
“Axır ki” dedi öz-özünə. Nədənsə, bu gün işləri heç düz gətirmirdi. Səhər tezdən dostu Amilə söz verdiyi görüşü necə unudub yatıb qalmışdı !? Sonra evdən çıxarkən avtobusda yolboyu oxuyacağı kitabı necə unudub götürməmişdi !? İndi də bu metro. Normalda 2-3 dəqiqədən bir gələn qatarlar da sanki onunla məzələnirdi.
Qatar dayanan kimi hamı bir-birinə qarışır. Bilinmir düşən kimdir, minən kimdir !? Hər zaman öz içində bundan şikayətlənirdi, amma bu problemin həllinin onun əlində olmadığı yadına düşən kimi də tez başqa şeylər haqda düşünürdü. Özünü birtəhər hər zaman insanlarla dolu olan Koroğlu metrosunda qatara sala bildi. Tezcə qapının ağzında özünə yer elədi. Heç olmasa, şükür ki, qulaqcıqlarını götürməyi unutmamışdı. Cibindən airpods-unu çıxarıb telefona qoşduqdan sonra sevdiyi tətbiqlərdən olan Spotify-a girib, son zamanlar ən çox dinlədiyi Raqif Raufoğlunun kanalı olan Səsli Kitabdan əvvəlcədən yüklədiyi kitablar haqqında qısa xülasələri dinləməyə başladı. Həmişə 5-10 dənəsini yükləyir, daha sonra da dinlədiyi andakı əhvalına uyğun gələn kitabı dinləməyi sevirdi. İndi də nəsə Qriqoriy Petrovun “Ağ zanbaqlar ölkəsi”ni dinləmək keçdi fikrindən. Əslində bu kitabı neçə il əvvəl oxumuşdu və aşiq olmuşdu. Elə məhz bəlkə də, aşiq olduğuna görə yenidən dinləmək istəmişdi.
Kitabı dinlədikcə ətrafa göz gəzdirməyi sevərdi. Fikri əlbəttə ki, qulaqlıqdakı səsdə, kitabda idi, amma ətrafa baxar, insanların üzlərindən, bədən dillərindən, hərəkətlərindən onlar haqda fikir yürüdərdi beynində.
Budur, qatarın digər qapısının yanında ayaq üstdə bir gənc oğlan dayanıb. Telefonda ancaq sağ əlinin baş barmağından istifadə edir. Hərəkətlərindən belə nəticəyə gəlmək olar ki, tiktokda və ya instagramdadı, videolara baxır. Elə onun yaxınlığında, oturacaqlardan ən küncdə isə bir qız oturub, əlində kitab var. İctimai nəqliyyatlarda bu səhnəni görəndə çox sevinərdi. Kaş ictimai nəqliyyatlarda da necəsə olsa, hər kəs kitab oxuya bilsə deyə hey düşünürdü ki necə bir layihə etmək olar. Kitabın üz qabığını görmək üçün nə qədər çalışsa da, alınana oxşamırdı.
Nizami metro stansiyasında qatardan düşəndə SOS yazısının yanında onu gördü. Sevinc yenə də tez gəlmiş, əyləşib kitabını oxuya-oxuya onu gözləyirdi. Demək olar ki, həmişə belə olurdu. Sevinc danışılan vaxtdan tez gəlir, kitabını oxuyur və sonra Rasim gəlirdi. Əslində, Rasim də Sevincə görə tez gəlməyi düşünmüşdü, ancaq Sevinc bunu özü istəyirdi deyə razı olmamışdı. O, belə gözləməyi çox sevirdi. Deyirdi ki, “vaxtımı boş yerə xərcləmirəm ki, həm kitab oxuyuram, həm də vaxtında görüş yerimizdə səni gözləyirəm”. Buna görə də Rasim də razılaşmış və artıq buna öyrəşmişdi. Rasim qatardan düşən kimi tez Sevincin yanına gedib, “Nə oxuduğunuzu bilmək olarmı, gözəl xanım ?” demiş və Sevinc də “əlbəttə ki, bilmək olmaz, cavan oğlan, çünki siz əlimdəki kitabın hansı olduğunu bilirsiniz axı” deyə cavablamışdı. Görüşləri hər zaman bu dialoqla başlayırdı. Rasim söz atırmış kimi Sevincə ilişir, o da tez cavablayırdı.
Bu dəfə tamaşa izləmək üçün sözləşmişdilər. Bu axşam Akademik Milli Dram Teatrda çox maraqlı bir tamaşa var idi. Təklif Sevincdən gəlmiş, Rasim də dərhal qəbul etmişdi. Çünki hər ikisi həm kitabları, həm də filmləri, tamaşaları, ümumiyyətcə, incəsənəti sevirdi.
Nizami metro stansiyasından çıxıb istiqamət aldılar Teatra. Yolboyu Rasim yaxınlaşmaqda olan “IV Uşaq Kitab Festivalı” haqda Sevincə məlumat verirdi. 10-13 aprel tarixlərində Bakı İdman Sarayında baş tutacaq sərgidə yenə birlikdə iştirak etməyi, yeni kitablar almağı müzakirə edirdilər. Sevinc son zamanlar ən çox oxunan İradə Qədirovanın kitablarını almağı düşündüyünü bildirdi. Rasim də Orxan Şahbazın “Zidd” kitabının yeni çapdan çıxdığını və əldə etmək üçün səbirsizləndiyini söyləyirdi.
2 saata yaxın çəkən tamaşa həqiqətən də möhtəşəm keçdi. “Dantenin yubileyi” tamaşası həm güldürdü, həm də düşündürdü onları. Bu dəfə isə metroya qədər olan yolu tamaşanı müzakirə etməklə keçirdilər.
Növbədə metroya düşüb sağollaşmaq idi. Çünki istiqamətləri əks idi. Rasim Sevinci Dərnəgül istiqamətinə gedən qatara yola salıb, özü isə Koroğlu metro stansiyasına getmək üçün digər tərəfə keçdi. Bu vaxtlar qatarlar sıx olmurdu, sakitçilik olurdu. Qatara mindikdən sonra bir az bu günkü gün haqda, bir az da sabahkı planları haqda düşünməyə başladı. Bir də gördü ki, artıq Koroğlu stansiyasına çatıb və düşmək lazımdır.
Metrodan çıxıb evə getməyə tələsirdi. Çünki günlük kitab oxuma limitini tamamlamalı və həftəlik film izləmə günü olduğundan film izləməli idi. Tez yolüstü vaxtikən 1 manatlıq olan taksilərdən (indi 1.50 və ya 2 azn idi artıq) birinə minib evə doğru yol aldı.
Taksidə olarkən telefonu ilə bir az sosial media hesablarında gəzişməyə başladı. Instagramda çox maraqlı bir post çıxmışdı qarşısına. “Azərbaycan Oxucuları” Kitab Klubu və “Səfillər” Kitab Klubunun birgə paylaşdığı “Nəşriyyatlara Papaq Ataq” layihəsi diqqətini çox çəkdi. Tez bunu Sevincə göndərib qoşulmasını istədi. Beləliklə, bəlkə də, almaq istədiyi kitablardan bir neçəsini bayram payı olaraq qazana bilərdilər...