İsegoria ekklesiyalarda (yığıncaq) hər kəsin çıxış etmək və məclisə xitab etmək hüququ olduğunu bildirən sözdür. “İsegoria” bərabərlik mənasına gələn “isos” və nitq, məclisdə çıxış etmək mənasına gələn “agora” sözlərindən əmələ gəlib. Bu prinsip hər bir vətəndaşa siyasi məsələlərlə bağlı öz fikirlərini sərbəst ifadə etmək və ictimai müzakirələrdə iştirak etmək imkanı verirdi. İsegorianın işləkliyi demokratiya üçün həyati əhəmiyyət kəsb edirdi. Çünki:bu, müxtəlif yanaşmaları və fikirləri eşitməyə imkan verirdi;qərar qəbul etmə prosesində iştirakçılığı təşviq edirdi;güclülərin zəifləri susdurmasına mane olurdu;daha ədalətli və bərabərhüquqlu bir cəmiyyət yaratmağa kömək edirdi.
Parrhesia isə həqiqəti demək mənasına gəlir. Parrhesia təkcə həqiqəti söyləmək deyil, bu həmçinin təhlükəli və çətin olsa belə, həqiqəti açıqca deməyi ifadə edir. Parrhesia tez-tez güclü fikirləri sorğulamaq və ya qeyri-populyar fikirləri səsləndirmək üçün istifadə olunur.
Bu prinsiplər Afina demokratiyasının və ona bağlı olaraq elm, incəsənət, fəlsəfə kimi bir çox sahələrin inkişafına gətirib çıxarıb.
Təbii ki, Afinada ifadə azadlığının bugünkü dünya üçün nümunə sayıla biləcəyini, mükəmməl səviyyədə olduğunu deyə bilmərik. Əks halda Sokrat ölümə məhkum edilməzdi. Kornfordun sözü ilə desək, Sokrat gənclərə bir insanın tam azadlığını qazanmaq üçün qəbul edilmiş bütün davranış qaydalarını sorğulamalı və bütün əxlaqi məsələləri özü-özünə mübahisələndirməli olduğunu deyirdi. (“Before and After Socrates”)
Sokratın fəaliyyətini ifadə azadlığı kontekstindən dəyərləndirsək, burada bir cinayət yoxdur. Ancaq dövrün qanunları onun günahkar olduğunu deyirdi. Bəlkə də onun yanlış zamanda dünyaya gəldiyini deyə bilərik. Çünki ... fikir və ifadə azadlığı, mətbuat azadlığı kimi təməl insan haqları üzərində tam konsensus bugünkü dünyanın demokratik ölkələrində belə əldə edilməyib və o dövrün Afinasında bu anlayışlar üzərində konsensus əldə oluna biləcəyi ağlasığmazdır. Nəticə etibarilə, insanların öz düşüncə və ifadələrində azad olmadığı məkan və dövr (bəlkə də Sokrat kimi insanlar üçün belə bir dövr heç vaxt olmayacaq) Sokrat kimi zamanın çox-çox ötəsində olan bir mütəfəkkirin həyatı bahasına başa gəlir. (International Journal of Society Researches № 26, iyun 2020)
Lakin yuxarıda danışdığımız iki prinsip, hətta Sokratın ölümü belə ifadə azadlığına mühüm töhfələr verib. Con Stüart Mill razılığa əsaslanan bir hökumətə uyğun olacaq intellektual tənqidçi modeli axtarışında idi. Bunu Sokratın çarpaz sorğusunda tapdı. “Azadlıq haqqında”dakı sokratik “özünü tanı” düsturu fərdin başqalarının müşahidəsinin köməyi ilə öz təbiətinin qəribə tələblərinə cavab vermək üçün həyata keçirdiyi özünümüşahidə üsulu olaraq təqdim edilir. (Nadia Urbinati “John Stuart Mill, Romantics’ Socrates, and the Public Role of the Intellectual”)
Sokratın meydanlarda gəzərək insanlara sorğulamağa çağırması, onlara nələrsə danışması bir ictimai sfera formalaşdırmaq idi. İctimai sfera konsepsiyasının yaradıcısı Yürgen Habermas deyir ki, ictimai sferanın yaranması üçün ən mühüm amil ifadə azadlığıdır. Habermasa görə, ictimai sfera fərqli baxışların və fikirlərin azad şəkildə ifadə edilə bildiyi və insanların ortaq bir məntiqə vara bildikləri bir sahədir. İfadə azadlığı olmadan ictimai sfera da olmaz.
Sosial media platformalarının ortaya çıxması ilə birlikdə artıq “sokratlar” meydanlarda gəzərək öz fikirlərini səsləndirmə ehtiyacı duymurlar. Bir kliklə öz fikirlərini müəyyən bir kütləyə çatdıra bilirlər. Ancaq sosial medianın inkişafı ifadə azadlığını həm də bir problemlə qarşı-qarşıya qoyur. Nifrət nitqi, dezinformasiya və kiber zorakılıq kimi problemlər ifadə azadlığını təhdid edir. Kass Sansteyn kimi tədqiqatçılar ifadə azadlığını qorumaq üçün yeni nizamlamalara ehtiyac olduğunu deyir. Sansteynə görə, nifrət nitqi, dezinformasiya və s. kimi zərərli məzmunların yayılmasının qarşısını almaq üçün sosial media platformalarına bəzi öhdəliklər qoyulmalıdır.
İfadə azadlığı Qədim Yunanıstandan bu günə qədər bəşəriyyətin ən önəmli qazanclarından biridir. Ancaq min illər keçsə də, hələ bu məsələdə böyük problemlər qalmaqdadır.
C.S.Mill 1859-cu ildə yazırdı: “Mətbuat azadlığının ... müdafiə edilməyə ehtiyacı olduğu günlərin geridə qaldığını umuram”.
“Tekst”, 20.02.2024