Sağlam qidalanma mövzusu barədə çoxdandır ki, yazmaq istəyirdim. Özümə də sizə də faydalı məlumatları yığdım və bu yazıda topladım.
Öncəliklə, sağlam qidalanmanın nə olduğuna baxaq - düzgün balanslaşdırılmış qida rasionunun təmin edilməsi və bədənimizin ehtiyac duyduğu bütün qida maddələrini almasıdır.
Sağlam qidalanaraq, bir çox xəstəliyin qarşısını almaq mümkündür. Sağlam qidalanma ürək-damar xəstəlikləri, şəkərli diabet, piylənmə və digər xəstləiklərin yaranma riskini azaldır. Bundan əlavə olaraq, həzm sistemi problemlərinin qarşısını alır və mədə-bağırsaq sağlamlığını qoruyur.
Sağlam qidalanma menyusu necə olmalıdır?
Səhər yeməyində dənli bitkilər - tərkibi az şəkərli, lifləri çox olan taxıl və yulaf unu, buğda tərkibli tostlar, yağ və zülal - yerfındığı yağı, kərə yağı, quru meyvələr, zeytun yağı, qaynadılmış yumurta, süd məhsulları - süd, kəsmik, müxtəlif pendir növləri, meyvə-tərəvəz - təzə və ya dondurulmuş meyvələr, 100 %-li şəkərsiz meyvə şirələri və ya smuzi (süd, buz, dondurma əlavə edilərək giləmeyvə, meyvə və ya tərəvəzlərin blenderlə qarışığı) yer almalıdır.
Bir çox insan sırf səhər yeməyində iştahasız olur, lakin unutmayın ki, sağlam həyat tərzi üçün balanslı səhər yeməyi şərtdir. Səhər yeməyi beyinin işini gücləndirir, bədənə gümrahlıq verir, ürəyin fəaliyyətinə, həzm sisteminin funksiyasına, sümüklərə faydalı təsir göstərir, tox saxlayır və əhval-ruhiyyəni yaxşılaşdırır.
Sağlam qidalanma menyusu üçün nahar və axşam yeməklərində tərəvəzlər, yağsız ət və ya balıq, tam taxıllı qidalar və az yağlı süd məhsulları daxil edilməsi məsləhətdir.
Sağlam qidalanma ilə ac qalmaq eyni mənaya gəlmir, çünki sağlam qidalanaraq, bədənimizi ehtiyac duyduğu bütün qida maddələri ilə təmin edirik, lakin ac qalaraq qida çatışmazlığına səbəb ola bilərik.