.

Yüngül səhər yeməyindən sonra asta-asta yol aldıq. İrəliləyirdik Seyyid Əhmədli bunkeri istiqamətində.

Bataqlığı keçəndən sonra kor güllələrin atışını gördük. Dərhal bir yerə sığındıq.

Havadan və artilleriyadan ön istiqaməti vurdular.

Yunis yanımdan keçəndə:

— Əli abi, gəlmirsən?

— Gəlirəm, qaqaş, — dedim.

Cavidan, mən, Kənan və Səbuhi qoşulduq gedən dəstəyə.

Bu zaman vurulan səngərdən bir toz-duman qalxdı. Bu, çox rahat və aydın görünən məsafədə idi. Elə bildim bizim uşaqlar oranı vurdular.

Sən demə, RPG-7 (qumbaraatan) ilə bizi hədəfə alıb atəş açıblar, şərəfsizlər...

Onun toz-dumanı imiş.

Qumbara düz solumuza düşdü.

Kino kimi bir kadr idi.

Hər kəs əyildi.

Bu zaman avtomatla kor-koranə bizə tərəf güllələri səpələdilər. Sürünə-sürünə təhlükəsiz mövqeyə çəkildik.

Bu zaman sanitarımız yaralandı.

Düşünün, düz relyefdir, çox az çökük yer var. Orada dümdüz uzanmışıq. Hərəkət etmirsən ki, tərpənəni vururlar.

20 adam sıra ilə uzanıb.

Kor güllə düşmənə yaxın olmayan, arxadan birinə dəyir.

Bu zaman Rəsul adlı yoldaşımız da yaralandı.

Bu şəkil həmin günün şəklidir.

Г formasında ərazidə bir dəstəmiz sağda qaldı, bir dəstəmiz solda.

Yenidən düşmənin mövqeyi hava hücumu ilə dağıdıldı.

Sağımızda qalan böyük dəstə düşmən üzərinə hücuma keçən zaman — təqribən bu metodla döyüşürlər (video şərhdə) — yoldaşlarımıza PK güllələri ilə səpələdilər...

Gözümüzün önündə dostlarımız yaralandı.

Yunis də onların arasında idi.

Bilmirdik kim sağdır, kim yaralıdır...

Heç nə etmək mümkün deyildi.

Təpənin üzərinə qalxan dəstəni atəşə tuturdular.

Yunisin dediklərinə görə, düz axşam saatlarına kimi tərpənməz vəziyyətdə qalıblar. Hərəkət edənə atırdılar.

Yunis heç yarasını sarımağa imkan tapmayıb.

Sadəcə havanın qaralmasını gözləyirsən.

Hava soyuyur, qan gedir, üşüməyə başlayırsan.

Yunis yaralandığı anı danışır:

— Əli abi, sən deyirdin e, şəhid ağrı-acı hiss etmədən bu dünyadan köçür. Yaralananda gördüm, çox incidir. Dedim, onda sağam hələ.

Kənanla bir-birimizdən yapışaraq, silahın ipi ilə uşaqları bataqlığın içindən çıxardıq.

Düşünürsünüz, nə mənim elə gücüm var, nə də Kənanın. Amma dostları çıxartmaq lazımdır. İnsana inanılmaz inam və güc verir.

Uşaqları sakit mövqeyə gətirəndən sonra Kənanla yaralı daşımağa qaçdıq.

İlahi... Yaralıların sayı-hesabı yoxdur.

Hamını sanitarkaya çatdırmaq lazım idi.

İşin bir yaxşı tərəfi var ki, uşaqlar yaralansa da, həqiqətən öz ayaqları üstündə getməyə çalışır. Özünü sənə yük etməmək üçün hər şeyi edir.

Gözüm yaralıların içində elə hey Yunisi axtarır...

Dayanmadan yaralı gətiririk.

Amma Yunisdən xəbər yox idi.

Vəziyyəti ağırlaşıb sanitarkaya mindirəndə də halsız vəziyyətdə:

— Əlini tapın, məni gəlib aparsın, — deyibmiş.

Mən onu axtaran zaman, o da məni axtarırmış.

Artıq, yəqin şəhid oldu, — düşünürdüm.

Kazımov Kənanla görüşəndə dedi ki:

— Yunisi mən apardım, yaxşıdır. İnşallah, sağ-salamat hospitala çatdırarlar.

İnşallah, hər şey yaxşı olacaq, — deyə düşündüm.

Su-qan-tər içində gecə 3-4 olardı. Stressdən bir yerdə yumalanıb yatmağa başladım.

Yunisin ayağının yarası

Fotoğraf açıklaması yok.

Taborun qərargah rəisi mayor Tağıyev də bu gün yaralanmışdı.

Fotoğraf açıklaması yok.