"Dune: Part Two" müasir kino tarixi üçün yeni bir paradiqmadır. Bu, Deni Vilnövün illərdir arzuladığı şah əsərdir. Bu, kino tarixində indiyə qədər çəkilmiş ən yaxşı "IMAX" filmidir. Belə gözəl texnologiyaya niyə aşiq olduğumu bir daha xatırladım. Filmin təsvir rejissorunu ayaq üstə alqışlamaq lazımdır. Heç şübhəsiz, Qreq Freyzer "IMAX" texnologiyasının dilini çox gözəl bilir. O olmasaydı, yəqin ki, bu film də olmayacaqdı. Filmin açılışından sonuna kimi rənglərin və işığın möhtəşəm tandemindən ibarət vizual ziyafətlə qarşılaşır, Arrakisin qızmar istisini sümüklərinizə qədər hiss edirsiniz. Filmdə elə səhnələr var ki, rəsm əsərinə bənzəyir! Bu, həqiqətən də valehedicidir. Müasir kinematoqrafiyanın gizli silahı səs dizaynıdır. Bəli, sizə filmi "IMAX"də izləmək üçün başqa bir səbəb verirəm. Çünki filmin səs dizaynı inanılmaz səviyyədədir. Təsəvvür edin ki, Hans Zimmer "Dune" seriyası üçün Nolanla işləməkdən vaz keçmişdi. Zimmer bu layihəyə ürəyini, ruhunu qoyub. Bunu eşitdiyiniz hər notda hiss etmək olur.
Film bir çox tənqidçilər tərəfindən "The Dark Knight" ilə eyni cərgəyə qoyulur. Təəssüf ki, o filmə kinoteatrda baxa bilməmişəm. Amma "Dune: Part Two" kinoteatrda izlədiyim ən yaxşı sikveldir. Filmdə bir neçə aktyor var ki, karyeralarının ən yaxşı performansını göstərirlər. Ostin Batler göründüyü hər səhnədə parlayır. Düzdür, çox yaxşı oynayırdı, amma bir az teatral idi. Onu Hit Ledcerin Cokeri ilə müqayisə edənlər var, qətiyyən qulaq asmayın. Təəssüf ki, sadist və sosiopat olaraq xarakterizə edilən bu personaj haqqında çox az təfərrüat görürük. Amma ağ-qara səhnələrdə mənəvi orqazm yaşadığımı qeyd etməyə bilmərəm. Rebekka Ferqyusonun əla bir performans göstərəcəyini bilirdim və təəccüblənmədim. Timoti isə mütləq və mütləq DiKaprionun məsləhətlərinə qulaq asmalı, superqəhrəman filmlərindən və narkotiklərdən uzaq olmalıdır! Zendayadan zəndeyi-zəhləm gedir, bunu həmişə demişəm və fikrim dəyişməyəcək. Amma o, bu layihənin posterində olmalıdır. Bu da bir növ "lisan al-gaib"dir.
"Dune: Part Two" döyüş filmi deyil, onu belə təqdim etmək marketinq səhvidir. Bu filmə belə gözləntilərlə getməyin. Filmdəki xoreoqrafiyalar çox uğurludur. Lakin mən döyüş səhnələrində daha uzun "one-shot" kadrlar görmək istərdim. Vilnöv bu seriyanı üçüncü filmlə bitirməyi düşünür. Tamamilə düzgün qərardır. Bu macəranı epik bir finalla bitirmək lazımdır. Vizual ziyafət və mükəmməl "IMAX" təcrübəsi üçün filmə töhfə verən hər kəsi alqışlayıram. Bu film Vilnövün zirvədəki tənhalığıdır...