Qaranlıq otağın içində iki uşaq yan-yana uzanıb. Adil yastığını qucaqlayıb, Həvva isə kiçik qardaşına ürək-dirək olsun deyə içindəki qorxuları basdırmağa çalışsa da həfifcə titrəyir.
Anaları havada sayrışmaqda olan parlaq işıqlar otağa düşməsin deyə və qorxunc bombardman səslərinin az da olsa qarşısını almaq üçün pəncərənin jalüzünü aşağı salmışdı. Uşaqları öpmüş və qorxmamalarını tapşırıb getmişdi. Otaq zülmət qaranlıq olsa da, səslər bütün xırdalıqları ilə eşidilirdi.
Atışma saat on bir radələrində başladı. Əvvəlcə tək-tək güllə səslərinə bənzər partlayışlar axşamın sükutunu pozdu. Bu səslər tezliklə baş verəcək fırtınanın carçıları idilər. Vəziyyət gecə saat on ikiyə on beş dəqiqə qalmış daha da qəlizləşməyə başladı. Tərəflərdən biri şəhərə daxil olmaq üçün sürətlə hücuma keçməyə başladı. Şəhərdə mövqe tutmuş qoşun isə cavab atəşləri ilə bunun qarşısını almağa çalışırdı. Səslərdən kimin hansı silahlardan istifadə etdiyini müəyyən etmək qeyri-mümkün idi, lakin havada uçuşan mərmilərin qulaq batıran səsləri onlarla müxtəlif növ silahlardan istifadə olunduğunu bildirirdi.
Kalaşnikovların güclü səsi havada rezonans yaradaraq xaotik bombardman içindən Adil və Həvvanın qulaqlarına, oradan isə xırda beyinlərinə yol tapırdı. Bu uşaq başlarının içində gedən reaksiyalar qorxunc görüntülər, xatirələr yaradırdı. Ara-bir eşidilən döyüş tanklarının təhdidedici gurultusu uşaqları hər dəfə diksindirirdi. Adil bacısının “Qorxma, balaca qardaşım” deyən səsindən əlavə öz içindəki səsi eşidə bilirdi. O deyirdi:
- Edə biləcəyimiz bir şey yoxdur. Edə biləcəyimiz bir şey yoxdur. Yastığı bir az da möhkəm sıx. Keçəcək..
Bəzi səslər qınından sıyrılan və kəskin hərəkətlə səmanın bağrını kağız kimi yaran nəhəng qılıncı yada salırdı. Bunlar saat on ikiyə bir-iki dəqiqə qalmış daha da artmağa başladı. Hücum edən tərəf artıq şəhərə daxil olmuşdu. Az qala əlbəyaxa məsafəsində döyüşlər gedirdi, heç kim təslim olmaq istəmirdi. Arada qışqıran insan səsləri belə eşitmək olurdu. Pəncərənin qıraqlarından alovların işığı süzülürdü otağa.
Budur saat on iki oldu. Artıq bir aniyə belə olsun sükut tapmaq olmazdı – Adilin gözləri önünə bir-biri ilə boğuşan bədheybətlər gəlirdi. Arasıkəsilməz bombardman sanki lap evin içində baş verirdi. Bu dəqiqə pəncərə çilik-çilik olacaq, otaq yanmağa başlayacaq, bütün bina çökərək uşaqları və onların anasını öz qırıntıları arasında həmişəlik basdıracaqdı. Həvva “Ana!” deyə səslənməmək üçün özünü saxlayırdı. Adil isə artıq heç nə düşünə bilmirdi. Sadəcə olaraq yorğanının altında qulaqlarını yastığına sıxaraq özünü mümkün qədər təcrid etmişdi.
Pəncərənin digər tərəfində isə atəş səsləri səngimək bilmirdi. Görünməz müharibəyə döyüşçü qırıcı təyyarələr də daxil olmuşdu. Hər dəfə onlar sürətlə süzüb keçən kimi partlayış səsləri eşidilirdi. Adil güclə eşidilən qorxmuş səslə bacısından soruşdu:
- Bacı, bəs quşlar? Ağaclar? Onlar da qorxurlar?
- Yəqin qorxurlar. Yata bilmirlər. Səhər açılanda onlar da yatacaq, sən qorxma, Adil.
Həvva Adilə nə düşündüyünü tam demədi ki, onu daha da incitməsin. “Bəlkə də neçə-neçə quşcığaz qorxusundan uçmağa başlamış və havada süzən mərmilərə tuş gələrək can vermişdilər. Təyyarələrin atdığı bombalar neçə-neçə ağaclara od qoyur bəlkə də...”.
Dəqiqələr keçdikcə uşaqların içində nəsə bərkiməyə başlayırdı. Ürək döyüntüləri azalmasa da onlar buna öyrəşməkdə idilər. İçlərindəki qorxu çıxmasa da onlar artıq qorxunun varlığından bir saat əvvəlki kimi narahat deyildilər. Artıq bir-birilə danışmırdılar. Bu vəziyyətin nə qədər davam edəcəyini və hətta bitib-bitməyəcəyini belə bilmirdilər.
Birdən ətrafdakı səslər tədricən azalmağa başladı. Tərəflərdən biri şəhərdən sıxışdırılaraq çıxarılmışdı. Saat bir idi. Xaosdan qopmuş bir neçə mərmi parçası yenə də ara-bir partlayaraq hər yerə səs salırdı. Bu xaos dalğası isə gəlib keçmiş və artıq səsi uzaqlardan gələn uğultuya çevrilmişdi. Sanki göy üzü nəhəng bir tavan idi və ondan yuxarıda kimlərsə xüsusi rəqs ayaqqabılarını geyinmiş, usanmadan daban rəqsi oynayırdı. Çılğın səslər şəhərin başqa hissələrində, başqa uşaqlar üçün hələ yeni başlayırdı.
Adil və Həvvanın yuxusu qeybə çəkilmişdi. Onlar yata bilməyib ikisi də ayağa qalxdı və pəncərənin jalüzünü yavaş-yavaş qaldıraraq çölə baxmağa cəsarət etdilər. Uşaqların bərəlmiş yuxusuz gözləri qarşısında qatı duman var idi. Nə isə seçmək çox çətin idi. Amma diqqətlə baxanda onlar heç bir daş qırıntısı, dağılmış binalar, insan cəsədləri görə bilmədilər. Bu zaman qarşıdakı ikimərtəbəli evdən sərxoş bir adam əlindəki qədəhi yuxarı qaldıraraq gecənin qaranlığına çığırdı:
- Yeni iliniz mübarək!! Yeni ilə xoş arzularla!
Uşaqların yaddaşına həkk olunmuş xatirələr isə başqa şey çığırırdı:
- Yeni ilə boş mərmilərlə!