Uşaqlıqda növbələr mənə olduqca maraqlı gəlirdi, çünki orda fərqli insanlar görürdüm. Bəzən onlara dil çıxardır, bəzənsə də göz vururdum. Amma həmişə mənimlə bir yerdə olan böyüyüm – valideynlərim, ya qardaşım növbədən sıxılar, yaxud əsəbləşərdilər. Bəzən növbələrdə kimsə özünü ortaya salar, digərləri dava edərdi onunla. Ən pis növbə isə xəstəxana növbəsi idi, iynə vurulacağını bilə-bilə, ağrı hiss edəcəyini bilə-bilə gözləyirdin. Amma adını unutduğum bir dahi deyir ki, güclü olmaq üçün bəzi ağrılara bilə-bilə dözmək lazımdı. Ağrılar bizdə onlara qarşı immunitet formalaşdırır növbəti dəfə eyni həcmdə ağrı gəlsə hiss etmirik, daha ağırı gəlsə isə zəif hiss edirik. Nəysə, növbədən çox da danışmayım, elə deyəsən mənim növbəm çatmasına da az qalıb. Anamın sağ olduğu dövrlərdə onunla birgə olardıq bu növbələrdə, ömrünün sonlarına yaxın xərçəngdən müalicə zamanı kimya terapiya növbələrini çox gözləmişik, məqsəd bir gün olsa belə onu daha çox yaşatmaq idi. Amma təəssüf ki, 1 illik mücadilədən sonra bir gün yatıb oyanmadı. 20 il iki övladı tək böyüdən qadın elə həyatdan da 59 yaşında tək köçmüşdü. Bayaq da qeyd etdiyim böyük qardaşım isə Rusiyada şəxsi bizneslə məşğul idi. Artıq 2 il idi ki, atadan qalma bu evdə anamın və atamın divardakı şəkilləri ilə birgə tənha yaşayırdım. Qohumlar da elə bil ki, ana və ata ilə birgə ölmüşdü, heç itirib axtaranda yox idi. Bir həftə əvvəl yataqdan ağrıdan qalxa bilməyəndə zəng etməyə bir nəfər də tapmamışdım, Rusiyada işləyən qardaşıma yığdığımda isə Rafiq indi mağazada haqq-hesabdır əgər vacib deyilsə sonra yığarsan deyib adboy vermişdi. Dost-tanış deyə soruşsaz da? Hansı dost tanış onlar ancaq xoş günün adamlarıdı, istisna hallarda istisna dostlar adamın dar günündə yanında olur qalanları isə hansısa səbəbə ya məqsədə görə səninlə olur. Növbəmin gəlib çatmasına qədər bu şeyi necə düşünmüşdüm bilmirdim amma başımdan tutan ağrıdan yıxıldığımı və kənardakıların məni stula əyləşdirib su verdiyini bilirdim daha doğrusu xatırlayırdım. Halım pisləşdiyi üçün məndən əvvəlki şəxs öz sıra nömrəsini mənə vermiş daha çox gözləməmiəyimə səbəb olmuşdu. Təşəkkür edib qapını açıb içəri keçdim.
- Salam, həkim.
- Salam, Rafiq bəy. Özünüzü necə hiss edirsiz indi?
- 1 həftə əvvəlkinə nisbətdə yaxşı, amma hələ də qabırğalarımda ağrı var.
- Siqaret çəkənsiz?
- 2 ildir, anamın ölümündən sonra. Xərçəng idi bit il kimya terapiyalarda gəzsək də bir nəticə olmadı. Həyatda son işıq yerim ondan kəsildi və o gündən çəkirəm.
- Ailəniz, yaxınlarınız ya kimsə var əlaqə saxlaya biləcəyimiz?
- Nəyə görə deyirsiz? Bayaq yıxıldığıma görə deyirsizsə Allah haqqı heç nəyim yoxdu, səhər yemək yeməmişdim yəqin təzyiqim düşüb.
- Yox, Rafiq bəy. Ona görə demirəm... Ümumiyyətlə, kiminizsə var?
- Nəyə görə deyirsiz ee? Əgər ciddi nəsə varsa özümə deyin, bir qardaşım var o da illərdi ailəsi ilə birgə Rusiyada yaşayır, ailəli də deyiləm tamamilə təkəm. Taksi sürücüsü işlədiyim üçün də iş yoldaşım da yoxdu. 1 evim, 1 maşınım, 1 də mənəm bu həyatda.
- Həə, anladım, Rafiq bəy biz belə şeyləri xəstələrin özünə deməkdə çətinlik çəkirik, ona görə kiminizsə olduğunu soruşurdum.
- Həkim xanım, nəsə varsa açıqca deyin, həyatda ən qorxusuz insan itirməyə bir şeyi olmayan adamdı, atam və anam öləndən sonra isə mənim də bu həyatda itirəcəyim heç nə qalmayıb
- Rafiq bəy, bilmirəm necə deyim amma belə şeyləri demək bir ayrı dərddir, deməmək isə bir ayrı. Çox təəssüf edirəm ki, siz ağciyər xərçəngsiz və rentgenin göstərdiyi nəticələrə görə ciyərinizin 85 faizi artıq sıradan çıxıb sizin indiyə sağ qalmağınız belə bir möcüzədir, açıq danışsaq ən uzağı 1 ay ömrünüz qalıb, amma həyatda möcüzələr baş verə bilir. Yetərki siz ona sidq ürəkdən inanın. Tanrı ya təbiət hansına inanırsızsa o sizin köməyiniz olsun, gedin bu bir ayı sizin üçün ən xoş ola biləcək bir halda yaşayın.
Evə çatdığımda ilk etdiyim iş soyuq duş almaq oldu, üstümdəki bu ağırlığı götürməyin bir yolu olmayacaqdı onsuz da. Ölüm sözünü indiyə qədər dəfələrlə eşitsəm, yazsam da ilk dəfə idi ki, yaxından hiss edirdim. Bunları düşünərək ev və maşınımı qiymətindən də ucuz qoyub hətta bir gün içərisində də satmışdım. Kartımda 200 minə yaxın pul, önümdə 30 gün və sonu görünməyən yol var idi. İlk günümü Bakının gecə həyatına vermişdim, bahalı klublar, bahalı fahişələr, bahalı otellər. Amma əldə etdikdən hətta onların pulun qarşısında qula çevrildiyini görüb bütün marağımı itirmişdim. Növbəti günü qorxduğum şeyləri etməyə cəhd etmişdim, hündür atraksyonlarda əylənmək, havasız şəraitdə qalmağa cəhd etmək, suyun altında nəfəssiz qalmağa cəhd etmək və s. bunların da hamısını etdikdə monotonlaşmışdı, əslində indiyə qədər mən bunlardan yox bunlarda yaratdığım miflərdən qorxurdum. Onsuzda mənim ömrümə az qalıb ən azı başqasına dəstək olum deyib əməliyyatına 30 min manat qalmış bir uşağa da kömək etmişdim. Növbəti günlərdə meşədə kamping, dənizdə gəmi səyahəti, dağa dırmaşmaq ağlıma gələn hər şeyi edirdim. Amma etdiyim hər şey fiziki – maddi idi, görəsən həyat ancaq materiadanmı ibarət idi? Günlər beləcə suallarla başlayıb suallarla bitirdi, həyatımda nəsə çatmırdı amma onun nə olduğunu bilmirdim, qardaşımın da yanına gedib onunla da görüşmüşdüm amma sanki nəsə yox idi. İndiyə qədər olmayan bir məbləğdə pulum var idi, etmək istədiyim hər şeyi edirdim. Mahnı oxuyur, şeir yazır, aktyorluq edir, bir sözlə ağlıma gələn hər şeyi bu 30 gün də edirdim. Amma beynimdə bir sual daim var idi, elə hey məni yeyib dağıdırdı. Biz kimik? Niyə yaşayırıq? Sonumuz necə olacaq? Mənim ölümümün bu gün ya sabah olacağını bilmədiyim kimi bu sualların cavabını da nə din, nə də elm aydın verə bilmirdi. Hər biri özünə görə variantlar deyirdi. Əgər o dünya varsa orda ədəbiyiksə bu dünyaya niyə gəlmişik axı? Bəs o dünya yoxdursa 50-60 illik bu ömrümüzdə niyə özümüzü maddi-fiziki problemlərlə məhv edirik axı? Rentacarların birindən icarəyə götürdüyüm maşınlardan biri ilə Bakının ən hündür nöqtələrindən birində idim, onsuz da fiziki həyatdan bir zövq almadım, etmək istədiyim hər şeyi etdikcə mənasız olduğu üzə çıxdı.. Sevgi olmayandan sonra bu həyatda yaşamağın nə mənası var idi ki? Əgər həyata təkrar gəlsə idim ancaq sevərdim bir qadını, insanları, yaşamağı – hər şeyi.
Maşını saxlayıb qayanın ən ucuna gəldim eynəyimi və telefonumu çıxarıb daşın üstünə qoydum və əbədiyyətə qovuşmaq üçün gözlərimi yumdum.
Ölümün necə gələcəyini düşündüyüm anda telefonuma zəng gəldi. Onsuz da öləcəm bəlkə sonuncu zəngə cavab verim deyə fikirləşib fiziki həyatdakı son cəhdimi etdim. Tanımadığım bir nömrə idi.
- Rafiq bəy, sizi narahat edən Adildi. Sizə vacib bir şey deməliyəm
- Adil bəy sizi tanımadım, hardansa tanışıq?
- Aha, 21 gün əvvəl xəstəxanada siz yıxılanda sizə növbəsini verən adamdı.
- Aha, buyurun. Nəsə olub?
- Bayaq xəstəxanadan zəng etmişdilər. Düzdü bu ancaq filmlərdə olurdu həmişə, amma indi real oldu, sizinlə mənim xəstəxana nəticələrimiz qarışıbmış sizə zəng edib xəbər etmək istədim ki, siz də ancaq sinir ağrıları imiş, ümid edirəm yaxşısız hazırda?
Susub qalmışdım..
- Alo, Rafiq bəy, yaxşısız?
Ona heç bir şey deyə bilməmişdim, sadəcə təşəkkür edirəm deyib sağollaşmışdım.
Bu iyirmi bir gündə maddi həyatın mənasızlığını, din və inancların isə sadəcə vəd verdiyini dərk edib. Hər şeyin kökündə sevgi olduğunu dərk etmişdim. Bəs görəsən analizlərimiz səhv düşən NÖVBƏDƏKİ adam və dünyadakı digər 7 milyard adam həyatın əsl mənasının maddiyat və inanclarda olmadığını bilirdimi? Və növbədəki adam ömrünə 9 gün qaldığını bilsə nə edərdi?