Nakam

Etiraf – bəlkə də, dünyanın ən çətin işi demək olar bunun əvəzinə. Etirafın başqa bir adı da var: Qurtuluş.


23 baxış
12.07.2026
10 dəq oxuma

Etiraf – bəlkə də, dünyanın ən çətin işi demək olar bunun əvəzinə. Etirafın başqa bir adı da var: Qurtuluş. Etiraf etmək alnımıza dirədiyimiz silahın tətiyini çəkmək kimi bir şeydir. Rus ruleti oyunundakı kimi. Tətiyi çəkirsən və gözləyirsən. Ya silahdan mərmi çıxacaq, bununla da hər şey bitəcək, ya da çaxmaq boşluğa dəyəcək və çıqqıltı səsi eşidib gözlərini hələ də bərk-bərk yummağa davam edəcəksən. Mərmi çıxsa, hekayə elə həmin anda bitəcək. Ancaq əksi olsa, ölümün səndən yan keçməsi hiss ilə xoşbəxtlik dolacaq bütün bədəninə.

Hər insan etiraf edə bilmir. Buna görə də həyatda bəzən məğlub olur. Çünki ən ləziz qalibiyyətlər etirafla yaşanır. Bunu psixoloqlar, vəkillər daha yaxşı bilirlər.

Elmira günlərdir etiraf etmək üçün cəsarətini toplayırdı. Uzun zamandır dostluq etdiyi Samir ilə bu gün görüşəcəkdi. Bu görüşün sonu Elmiranın etirafının nəticəsindən asılı idi.

Görüş üçün ən cazibədar geyimini seçmişdi. Qırmızı rəngli, bədəninin bütün əzalarını gözəl göstərən ölçüdə, lakin çox da açıq-saçıq olmayan paltarını geyinmişdi. Geyimi ilə uyğunlaşan dodaq boyası sürtmüş, simasını daha da gözəlləşdirən zinət əşyaları taxmışdı. Bütün bunlar Samirin qəlbini fəth etmək üçündü. Belə xüsusi anda ancaq belə gözəl olmaq lazım idi.

Evin qarajına düşüb Porşe markalı maşına yaxınlaşdı. Bu maşını atası ad günündə hədiyyə etmişdi. Elmira bu maşına əyləşərkən bir sıra duyğular yaşayırdı. Həm özgüvəni artırdı, həm də atasının ona göstərdiyi qayğını təkrarən hiss edirdi. Ancaq düşünmürdü ki, bu maşınla görüşə getməyi, əslində, o qədər də yaxşı fikir deyil. Elmira istəyirdi ki, bu maşının cazibəsi də Samirin diqqətini çəkməkdə ona kömək etsin. Lakin belə bir məsələ var idi ki, onsuz da Samir onun bu Porşesini görmüşdü, həm də dəfələrlə. Bu onun üçün yeni bir şey olmayacaqdı.

Görüş yerinə doğru hərəkət etdikcə maşının təkərləri durmadan dövr etdi. Yolboyu gözü bu maşında qalan insanların, xüsusən də kişilərin diqqətini çəkdi. Kişilər birinci növbədə maşına, daha sonra isə həmin bahalı, lüks maşını idarə edən sürücüyə baxırdılar. Sürücünün qadın olduğunu görüb istehza ilə gülümsəyirdilər. Əslində, bunun səbəbi bəlli idi. Onlar bu vəziyyəti özlərinə sığışdıra bilmirdilər deyə öz daxili dünyalarında həmin qadını alçaltmaq ilə məşğul olurdular. Bu yetəri qədər normal haldır, çünkü insan başqasının uğuruna, xoşbəxtliyinə sevinməyi hələ də tam formada öyrənə bilməyib.

Bütün bu hadisələrin gedişatı zamanı Samir Elmiradan gələn təklifi niyə geri çevirmədiyini düşünürdü. Qonaq otağındakı yumşaq divana uzanaraq sosial şəbəkələri gəzirdi. Önünə çıxan videolara baxmırdı belə. Ağlı başqa yerdə idi. Elmiranı və görüş dəvətini düşünürdü. Bir bəhanə uydurub görüşdən imtina etmək daha ağıllı bir addım olardı.

Biraz utanmışdı açığı. Elmiranın dəvətinə yox desə, bu etirazın kasıblıqdan qaynaqlandığı başa düşülə bilərdi. Samir bunu qüruruna sığdıra bilməzdi. Məcburi də olsa dəvəti qəbul edən Samirin cibində cəmi-cümlətanı əlli manat pul var idi. Bu pul isə onun bir ay dolanmağı üçün kifayət idi. Bu gün həmin gün idi: əlli manatın başına daş salınacaq həmin gün.

Bir neçə saat sonra məkanın önünə çatan Samir içəri necə girəcəyini planlayırdı. Hamının girdiyi ümumi qapıdan keçmək istəmirdi. Elmira içəridə olsa, onun bu görüşə avtobusla gəldiyini başa düşəcəkdi. Ağlına ideya gəldi. Məkanın qaraj qapısından qaraja düşəcək, ordan məkana olan giriş qapısından keçəcəkdi. Elmira onu görsə, Samirin maşınla gəldiyini, buna görə qarajdan qalxdığını düşünəcəkdi. Yeyin addımlarla qaraja doğru irəlilədi. Maşınların daxil olmaq üçün önündə gözlədiyi şlaqbauma çatanda ətrafa boylandı. Elmiranın maşınını axtarırdı gözləri ilə. Ətraf təhlükəsiz görünürdü. Elmira hələ gəlib çatmamışdı, deyəsən. Şlaqbaumu təzəcə keçmişdi ki, arxadan gələn hansısa maşın səs siqnalı verdi. Samir dönüb arxaya baxmaq istəmirdi. Ancaq bunun üçün gec idi. Maşın onun bərabərinə gəlib çatanda Samir ehmalca maşına boylandı və Elmiranı Porşesində gördü. Elmira ona içəridən əl sallayır, gəlib yanına əyləşməsi üçün dəvət edirdi. Samir məcbur gülümsədi və dəvəti qəbul etdi. Sərnişin oturacağına yanaşdı, qapını açıb əyləşdi. Əyləşərkən düşündüyü tək şey var idi, bu onun gün ərzində qəbul etdiyi ikinci dəvət idi, hansı ki, o bu dəvətlərin ikisindən də böyük məmnuniyyətlə imtina edərdi.

Masa arxası.

Samir masaya əyləşdikləri vaxtdan bəri söhbəti uzatmaq üçün bildiyi bütün sözlərdən istifadə edirdi. Kompyuter oyununda qalib olmaq üçün bütün düymələrə basan balaca uşaq kimi idi. Lakin o qədər də uğurlu deyildi. Söhbət anidən kəsilir və səssizlik yaranırdı. Bu səssizlik Samiri həddən ziyadə narahat edirdi. Ayıb olmasa, elə bu dəqiqə qalxaraq masanı tərk edərdi.

Həmin bu səssizlikdən narahat olan təkcə Samir deyildi. Eyni qədər Elmira da həyəcanlı idi. Buna görə ağlına gələn bütün söhbətləri açır, vaxt qazanmağa çalışırdı. Bu gün əhəmiyyətli gün idi. Samirə etiraf edəcəkdi. Əhəmiyyəti ilə yanaşı ömründə yaşadığı ən çətin gün idi. Həyatda heç nədən qorxmamış, çəkinməmiş bir qız idi. Atasının ona göstərdiyi qayğı, tərbiyə, dəstək onu belə cəsarətli bir qız etmişdi. İndi isə ilk dəfə idi, atasının haqqında heç nə danışmadığı bir mövzu ilə qarşı-qarşıya idi. Elmira da “müəllim, biz bu dərsi keçməmişik” deyən şagird qədər çarəsiz idi. Elmiranı dostlarından fərqləndirən şey qətiyyəti idi. Bu gün etiraf etməli idi. Qəti olaraq həm də.

Vaxt qazanmaq üçün bərbad bir addım atdı. Söhbət tapmayan Elmira Samirdən soruşdu ki, az əvvəl qaraj qapısından niyə daxil olurdu?! Həm də piyada.

Sualın qarşısında Samirin rəngi dəyişdi. Elmira sağı göstərib soldan vuran döyüşçü kimi Samiri nokaut etmişdi. Samir sürətli şəkildə bəhanə uydurmağa çalışdı:

-       Mən... Şeyə görə... Fikirləşdim ki, bəlkə də sən yenicə çatmısan. Dedim, gəlim sənə yoldaşlıq edim masaya qədər. Elə düşündüyüm kimi də oldu, mən içəri girirdim ki, sən gəlib çıxdın. Hisslərim yaman güclüdür.

-       Samir, sən həmişə belə nəzakətli qalmağı necə bacarırsan?! Təşəkkür edirəm incə düşüncən üçün.

-       Həə, biraz eləyəm... Dəyməz.

Samirin dodaqlarının arasından çıxan sözlər qəlbinin dərinliklərindəki sözlərlə eyni deyildi. Ürəyində özünü söyürdü:

“Axmaq Samir, sən başdan xarabsan. Bu nə bəhanə idi uydurdun?! Qız elə başa düşdü ki, ayağına qaçmışam. Qürurumu sındırmamaq üçün yenə də öz qürurumu sındırdım. Allah bilir indi nə düşünür haqqımda?! Bəlkə də fikirləşir ki, Samir maşınımın qapısını açmaq üçün qaçıb ayağıma. Qul kimi görür məni, alçaldır qəlbində. Sənin üzünə lənət”.

Elmira isə tam tərsini düşünürdü:

“Hər addımınla məni valeh edirsən. İncə düşüncən, zərafətin səni digərlərindən fərqli edir. Üstəlik məni düşünüb beş addımlıq məsafədə belə yol yoldaşım olmaq istəmisən”.

Bu dialoq Elmiranın düşüncələrinə ciddi təsir etdi. Artıq o əmin idi ki, Samirin ondan xoşu gəlir. Bu isə onu etiraf etmək üçün cəsarətləndirirdi.

Artıq vaxtı yetişmişdi. Ya indi, ya heç vaxt. Özü sözə başladı:

-       Samir, bugünki görüşümüz digərləri kimi təsadüfi olanlardan deyil. Səni bura mən dəvət etmişəm və istəyirəm ki, dəvətimin məqsədini açıqlayım.

Əlləri tərləyən Elmira hər iki əlini masanın altında paltarının ətəyinə sürtürdü. Nə qədər cəhd etsə də, bu narın əlləri quruda bilmirdi. Samir isə maraq və həyəcan dolu baxışlarla Elmiranın sözünü yekunlaşdırmasını gözləyirdi. Elmira danışdıqca Samir başı ilə təsdiq işarəsi verir və bütün məsuliyyəti onun üzərinə atırdı.

-       Biz səninlə uzun zamandır dostluq edirik. Sən çox yaxşı birisən. Hətta sənin kimi insanlar az tapılır. Hər ikimiz tələbəyik. Hər ikimizin ətrafı genişdir. Ancaq mən hələ sənin kimi ikinci bir insan tanımamışam. Buna görə də xətrini çox istəyirəm. Sənin bu gözəl xasiyyətindən, xarakterindən xoşum gəlir.

Son sözündən sonra həyəcanı dəhşətli dərəcədə artdı. Sözü fırlatmaq məqsədi ilə əlavələr etdi:

-       Yəni hər insanın xoşu gəldiyi kimi, - bu sözlə özünü təmizə çıxarmış kimi rahatladısa da, bu rahatlığın müvəqqəti olduğunu bilirdi, - amma mən, mən isə sənə simpatiya duyuram. Biraz danışmaqda çətinlik çəkirəm, çünki bu söhbət mənim üçün çox çətindir.

Samir qaşlarını birləşdirib Elmiraya yan baxmağa başladı. Bu baxış Elmiranın işini daha da çətinləşdirdi.

Bayaqdan bəri iztirab çəkən Elmira bütün bu əziyyətdən qurtulmaq üçün özünü motivasiya etdi: əşşi, bəsdir daha, etiraf et, nə olacaqsa, olsun.

-       Samir... Mənim səndən xoşum gəlir. Yəni... Yəni mən... Mən səni sevirəm...