Budur mən yenə işi tərk edirəm. Ofis binasının qapısından çıxdığım vaxt soyuq hava şillə tək üzümə dəyir və bu xırda şoku sevirəm. Üzü qışa doğru getdiyi üçün gündüzlər xeyli qısalıb. Saat beş radələri olmasına baxmayaraq artıq səma tünd mavi rəngdədir.
Pilləkənlərlə aşağı enərkən həmişəki kimi şirkətin digər binası ilə üz-üzə gəlirəm. Bu qaranlıq havada şüşə fasadlı binanın içində işığı yanan otaqlar istər-istəməz adamın diqqətini çəkir. Stol və stullar, kağız sənədlər, kompüterlər və onların kabelləri ilə dolu olan otaqlar. Bu dəfə yalnız iki otağın işığı yanır. Birində heç kim yoxdur, digərində isə kimsə kompüter arxasında oturub.
Bu mənzərə artıq neçənci dəfədir ki, beynimdə fikir çalxalanması yaradır. Mən qaranlıqda evə doğru gedərkən ekran arxasındakı insanlar və insanlıq barədə öz-özümə danışıram. Sanki kiminsə eşitməsindən çəkinirmiş kimi çox astadan danışıram. Hətta danışıb-danışmadığımdan əmin belə deyiləm – bəlkə də bu monoloq içimdə səslənir sadəcə.
Axşamın qaranlığı fonunda hamının tərk etdiyi dörd mərtəbəli ofis binasında bir otağın işığı yanır. O otaqda iş masası arxasında oturmuş hərəkətsiz bir insan və kompüter ekranının onun üzünə düşən işığı. Necə də qəribə mənzərədir! Hə, başqa söz tapmaq çətindir – bu, sadəcə qəribə görünür. Qəribə olan odur ki, mən bu mənzərədə həm insanlığa yad, həm də məhz insanlığı izah edən nəsə tapıram.
Yad olan nədir? Bəlkə qaranlıq, xairici ölkədə olmağım və ya hazırkı daxili vəziyyətim sakitcə işini görən bu keçəl kişinin mənim gözümə yad planetli kimi görünməsinə səbəb olur? Yox, belə ola bilməz. Məsələ mənim özümü necə hiss etməyimdə, hansı mühitdə olmağımda və digər şeylərdə deyil. Məsələ ondadır ki, insanların hərəkətsiz şəkildə, bir ekran arxasında oturub hansısa vacib bir işlə məşğul olmağı dəlicəsinə qəribədir, inandırıcı deyil. Buna qəribəlik qatan həm də onun barmaqlarının sürətlə hərəkət etməsidir. Sanki bütün bədən donub barmaqlardan başqa. Onlar tez-tez tərpənir, nəsə yazırlar. Bu dəqiqə “Enter” düyməsi basılacaq və nəsə baş verəcək.
Amma nə? Bu insanın gördüyü iş nə qədər əhəmiyyətli və ya maraqlı ola bilər?! Axı insan deyəndə mənim gözlərim önünə yeriyən, qaçan, əlləri ilə yerdən nəsə qaldırıb kiməsə verən, səsi ilə “alma, armud, badımcan, xiyar” deyə qışqıran, və ya o tərəf-bu tərəfə yeriyərək uşaqlara hansısa mövzunu izah edən bir varlıq gəlir. Məgər kompüter arxasında hərəkətsiz oturub, hər kəsin tərk etmiş olduğu bir binada nə isə yazmaq, bunu yazarkən baş sındırmaq, dünyanın o biri ucundakı eyni vəziyyətdə oturmuş birinə göndərmək insanlıqdır? Bunu gündə saatlarla etmək insanlıqdır? Məgər o keçəl kişinin içindən keçmir ki, getsin evində uşağı ilə oynasın, və ya şəkil çəksin? Görəsən qəribə olan mən özüməm, yoxsa barmaqları rəqs edən, insan cildindəki bu yalnız robotdur?
Hər halda təkrar deməliyəm ki, bu mənzərədə ürəyimə və hislərimə yad olan nəsə var. Özüm də gün ərzində bu situasiyada saatlarla olsam belə, bu hissi ancaq kənardan dayanıb başqasına baxanda keçirirəm. Onu başa düşürəm. Özümü isə deyəsən yox.
Digər tərəfdən isə, insanları heyvanlardan və digər canlı və cansızlardan fərqləndirən onların şüuru deyilmi?! Bu şüur sayəsində biz balaca bir ekran arxasında oturub dünyanın harasınasa bir mesaj, bir məlumat yollaya bilirik. Yolladığımız məlumat hansısa layihənin gedişatına təsir edir, və ya kiminsə fikrini dəyişir, kiminsə əlini lazım olan maddi vəsaitə çatdırır və başqa birinin də kitabını ərsəyə gətirir. Beləliklə biz dəyişikliyə yol açırıq. Stabilliyi təmin edirik. Kənardan barmaqlarından savayı heç harası işləməyən bir robota bənzəsək də, əslində güclüyük və gücümüz beynimizin işləməsindədir.
Bizi insan edən ən böyük amillərdən biri elə həmin beynimizdir.
Amma yenə də qəribədir.. Bu nüans məndən əl çəkmək istəmir. Axı insanlar dünyanı, ən azı öz ətraflarını bir çox yollarla dəyişə bilirlər, töhfə verə bilirlər. Canlı görünən adamlar, hərəkətli töhfələr daha insanidir sanki. Mənim barışa bilmədiyim bu yadlıq yalnız beyni işləyən insanlarla bağlıdır. Onlar bir az daha çox hərəkət etsəydilər, kompüter ekranlarına daha az zillənsəydilər, gündə səkkiz saat yox, iki və ya üç saat işləsəydilər, mənim dalğalı fikirlərimə daha az tuş gəlmiş olardılar.
Mənim beynimdə bişən bu fikir supu o qədər də dadlı alınmadığı üçün onu evə çatmamış boşaltmalı oluram və zəngi çalıram.