
Açıq pəncərədən Lalənin səsi eşidilirdi. Bu dəfə özünü ağsaqqal kimi aparırdı. Uca səslə, xırıltılı tonda danışır, “Yox, bu olmadı!” deyib eyni cümləni artıq beşinci dəfə təkrarlayırdı. Otağında — öz balaca teatrında ciddi məşq gedirdi.
Bir anda kompüterin bildiriş səsi bu təntənəli atmosferi pozdu. Lalə dayandı. Ekrana baxanda gözləri böyüdü, yanaqları al-qırmızı qızardı, həyəcandan bir neçə dəfə asqırdı. Atası ona tamaşa festivalı ilə bağlı xəbər göndərmişdi. Uzun müddətdir səbirsizliklə gözlədiyi şans nəhayət gəlmişdi. Lalə dodaqları arasında pıçıldadı: “Artıq bu işə daha da ciddi yanaşmaq lazımdır!”
Otağın pərdələrini çəkdi, masaüstü lampasını yandırdı, xalçanı otağın ortasına çəkdi. Güzgünü elə yerləşdirdi ki, “səhnədə” — xalçanın üstündə hərəkət edərkən özünü görə bilsin. Balaca dabanlı ayaqqabılarını geyinib böyük bir həvəs və aktyorluq əzmi ilə xalçaya addım atdı. Ancaq… Ayaqqabısı ilişdi və Lalə yıxıldı.“Deyəsən final səhnəsini lap əvvəldən oynadım.” deyib gülümsədi, ayağa qalxdı, xalçanı düzəltdi və məşqinə davam etdi.
O gündən sonra məşqlər daha ciddi və planlı oldu. Hər gün yorulmaq bilmədən o “balaca səhnəsində” çıxış edirdi. Səhnəyə ayaq basan kimi dəyişir, sanki Lalə yox, başqa birisi olurdu. Replikaları o qədər təkrarlayırdı ki, anası bir neçə dəfə onu yuxuda danışarkən eşitmişdi. Balaca qardaşı da bacısını təqlid edib ailəyə kiçik tamaşalar təqdim edirdi. Ev sanki miniatür bir teatr salonuna çevrilmişdi.
Bu məşğulluğun içində Lalə bir şeyi unutmuşdu: festivala qeydiyyatdan keçməyi. Xoşbəxtlikdən atası onun unutqanlığını bildiyi üçün bu işi əvvəlcədən həll etmişdi.
Nəhayət, böyük gün gəldi. Lalə ailəsi ilə birgə festivalın keçirildiyi məkana çatdı. Girişdə bildirildi ki, səhnəarxasına yalnız iştirakçılar keçə bilər. Ailəsi tamaşaçılar arasında yerini aldı, Lalə isə təkbaşına pərdəarxasına yollandı. Bir qədər qorxmuşdu, amma özünü toxtatmağa çalışdı. Hətta bir neçə dəfə asqırdı. Qorxurdu ki, səhnəyə çağırılan anı qaçırar. Burnunu sıxıb asqırığını boğmağa çalışdı.
Və nəhayət, onun adı səsləndi. Lalənin ürəyi göynədi, amma addımları irəlilədi.İşıqlar, səs, səhnə… Bunların hamısı evdəki məşqlərdən daha böyük, daha parlaq idi. Bir addım irəli atdı, ayağı büdrədi, amma dayanmadı. Səhnənin mərkəzinə çatanda ürəyi dovşan ürəyi kimi döyünürdü. Dərin bir nəfəs aldı, öz-özünə “Bacaracaqsan, Lalə!” dedi.
Başlamaq istəyəndə replikalar yadından çıxdı. Gözlərini yumub öz otağını xatırladı, güzgüdəki özünü, xalçanı, amma sözlər gəlib çatmadı. Əlləri tərləmişdi. Həyəcanı boğmağa çalışarkən qəfil asqırdı. Sonra bir daha. Burnunu sıxdı, amma bu dəfə faydası olmadı.
Zalın müxtəlif yerlərindən alqış səsləri eşidilməyə başladı. Lalə donub qalmışdı. Heç nə deməmişdi, amma insanlar onu alqışlayırdılar. Səhnədəki sakitlik özlüyündə bir çıxışa çevrilmişdi. Aparıcı səhnəyə yaxınlaşıb təşəkkür etdi və Laləni pərdəarxasına yola saldı.
Zalda bir müddət hələ də alqış səsləri eşidilirdi. Tamaşaçılar Lalənin qısa, səssiz tamaşasını çox bəyənmişdilər. Çünki bəzən ən güclü ifadə heç nə deməməkdir.