Necə yazaq ki, müsahibə olsun
Hər vaxtınız xeyir olsun, dəyərli oxucularım. 10 ildən çox iş təcrübəmə əsasən müəyyən bir fikirlər formalaşıb. Söhbət bəlkə də təkcə rezume yazmaqdan yox, həm də iş axtarışından gedəcək. Amma bu axtarışda ilkin addımlardan biri düzgün rezumenin qurulmasıdır. Hamı istəyir ki, rezumesi elə yazılsın ki, harada paylaşsa zənglər dəyanmasın və iş təklifləri durmadan gəlsin, şərtləri də biri birindən gözəl. Ona görə də qarşımızda əsas sual durur: “Düzgün yazılan rezume necə olur ki?”
Rezumeni necə yazım?
Məqalə sırf mənim fikirimdir və heç bir elmi və ya internet mənbələrinin araşdırmalarına əsaslanmır. Ancaq və ancaq mənim fikirim, təcrübəm və yadımda olmayan resurslardan gələn məlumatlardan formalaşan bir nəticədir.
Əsas məqamlardan biri rezumenin səliqəli və anlaşılan bir struktura uyğun gəlməsidir.
Adətən nəzərdə tutulur ki, rezumenin ən yuxarı hissəsində sizin şəxsi məlumatlarınız olacaq. Şəsxi məlumatlara adınız, soyadınız, elektron ünvan, mobil nömrə, linkedin profil linki və maksimum yaşadığınız şəhər və ölkə.
Sonra sizin təcrübənizin və bacarıqlarınızın ümumi bir neçə sətirlik mətni yerləşdirilir. Nəzərə alın ki, bu hissədə də ixtisasınıza uyğun olaraq açar sözlərini istifadə etməyiniz məsləhətdir. Qısaca desək keçmiş təcrübə və gələcək planları, yəni nə axtardığınızı bildirirsiniz.
Bəzi hallarda ümumi məlumatdan sonra bir cədvəl yerləşdirirlər və orada bildiyimiz proqram təminatların siyahısını yazırıq. Misal üçün Operating System solda, və onun qarşısında yazırıq “Windows, Linux, MacOS”. Lakin mən bu ideyanı bəyənmirəm və düşünürəm belə bir cədvəli sonda yerləşdirmək olar. Başqa bir ideya kimi də hər qeyd elədiyimiz proyektlərin sonunda istifadə etdiyimiz proqram təminatlarını ayrıca sadalayırıq. Bu açar sözlərinin rezumedə daha çox olmasına kömək edir.
Ümumi məlumatdan sonra iş təcrübələrini qeyd etməyə başlayırıq. Ardıcıllığı ən sonuncu iş yerindən başlayaraq keçmişə doğru gedirik. Hər təcrübədə biz nəvbəti məlumatları qeyd edirik: “Şirkətin adı, İşlədiyiniz ünvan (şəhər və ölkə), işlədiyiniz illər, işlədiyiniz proyektin adı və kiçik məlumat, proyektdə üzərinizə düşən məsuliyyət və gördüyünüz əsas işlər, sonda da istifadə etiyiniz proqram təminatlarını sadaladaya bilərsiniz”. Bu məlumatlarda kiçik bir məqam var, məlumatlar olduqca reallığı əks etdirməli, pozisiyaya uyğun olmalıdır. Bir rekruter mənə demişdi, “Testing API with Postman” əvəzinə “Validating API endpoint’s status codes, request and response structures and some business rules with Postman” yazsan daha yaxşı olar. Ona görə təcrübənizi bölüşərkən nəyi, necə və hansı proqram təminatı ilə etmisiniz qeyd etməyi unutmayın. Həqiqətən də bu bölümə daha çox vaxt ayırmağa dəyər. İşləyərkən proyektin hansı hissəsini daha yaxşı başa düşmüsünüzsə, bir o qədər də orada gördüyünüz işləri vurğulayın. Əlbəttə elə hallar olur ki, sizin təcrübəniz yoxdur amma necə edilməlidir və iş yoldaşınız bunu necə edirdi görmüsünüz, ona görə də həmin mövzular haqqında rahat danışa bilərsiniz. Mən deyərdim bu halları da rezumenizə əlavə edə bilərsiniz və müsahibədə öz adınızdan danışa bilərsiniz. Sizi müsahibə edən adam böyük ehtimal ki, söhbətin nə yerdə olduğunu başa düşəcək amma potensial olduğunu görə bilər. İstifadə olunan proqram təminatlarının adının bir neçə dəfə hallanması mənim də o qədər fikir vermədiyim məqam idi, lakin rekruterlər tövsiyyə edirdilər ki, tələbdə qeyd olunanlar ən azı 5–6 dəfə rezumedə istifadə olunsun, çünki təcrübənin böyük olduğunu göstərmək istəyirik. Misal üçün bir tester olaraq mənim Test Rail ilə təcrübəm var hər şirkətdə mən bunu bir dəfə yazırdımsa, tövsiyyədə sonra “Test Scenario, Test Case development” üçün ayrı istifadə edirdim, “test execution” üçün ayrıca. Əlavə olaraq proyektiniz və gördüyünüz işlər haqqında rahat və səlis danışmağı bacarmalısınız ki, qarşınızdaki hazırlanmış mətn vəya təcrübəsiz şəxs kimi görməsin sizi. Ümid edirəm təcrübə hissəsinin nə qədər önəmli olduğunu qəbul edirsiniz və bu hissəyə böyük önəm verəcəksiniz. Məqsədiniz özünüzü kifayət qədər yaxşı reklam edib, satmaqdır.
Təcrübədən sonra tövsiyyə edirəm təhsiliniz haqqında məlumat paylaşın. Burada adətən Texnikum vəya Ali təhsilinizi bildirirsiniz. Məktəbi qeyd etməyə ehtiyac yoxdur. Müəsisənin adını, oxuduğunuz fakültə və ixtisas, oxuduğunuz illəri qeyd edirsiniz.
Təhsildən sonra da nailiyyətlər və sertifikatları yerləşdirmək olar. Sertifikatların şəkilinə ehtiyac yoxdur, əgər link varsa onu paylaşın, əgər yoxdursa və ümumdünya sertifikatlarına aid deyilsə sadəcə sözlə qeyd edə bilərsiniz.
Təcrübəm Azərbaycan, Rusiya və Amerikadandır. Ola bilsin qeyd etdiklərim hamı üçün uyğun olmasın və bütün rezumelər əlbəttə eyni olmalı deyil. Bizim Turanla bir videomuzda danışırıq ki, Avropa və Amerikada əslində CV (rezumeyə) qarşı tələblər fərqlənir. Ona görə axtaracağınız məkan və ölkəyə uyğun dəyişiklik edə bilərsiniz. Əgər hər gün dayanmadan CV göndərirsinizsə və nəticədə heç bir geridönüş yoxdursa əlaqə növlərini bir daha yoxlayın və CV(rezumeni) nəzərdən yenidən keçirin.
Bir vərəqə yerləşmir axı.
İnanıram ki, vərəqlərin 2–3 olması o qədər də böyük problem deyil. Amerikada çox nadir hallarda CV (rezumeni) diqqətlə analiz edilib mənə sual verildiyini görmüşəm. Mənim rezumem elə olub 6 səhifə olsun. Bir şirkət nümunə göndərmişdi, ona əsasən yazmışdım. Sonra lazımsız məlumatları yığışdırdım. Mən IT lead vəzifəsində çalışıb gələn rezumeyə gülənləri də görmüşəm Bakıda, heç bilmirdim niyə gülürlər. Bildiyim qədər hətta müsahibəyə də çağırdılar onu, öz aramızda demişdi ki, gəlsin məzələnək. Özümü gələnin yerinə qoyub pis olmuşdum. Amma özüm intern idim, 10ildən çoxdur bu söhbət. Ona görə heçnədən çəkinməyin, sizin rezumeyə gülən də olacaq, bəyənən də olacaq, baxmayan da olacaq. Əsas odur özünüzə güvənin və rezumedə yazdığınızı bilin. Nəzəri bilik sizi qabağa aparacaq qüvvədir, təcrübə isə sizə yaxşı pul gətirəcək bir qüvvədir. İndi hər ikisi olanda təsəvvür edin nə baş verir.
Beləliklə məqaləni tamamlamaq istəyirəm və sizə uğurlar arzu edirəm. Bu məqalə üçün video çəkməyi planlaşdırıram, məsləhət görürəm kanalımızı izləyin. Bizim Udemydə Manual QA kursumuz da var. Hazırda olan endirim linkini əldə etmək istəyənlər, bizimlə əlaqə saxlasın zəhmət olmasa.