Həftə içi hər gün. Dərs saatlarında əraziyə gedirdilər. Qruplar şəklində əyləşir və müəllimin keçdiyi mövzunu dinləyirdilər. Ərazi dedikləri yer yataqxanadan bir az aralı olan həyət idi. Təbiət qoynu. Ağaclar, günəşin göz qamaşdıran işıqları, isti havanı sevdirən sərin mehlər, təmiz hava və ən əsası çox da dərin olmayan, bir balaca enli arx. İnsanın belə bir atmosferdə əntiqə yuxusu gəlir. Dərs keçmək çətinləşir. Təbiət insanın Ruhunu sakitləşdirir. Bir də baxırsan ki, gözlərin sənin əlində olmadan bağlanır. Bəzi hallarda isə tam əksi olur. Dərs elə maraqlı olur ki, bütün təbiət zehnindən silinir. Sanki dünyada təkcə sən və həmin dərsi sənə diktə edən müəllim var. Belə hallarda isə göz qapaqları ümumiyyətlə bağlanmır. Elə fokuslanır ki, bizim əlimizdə olmadan daimi açıq qalır.
Bu dərslər arası on dəqiqəlik fasilələr olur. Fasilədə kim istəsə, yataqxananın yanındakı mağazadan özünə yeməyə nəsə alır. Kim istəsə, istirahət etmək üçün özünə məşğuliyyət tapır. Onların bir hissəsi isə fasiləsini yaxşı dəyərləndirir və gedib arxın başında dayanır. Axar suyu izləyir. Sadəcə boş-boş seyr edir. Axar suyu izləmək xoş hiss etdirir. Əgər sən bu uşaqlar kimi aylarla evindən uzaq qalmısansa, bu arx sənə daha da xoş gəlir.
O günlərdən biri idi. Arxın başında çinar ağacı kimi dayanıb izləyirdim. Su davamlı axır, özü ilə önünə çıxan hər şeyi yuyub aparır. Səsi musiqi sədaları kimidir. Çünki çıxardığı hər bir səs tamamilə ayrı bir nota bənzəyir. Üzərində axan çör-çöplər, təbiətin gözəlliyini, bəzən də gözə dəyən zir-zibil insan təbiətinin “gözəlliyini” ifadə edirdi. Necə də fəlsəfi bir hadisədir bu arx?! Bəli, bəli. Çox fəlsəfi. Bu su hardansa gəlir, harasa gedir. İnsanlara bənzəmir? Biz də bu gün olduğumuz yerə nəzər salsaq, görərik ki, haradansa gəlmişik, harasa gedəcəyik. Həmçinin, bu arx bizə həyat dərsi verir. Önünə çıxan maneələrə baxmayaraq daim başqa bir yol tapıb irəliləyir. Bizim ən çox ehtiyacımız olan şey budur. Təslim olmamaq.
Bu arxa baxıb hər cür düşüncə keçirmişəm ağlımdan. Bəlkə də oğlanların ən qəribə xasiyyətidir belə şeyləri izləmək. Mənə maraqlı gələn isə bu idi: Görəsən, bu arxın bir ucu mənim sevdiyimin yanından keçir? İndi yanımdan keçən bu arx suyu haradasa bir yerlərdə sevdiyim qızın yanından keçir? Bir şüşəyə məktub yazıb atsam, o şüşə sevdiyimə çatarmı?! Aylardır onunla uzağıq. İnsan dənizdə boğulanda saman çöpündən yapışarmış. Mən həyatda boğulurdum deyə sudan yapışmaq istəyirdim. Son ümid yerim bu su idi...
Arx.
Mən bu yolu uzun illərdir gedirəm. Bəzən coşub yolumun divarlarını genişlədirəm. Bəzən isə elə durğun və qıt oluram ki, böyük bir daş parçası yolumu kəsib məni dayandıra bilər. Bu yola harda başladığım yadıma gəlmir. Amma onu bilirəm ki, uzun-uzadı bir yol qət edirəm. Həm də dayanmadan. Bu yolun bir sıra çətinlikləri var. Bir qrup gənc var. Onların arasından keçəndə imkan vermirlər ki, rahat yolumu gedəm. And içə bilərəm ki, onların hamısı yerdən götürdüyü daşı mənə atır. Hələ elə birinə rast gəlməmişəm ki, ən azı bir daş belə olsa, götürüb mənə atmasın. Bəziləri kiçik daş atır. Onlara çıxaracağım səs maraqlı olur. Bəziləri axmaq kimi daşı yeddi dəfə üzdürməyə çalışır. Axar suda daş üzər?! Atdıqları daş cəmi bir dəfə üzür. İkincidə batır. Bəzilərinə isə nəhəng daşlar maraqlıdır. Görəsən, bu daş suya düşsə, necə səs çıxarar, nə baş verər?!
Ən fərqli üsul isə yarpaqlardır. Bəziləri üzərimə yarpaq atır. Bu uşaqlar deyəsən texniki fənlər üzrə təhsil alıb. Çünki onlara maraqlıdır, görəsən yarpaq necə üzəcək? Hara qədər gedəcək? Sürəti nə qədər olacaq? Məsafə, sürət, zaman. Bu kimi məsələlər onların marağını çəkir. Atdıqları yarpağı elə heyrətlə seyr edirlər ki. Yenə and içə bilərəm ki, o yarpağa baxmaqla heç bir əlavə məlumat əldə etmirlər. Nə məsafə, nə sürət, nə də başqa bir şey haqqında.
Tum çırtlamaq üçün ideal yerəm. Tumun qabığını atırlar. Mən də onlar üçün yuyub aparıram. Nə çirkli yer qalır geridə, nə də haranısa təmizləmək ehtiyacı.
Ən zəhləm gedən isə ehtiyacını mənim üzərimdə ödəyən gənclərdir. Axıb gedir deyə şalvarlarının önünü açıb məni bulandırırlar.
Bu insanlar məndən nə istəyir axı?! Niyə imkan vermirlər ki, rahat öz yolumu gedim? Bu qədər sadaladım, ən sevdiyim gəncləri demədim. Onlar sadəcə dayanıb mənə baxırlar və nəsə düşünürlər. Düzdür, onların da baxışları məni narahat edir, ancaq olsun. Digərləri kimi heç bir zərər vermirlər. (Amma bu gənclər də azı bir dəfə mənə daş atıb.)
Kaş mən də onlar kimi azad olaydım. İstədiyimi edə biləydim. Mənim başqa çarəm yoxdur. Sadəcə axıb getməyi bacarıram. Yolçu yolunda gərək...
Daş.
Arxa baxıb sevdiyimi düşünə-düşünə paxıllıq hissim oyandı. Bu arx necə də azaddır. İstədiyi kimi axıb gedir, sərbəst. Kaş mən də onun kimi azad olaydım və birbaşa sevdiyimin yanına axıb gedəydim.
Bütün bu düşüncələrlə yerə əyildim. Yerdən balaca bir daş götürdüm və arxa doğru tulladım...
