Ronaldo və Messi haqqında qısaca...
İkisi də qocalıb. İkisi də bizə futbolu daha çox sevdirib. Biri olmadan digəri müzakirə edilmir. İkisi də P hərflidir. Biri Penaldodur. Biri Pessi. İkisinin də vecinə deyil ki, biz, hər gün işə gedib-gələnlər, onlar haqqında nə düşünür. İkisi də pensiya yaşına çatmadan ölkəmizdə pensiya alacaq bütün kişilərdən daha çox pensiya pulu yığıb. İkisinin də güzəranı, villaları, şəraiti, brendləri, obyektləri, reklamları, dayanmayan pul şəlalələri var. (Sağlıqlarına qismət.)
İkisini müzakirə edərək böyük bir zaman dilimini keçirdik. (Boşa keçirdik böyük ehtimal.) Dünyada baş verən hadisələrə kor qalıb onların oyunlarının vəziyyətlərini analiz etdik. Dirəşdik və s. (Mən də günahkaram.)
Bəs nə etməliydik? Hərkəs zəhmət çəkib ürəyi ilə tək qalsın. Öz şəxsi hesabatınızı edərsiz. Mən bilirəm ki, uşaqlıq illərində aldığım sehri daha ala bilmirəm. Səbəb sadədir. Əvvəllər idman bu qədər siyasi deyildi. Olurdusa belə bunu nəcib niyyətləri üçün edirdilər.
İndi isə idman konkret siyasi mexanizmdir. Biz istəsək də istəməsək də futbol dünyanı idarə edən dayıların alətidir. (Yaradılma ili və yerini araşdırın. Altından yenə masonlar çıxır.)
Konspiroloji mərhələ çoxdan bitib. Artıq bizim gözümüzə soxa-soxa göstərirlər ki, dünya fırlanmır. Onlar bizim dünyamızı fırladır. Ep deyirəm şteyni özünüz düşünün.
İndi bu nə deməkdir? Biz məhəllədə futbol oynayan zaman, qol vuran zaman sevinməyəcəyik? Əlbəttə sevinəcəyik. Mən özüm 1 ay əvvəl 7-ci sinif tələbələrlə mərc etdiyim üçün oyun oynayıb qaçanda və topu künclərə göndərəndə qeyri-ixtiyari məhəllə futbolu vaxtlarımda olduğu kimi Hagi, Kosta, Batistuta kimi aura nümayiş etdirirdim. İşarət barmağımla bütün stadionda uduzmağımı istəyən uşaqlara "silensio" etmişdim. Uşaqlar şaqqanaq çəkib güləndə, müəllim bir daha edin deyəndə mən də gülmüşdüm. Bu oyun belədir. Ən çətin sinifimlə məni bir oyun barışdırmışdı. Bircə oyun.
Bu oyun gözəldir. Amma bu oyunun ətrafında dönən oyunlar insanı çox yorur. Sadəcə bunu demək istədim.