Ulduzlara aparan yol
- Məni başa düşmək üçün çox da dərinə getmək lazım deyil.
Orxan danışarkən başını həfifcə önə və arxaya hərəkət elətdiridi və dayanmadan aşağı, yerə baxırdı. Sanki eyni anda həm də aktiv şəkildə düşünürdü, öz dediklərini təsdiq edirdi.
- Özümü tanıyandan mənimçün önəmli olan yeganə şey ətrafımdakıları incitməmək, onlarla sülh içində yaşamaq olub. Bu özümü itirib cəmiyyətə qarışmaq bahasına olsa belə. Elə ödədiyim bədəl də məhz bundan ibarət olub. Görürsən, artıq bu insanlardan heç bir fərqim yoxdur. Uşaq olanda anamı incitməmək üçün dərslərimi oxudum, yaxşı qiymətlər təriflər aldım, universitetə daxil oldum. Sonra yaşlı atamın istəklərinə qarşı çıxıb onu sındırmamaq üçün universitetdə var gücümlə çalışdım, öyrəndim. Sevib ailə həyatı qurduqdan sonra “ailəm ac qalmasın təki” dedim, iş tapdım işlədim. Birdən fərqinə vardım ki, mən yoxam. Mən incitmək istəmədiklərimin bardağında su olmuşam, formadan formaya düşmüşəm ki, yolum həmişə açıq olsun. İndi heç bir maneə qalmayıb və mən haraya axacağımı bilmirəm. Tədricən parçalanıram, cəmiyyət adlı torpağa hopub yox oluram.
Onun yanaqlarında parlayan yaş damlasını heç kim görə bilməzdi, çünki onlar çox aşağıda, Orxan isə həddən artıq yuxarılarda idi.
- Mən yox olmaq istəmirəm, başa düşürsüz? Mən yaşamaq istəyirəm, qarışmaq istəmirəm.
Qışqıraraq dediyi bu sözlər havada uçuşaraq yox olarkən, o, başını qaldırıb sanki yoxluqdan peyda olmaqda olan ulduzlara baxdı. “Mən bax orada olmaq istəyirəm – ulduzların yanında, onlar qədər uzaqda və onlar qədər azad”.
- Görünür ulduzlara aparan yol birinci aşağı gedir. Məni bağışla Nigar. Məni bağışla, balaca mələyim. Sənə yaxşı ata ola bilmədim..
Bu sözləri hönkürə-hönkürə dedi. İçi o qədər parçalanır, sinəsinin içində elə bir alov yanırdı ki, sözlərini axıra çatdıra bilmədən gözlərini yumdu. Gözlərini sıxıb onlardan çıxara biləcəyi qədər çox su damlaları çıxarmağa çalışırdı.
Bu an Orxanın damında dayandığı beşmərtəbəli binadan bir qız uşağı çıxdı. O alnına toxunan su damcısının yağış olduğunu zənn edib yuxarı baxdı. Səma açıq idi, yağış havası deyildi. Amma uşaq yenə başını yuxarı qaldırıb əllərini açdı. Yağışı səslərcəsinə və gözlərcəsinə o vəziyyətdə dayandı.
Orxan gözlərini yenidən açdığında artıq qərar verilmiş, cəsarət son qramınadək bir yerə toplanmışdı. Yeganə çatışmayan bircə addım idi. Bircə addım ki, ulduzlara aparan yol Orxanı ağuşuna alsın və cəmiyyətin bataqlığından dartıb çıxarsın. Şirkətlərin ikiüzlülüyündən, polislərin rüşvətindən, həkimlərin reseptlərindən, maşınların səsindən – bütün bu mənasızlıqlardan xilas etsin. Bircə addım ki, balaca mələyini atasız, Nigarını ömür boyu nigaranan qoysun. Amma bu an bunların heç biri Orxana bata bilməzdi – intihar sehrli bir musiqi tək onun sümüyünə düşmüşdü. Heç vaxt içmədiyi qədər içib gəlmişdi bu binanın yuxarısına, çünki əks halda onu bu dünyaya bağlayan bağları qırmağın müşkül olduğunu başa düşürdü.
O, sağ ayağınımı yoxsa sol ayağınımı yerdən götürməli olduğunu düşündü. Əslində hər ikisini öz olduğu yerdə saxlayıb bütün bədənini boşluğa buraxa bilərdi. “Bu qədər düşünmə, bu qədər düşünmək nəyə lazım?!” deyə bayaqdan səbirsizliklə gözləyən cəsarət içindən dilləndi. “Biraz da düşün” – qorxu qorxa-qorxa səsləndi. Bu zaman Orxan aşağıdan ona doğru açılmış balaca əllərin fərqinə vardı.
Bu an onun gözlərinin açıldığı an idi. Bayaqdan aşağı zillənmiş gözləri əslində heç nə görmürdü. Birdən haradansa şüur parçaları bir yerə yığılmağa başladı. Yuxudan öz xoşunla ayılmağa bənzəyirdi bu – yuxuya tam doymuş vəziyyətdə, tədricən, eyni zamanda da ətrafının qəfil fərqinə vardığın o an. Balaca əllər ona uzanmışdı. Orxan çaşmış və əndişəli halda pıçıldadı:
- Balaca mələyim. Sənsən?
Orxan bilirdi ki, qızı və yoldaşı indi başqa ölkədədirlər. Cəmi 1 saat əvvəl görüntülü zəngləşmişdilər. “Ata, gələndə mənə qırmızı nəsə al” demişdi qızı. İndi isə burada, aşağıda hansısa uşaq ona əllərini açmışdı. O, bilirdi ki, bu tamamilə təsadüfdür, lakin güclü bir təsadüf. Elə bir təsadüf ki, qorxuya cəsarət verib, cəsarətini qorxuya salmağa bəs etsin. Elə bir təsadüf ki, Orxanın sınıb səpələnmiş şüur qırıntılarını maqnit kimi özünə cəlb etsin. O, artıq özündə idi. O, artıq bilirdi ki, bu axmaq fikir geridönüşü olmayan ölümcül bir səhv idi. Necə bu qədər zəif ola bilmişdi özü də anlamırdı. İndi sadəcə olaraq bu zəifliyə yol verdiyi üçün özünü bu binadan aşağı ata bilərdi – bax bu qədər qəzəblənmişdi özünə.
İndi hansı ayağını yerdən birinci qaldıracağının heç bir fərqi qalmamışdı çünki bu addım arxaya atılacaqdı. Orxan sağ ayağını qaldırıb yavaşca geriyə qoymaq istədi. Arxasını bu vahiməli boşluğa çevirmək çox qorxuducu idi.
Geriyə atılan addım yerə qovuşmamış arxadan əsən külək Orxanın müvazinətini qəfil pozdu. O, binanın kənarına çox yaxında dayanmışdı. Bu qədər cəsarəti haradan tapa bilmişdi axı?!
Balansın itdiyi bu an onun şüurunda partlayışa səbəb oldu. Yenidən qırıntılar – yaşanılmışların ya da yaşanacaq olanların gözləri önündən sürətlə gəlib keçməsi, keçərkən gözlərini kəsik-kəsik doğraması. Bütün orqanizmini ələ alan bir stress və sıxıntı məhz bu qırıntıların yaratdığı bir tıxac idi. Orxanın son hiss etdiyi dəlicəsinə bir istək idi - bu qırıntıları bir yerə toplayıb yapışdıra bilmək üçün şiddətli arzu.
Qırmızı nəsə tapmaq üçün kədərli və gecikmiş bir istək..
Dördüncü mərtəbədə gözlər yumularkən onun son gördüyü özünə tərəf qalxmış xırda əllər idi. Balaca mələyin son arzusu üçüncü mərtəbədə qulaqlarında səsləndi: “Ata, gələndə mənə...”. Və ikinci mərtəbədə ölmüş beyin hüceyrələrinin istehsal etdiyi son bir fikircik: “Gərək bu qədər kənarda dayanmazdım...”