Gün 4 və 5 / 100.
İmam Əlinin həyatından çox məşhur bir rəvayət var. Bir gün bazara gedərkən azan səslənir və o, namaz qılmaq üçün məscidə üz tutur. Çatanda atını tapşırmağa adam axtarır və məscidin qarşısında oturan bir kişidən xahiş edir ki, o, namazdan çıxana qədər atı qorusun. Kişi razılaşır.
İmam Əli məscidə girəndə ürəyindən keçir ki, namazdan çıxanda ona zəhməti üçün 5 dinar verəcək. Amma namazı qurtarıb çıxanda görür ki, nə at var, nə də həmin kişi. Yüyəni də sökülüb götürülüb. Heyfslənərək bazara yüyən almağa gedir və bir də görür ki, öz atının yüyəni piştaxtada satılır. Satıcıdan bunu kimin gətirdiyini soruşanda, həmin kişinin təsvirini eşidir. Gedib 5 dinarını satıcıya verib öz yüyənini geri alır və dərindən köks ötürüb deyir: "Mən ona bu pulu halal zəhməti ilə verəcəkdim, kaş ki, tələsməyib haram yola getməzdi."
Bu əhvalat hər dəfə yadıma düşəndə həyatın qanunauyğunluqlarını bir daha başa düşürəm.
Bizim təyin olunmuş ruzimiz nə vaxtsa, hansı yollasa gəlib bizi tapacaq. Özü də ruzi təkçə pul deyil – qazanılan dostluqlar, qarşına çıxan fürsətlər, sağlamlığın özü elə ruzidir. Sadəcə səbirli olmaq və yaxşı tədbirlər tökmək lazımdır. Amma biz nifrət edirik səbir etməyə. Tələsirik, qısa yollar axtarırıq, bəzən isə haqsızlığa əl atırıq. Halbuki öz nəsibin olan zatən səndən qaça bilməz, başqasının nəsibinə də gücün çatmaz.
Tələsməyin mənası yoxdur. Sənin olan səni tapacaq, yet ki, başını aşağı salıb öz yolunla getməyi bacar.