Kitablar haqqında 20 fikir (3-cü hissə)
1. Klaudius tarixi romanında Kaliqula haqqında bəhs edən hissəni oxuyarkən bu adamın imperator olma ehtimalı gülünc gəlirdi. İndi düşünürəm ki, güc və hakimiyyətin nə qədər absurd olduğunu göstərmək üçün mütləq elə bir şəxs mövcud olmalı idi. Atını senator elan edən zaman və ya dənizlərdə Paseydona (su tanrısına) müharibə elan edən zaman heç kim ona etiraz etməyə cürət etməmişdi. Əsgərləri və senat bütün baş verənləri olmalı olduğu kimi qəbul etmişdi. Gizlincə gileylənsələr belə dənizin içinə illərlə bir yol inşa edilib. Sonda büdcə qalmayıb və Paseydonla müharibəni dayandırmalı olublar. “Güc nədir” deyil “güc kimin əlindədir” sualını düşündürməyə vadar edir. Absurd tort olsa idi, Kaliqula onun üstündəki vişnə olardı.
2. Bəzi kitablar elə gözəl yazılır ki, gözəl yazılmayan kitablara görə pis olursan. Müəlliflərin arasında fərq çox bəsit bir fərqdir. Biri oxucunu anlayır və onun üçün yazır. Nəticədə müəllifin özü də bir oxucudur. Biri isə ideyanı sevir və sırf ideya üçün yazır. 2-ci kitabları dərhal hiss etmək olar. Onlarda mürəkkəb cümlələr doludur. Hiss edirsən ki, tenderdə pulu yeyilmiş yolun üstü ilə sürürsən. Amma elə kitab olur ki, autobahn təcrübəsini yaşadır. Yağ kimi gedir, su kimi içirsən. Lap elə parçalayıb bitirməyin gəlir.
3. Çox az kitab olub ki, yarımçıq qoymuşam. Hətta pis və ya maraqsız olsa belə konteyner alan iş adamları kimi hər qapalı qutusunu-səhifəsini “xəzinə” tapmaq arzusu ilə açmışam. Yanagihara-nın “Little Life” əsərini axıra kimi oxumadım. Çünki, gözəl və təsirli yazılsa belə ağrının və acının ağını çıxarması məni narahat etmişdi. İnsanın həyatı onsuz da çətindir. Nə üçün onu bir qədər də çətin edək?
Bir də 1Q84 ilk 500 səhifəsindən sonra dayandım. Murakami çox gözəl bir konsept tapmışdı deyə ona paxıllığım tutdu. Ürəyimdə Şantarama bir təhər dözdüm amma bu ideyaya ürək dözmür. Müəlliflər arasında səssiz və qızğın bir rəqabət var. Onlar oxucu göz bəbəkləri üçün savaşır. Yarışmaq sözü biraz mənasız çıxır. 1Q84 əsərində belə bir müəllif var. Hansı ki, bütün qaydaları bilir və cümlələrdən başı çıxır amma bir kənd qızı onun illərlə edə bilmədiyi bir şeyi ilk cəhdi ilə edir. Bütün 3 nömrəli müəlliflərdə ədalətsizlik ideyası özünü göstərir.
4. Mənə elə gəlir ki, kitablarımın içində məhz Alamo13-də olan yuxularıma görə daha çox fəxr edirəm. Onları yazarkən (Məhəmməd Əli, Merilin Monroe, Meergeren və Eskobar hissələrini) çox fərqli bir axar tutmuşdum. Oxuyanların rəy və reaksiyaları da mənə Alaskada tapa biləcəyim qızıl barəsində xəbər verirdi.
5. Ən üzüldüyüm kitabım isə Filankəsovdur. Vaxtında yazılmamışdı. Müharibə və hərbi xidmət buludları üstümüzdə olarkən bu materialın üstünə getmədim. Düşündüm ki, düzgün olmaz. Amma redaktorum Nərmin xanımın sözləri hələ də yadımdadır. Digər kitablar yaxşıdır amma Filankəsovu oxuyan zaman özümün həyatım barəsində yazmaq istəyim yaranmışdı. Mənim bəlkə də ən çox istədiyim şey də budur. İnsan sənin yazdıqlarını oxuyan zaman özü ilə bağlı bir istəyi yaransın.
6. Yüzlərlə kitabımı satmışam. Söhbət özümün yazdıqlarından getmir. Alıb oxuduqlarımdan gedir. Onlara qarşı münasibətim belə olub:
“Nə vaxtsa sizi geri alacağam.” Ailəsi üçün maşınını satmış ataların hissini yaşamışam. Amma peşman deyiləm və elə insanlara satmışam ki, onlar kitabları ən az mənim qədər sevib və sevir. Hətta aralarında elə kolleksionerlər var ki, qeyd kitabçalarım və məktublarım da onların rəflərini bəzəyir. Bu çox isti və qəribə bir hissdir. Onlarda sanki mirasım var deyə daha rahat yaşayıram.
7. Valideynlərim və mən çox kitab oxusaq da bəzən elə mübahisələrimiz olub ki, kənardan baxan insan “bu adamlar bir dənə belə kitab oxumayıb” fikrini düşünə bilərdi. Emosiyalar əqli ram edir. İntellektual olsan belə içində olan vəhşi öz həyatını və qaydalarını taslayır. Bəlkə də bu baxımdan kitablar sirkdə ayılara və şirlərə verilən yeməklərə, qənd parçasına bənzəyir. Bu yeməklər ki, onlara vəhşi təbiətlərini bir qədər unutdurmağa nail olsunlar. Maraqlıdır ki, o zaman şallaq nədir? Yəqin komunallar və vergidir.
8. Bir kitabı filmə çevirmək istəyirsənsə Lord of the Rings bir standart olmalıdır. Qalan bir çox film kitabın ideyasını və təsir gücünü öldürür. Qürur və Qərəz də maraqlı bir cəhddir. Ceyn Ostin ilə oturub onun əsərinin ekranizasiyasına baxıb fikirlərini bilmək istərdim.
9. Bu planetdə 2 milyard insan həyatı boyu bir kitabın üzünü belə açıb oxumayacaq. (Sosial və iqtisadi vəziyyətə görə) Belə bir statistikanı İsveçrədə tədbirdə olanda paylaşmışdılar.
10. Mənim bir hekayəm var və onu yazmaq istəyirəm.
Bu cümləni hər dəfə eşidən zaman ağlımdan bir sual keçir. “Bəs siz nəyi gözləyirsiniz?” Ürəyinizdən keçən cümlələri başqasının yazdığı əsərdə görəndə necə olacaq? Ki, bu fakt olacaq. İndiyə kimi nə düşünmüşüksə bu barədə yazılıb və ya yazılır.
11. Kafkadan sonra ədəbiyyat eyni deyil. Adam sanki dünyanın sistemini ifşa edərək bütün ədəbiyyat oyununu pozdu. Qısaca nə deyir? Deyir ki, fərq etmir ki, sən kimsən. Deyir ki, sənin də başına oyun açılacaq. Kitablarının yandırılmasını istəməkdə olan niyyəti nə idi? Və nə üçün dostu onun dediklərini etmək əvəzinə kitablarını və yazdıqlarını bizimlə paylaşdı?
12. Dost demişkən... Hələ də Qogenin Monfredlə olan dostluğuna bənzər dostluq görmürəm bu əsərlərdə. İkisinin məktubları və ikisinin arasında olan əlaqə necə də güclüdür. Həmişə arzu etmişəm ki, Monfred kimi dostum olsun. Şükür olsun ki, Elnur Əliyev var. Onunla söhbətlərim olmasa çətinki bu 9 kitablıq yola çıxaydım. KVAN sözünü ən birinci ona demişdim. Qan bağımız yoxdur amma həyat yollarımız nə yaxşı ki, kəsişib.
13. Yazmaq rutini barəsində oxuyan zaman Steinbeck sistemi xoşuma gəlmişdi. Adam 24 karandaşı yontub bir qaba qoyur və onların ucu tükənənə kimi yazmağa davam edir. Bu gündəlik rutinə çevrilir. Niyəsə bucür yazıçılara daha çox hörmət edirəm. Adamlar həqiqətən də buldozer imiş. Bir paraqraf yazan kimi yorulan günlərim yadıma düşür gülürəm. İndi daha çox başqa səbəblərdən yoruluram. Məsələn kitablarımla bağlı nəsə etməyəndə və ya heyakələrimi yaza bilməyəndə yorğunluq və durğunluq gəlir. Düzdür əsas qazanc mənbəyim hələ də korporativ təlimlər və fərdi dərslərimdir. Amma bir gün bu hal da dəyişə bilər.
14. Hə, ilk dəfə 20 fikri yazanda yeni bir təcrübə idi. İkinci dəfə də maraqlı bir həyəcan verirdi. Üçüncü cəhd isə rutindir. Açılan bütün yeni kafelər, kofeşoplar və burger yerləri kimi bizə təsir edən ilk ziyarətdir. İlkin təəssürat o qədər güclü ola bilər ki, gözlənti yaratsın. Amma rutin olanda sehri azalır. Ona görə də Mişlen ulduzlu restoranlar var. Orada daim eksperiment edirlər. Əslində daim eksperiment etmək də bir rutin növüdür. Buna baxmayaraq rutin də güclü bir terapiyadır. İnsan daim və sistemli olaraq bir yerə vurmağı bacarmalıdır. Məsələn mən daim Azərbaycanıma KVAN oxu deyəcəyəm. Hətta dirənsə belə Fərhad kimi dağı yarmaqdan başqa çarəm yoxdur. Bununla da Şirini başqasına itirəcəyimi də anlayıram. Amma yazılanı pozmaq olmur.
15. Bura qədər oxuyan insanlara xüsusi bir hədiyyə etmək istərəm. Onlarla birgə bir çay içmək borcum olsun. Hazırlaşın və şənbə günlərindən birini ağlınızda saxlayın. O görüşdən bir neçə kitab çıxacaq. Əminəm!
16. KVAN və Danış Görək dərsdən kənar oxu vəsaiti olacaq. Biri tələbələri ruhlandıracaq digəri isə onlara ünsiyyət və nitqlə bağlı kömək edəcək. İndi qalır bu möcüzəni yaşayarkən görə bilmək.
17. Yaradıcılıq uzaqlarda nəsə axtarmaq deyil. Yanında və içində olanın fərqinə varsan yarada bilərsən. Qələmini götür və səni daim izləyən bir fikri və ya hadisəni yaz. Yaz və rahatlıq tap.
18. Dahi şəxslərin həyatını oxuyan zaman belə bir fikir yaranır. Onları dahi şəxs edən çətin şərtlərdir. Qızıl qayda budur. Şərtlər nə qədər çətindirsə, dahi olmaq ehtimalı bir o qədər böyükdür.
19. Qızım məndən onun üçün bir kitab yazmağımı xahiş edib. Mariko adlı bir hekayəni başladım. Çox qəliz və distopik oldu. Gərək bir qədər çəhrayı və asan ideyası olsun. Uşaqlıqda oxuduğumuz Anderson və ya Jul Vern kimi olmasa da bir şeylər düşünmək lazımdır.
20. Kitabları oxumasa belə alan adamları çox sevirəm. İllər sonra oxuyub mesajlar yazırlar. 3 il və ya 4 il sonra oxudum deyirlər. Məsələ də budur. Vaxtında almaq və sırf öz vaxtında oxumaq. Vaxtında gecikmək deyirəm bu işlərə.
“Bəzi dərsləri 7 dəqiqəyə, bəzilərini isə 7 ilə öyrənirik.”