Özünə sığınacaq tapmış pişik kimi Acaruli kafesi yazılan yerin böyründə dayandım. Yenicə aldığım köynəkdə su damcılarının yaratdığı möhür izləri qalmışdı. Səmaya baxırdım. Maraqlı bir bozartı görünürdü. Ən az 2 saat yağaram deyirdi bu rəng. Dayandığım yerdə özümü çox yad hiss etdim. Necəsə olmuşdu ki, Rəcəblidən Nərimanova kimi sürətlə getmək fikrimi yarıda qoyub bu hissəyə sığınmışdım. 6-cı hissim məni fəlakətdən xilas etmişdi. Monoton həyatımda nəyinki 6, 3 ayrı hissimin qaldığına əmin deyildim. Amma depoda qalmış qalıqları bəs etdi ki, quru qalım.
Hərkəs öz pəncərələrindən çıxıb çöldə olanlara tamaşa edirdi. Acaruli yazısının altından bir nəfərin üzü çıxdı. Oranı işlədən oğlan idi. Çöldə dayanmaq əvəzinə içəridə oturmaq fikri məntiqli gəldi.
Salam sözünü bitirmədən menyu istədim. Ac deyildim amma nəsə yemək məcburiyyəti hiss etdim. 2 hotdoq ilə limonad dedim. Oğlanın yanında ora-bura şütüyən iki xala var idi. Ponçik kimi şirin idilər. Sifarişi gözləyirdim ki, taqqıltı səsləri gəldi. Maşınların üstünə buzdan qənd parçaları düşürdü. Sanki birdən bütöv bir qutunu boşaltdılar. Xalalar video çəkdi. İşıqlar söndü. Yandı. Bir də söndü. Dünyanın sonu gəlsə belə bir ssenari olacağını düşünmürdüm amma çox yaxın idi. Dünyanın sonu gəlsə də bizim insanımız tiktoku açıb orada rus dilində leysan deyən kiminsə videosuna baxacaq deyə düşündüm. Təkrar-təkrar baxdılar. Zəhləm getsə də 5-ci dəfədən sonra birtəhər danışan adamın dedikləri məni də əyləndirməyə başladı.
Taqqıltılı musiqi fonunda hotdoqları əritdim. Limonad isə ümumiyyətlə qalmadı. Bakı şəhərinə nisbətdə mədəmin drenaj sistemi saat kimi işləyirdi.
Bakı, Bakı, Bakı...
Səni salanlar nə yeyib, nə içib görəsən vaxtı ilə?
120 il əvvəl bu yerlərə gələn səyyahlar yazırdı ki, Bakıda Almanların yenicə istehsal olunmuş bahalı maşınlarını görmək mümkündür. Amma həmin maşınların gedib-gələ bilməsi üçün yollar yoxdur. Eyni adamlar şəhərin orasına-burasına səpələnmiş sarayları və Eyropeyski binaları görə bilərdi. Bununla belə həmin binaların səkiləri, drenaj və ya kanalizasiya sistemləri mifoloji varlıqlar kimi memarların xülyalarını bəzəyərdi.
Səmanın rəngi əvvəlki halına qayıtdı. Anladım ki, indi çıxmaq vaxtıdır. İçəriyə bir oğlan daxil oldu. Hiss olundu ki, məndən fərqli olaraq bu oğlan kafeyə tez-tez gəlir. Qohum kimi qarşılandı. Sevincli idi. Sən demə Gürcüstana gedirmiş. Xalalarla menecer oğlan onu sorğuya tutdu. Qatarla getməyəcəyini dedi. “O qiymətə qatarla getməkdənsə elə təyyarə ilə gedərəm” dedi. Xalalardan biri ona eyham vurdu:
“Gedənlər qayıdanda deyir ki, xalanın yeməkləri daha dadlıdır.”
Oğlan da tənbəllik etməyib “gedib yoxlayaram” dedi. Gülüşdülər. Xala əmin idi ki, onun əlləri gürcü mətbəxinin daşıyıcı sütunlarıdır.
Hesabı istəyib çölə çıxdım. Ağzım açıq qaldı. Havanın günəşli olsa da yol Günəşli neft yatağını xatırladırdı. 3 addımdan sonra rəsmi olaraq Venesiya sərhədlərinə daxil olacaqdım.
“Su aydınlıqdır” deyirlər.
Bu il şəhərə qonaq gələn bütün sular bizə aydın mesaj ötürməyə nail oldu.
Daha da aydınlanmağa ehtiyac duymuruq.
