
Mən yaxşı futbol oynaya bilmirəm. Buna görə də keçən oyunda qapıda olduğum təqdirdə 16-4 hesabla bizim komanda uduzdu. Uşaqlar deyir ki, sənin əvəzinə qapıya dirək qoysaq, daha az qol yeyərdik. Məncə, bu belə deyil.
Oyunun sonlarına doğru (yəni 16-cı qolda) məndən bir yaş böyük komanda yoldaşım qəzəblə üzərimə gəlməyə başladı. Bunu görən komanda yoldaşlarımız onunla mənim arama girib bizi ayırdılar. Ancaq bilmirəm nədənsə, uşaqlar təkcə onu tutur, onu zəbt etməyə çalışırdılar.
Sonra həmin oğlan əsəblə oyunu tərk etdi. Məhlədən getmək üzrə idi ki, dönüb üzünü mənə tutdu:
- Sən öl, gəlib səni təklikdə tutacam. Minəcəm səni. Görərsən. Anamın canı, gəlib səni it kimi çırpacam.
Mən isə düşünürdüm ki, görəsən, nə baş verib ki, bu oğlan mənə belə əsəbidir? Adi bir oyuna görə? Nə bilim vallah?!
Gecə yatağıma uzananda gözümə yuxu getmədi. Ağlımın içində suallar fırlanırdı. İndi biz sabah rastlaşsaq, nə baş verəcək? Təxmin etməyə başladım:
“Birdən dalaşmaq üçün üstümə gəlsə, onu qabaqlayıb sifətinə bir yumruq vuraram. Başı gicəllənəcək. Fürsətdən istifadə sinəsinə möhkəm bir təpik də vursam, bəs edəcək. Kürəyiüstə yerə yıxılacaq. Mən də üstünə çıxıb o qədər yumruqlayaram ki sifətini, məcbur qalıb təslim olar.”
Bunları düşündükcə həyəcandan bədənim tir-tir əsir. Bu gün həmin oğlan üstümə cumanda da eyni həyəcan hissini yaşamışdım. Qorxurdum ki, titrədiyimi görsələr, qorxduğumu düşünərlər. Ancaq mən niyə titrədiyimi bilirəm. Orda yaranan ani təhlükə qarşısında bədənim həyatda qalmaq üçün adrenalinin dozasını artırdı. Bu da böyrəklərin xüsusi hormonlar ifraz etməsinə səbəb oldu. Bu hormonlar isə bədənin əsməsinə, titrəməsinə gətirib çıxarır. Bunu bizə məktəbdəki kimya müəllimimiz izah etmişdi.
Bütün bunları düşünə-düşünə nə vaxt yuxuya getdiyimi belə bilmədim. Səhər oyananda gümrah idim, ta ki bu gün məni gözləyən çətinlik yadıma düşənə kimi. Xatırlayan kimi qanım qaraldı. Mən heç vaxt davadan yana olmamışam. Mümkün qədər davadan uzaq, sülh dolu həyat yaşamağın tərəfdarı olmuşam. Elə bu səbəbdən də bu gün evdən çıxmamaq qərarı aldım. Həvəsim yox idi boş bir oyun üzərində kiminləsə dava etməyə.
Bütün günü evdə keçirdim. Artıq hava qaralmışdı. Düşündüm ki, iki-üç gün də belə sakitlik olsa, hər şey unudular, dalaşmağa ehtiyac qalmaz. Atam işdən gəldi. Həmişəki adəti üzrə əllərini yumağa hamama keçəndə anama səsləndi:
- Uşağı göndər, gedib çörək alsın. Mənim yadımdan çıxıb almaq.
- Yaxşı. Bu dəqiqə göndərirəm.
İçimdən keçən tək bir ifadə oldu: Heç hənanın yeridir?! Anam yanıma gəlib “get, tez atan üçün çörək al, gəl” dedi. Əvvəla tərəddüt etdim. Sonra başa düşdüm ki, getməyə məcburam. Ya gərək gedəm, ya da getməməyim üçün tutarlı bir səbəb deyəm. Məcbur anamdan pulu alıb evdən çıxdım. Yola qoyuldum və irəlilədikcə hər tini, hər künc-bucağı müşahidə etdim. Gözüm hər tərəfi gəzirdi. Əslində, özümü boş yerə yorurdum. Bizim indi rastlaşmağımız ancaq təsadüfi halda baş verə bilər. Ona görə də özümə toxtaqlıq verib qamətimi düzəltdim və qəti addımlarla yoluma davam etdim.
Çörək dükanına bir az qalmış qorxduğum başıma gəldi. Həmin oğlan bir ayağını divara dayayaraq kürəyini hasara yaslamışdı. Çevrilib mən tərəfə baxanda gözləri parıldadı. “Yaxşı düşdün əlimə, səni göydə axtarırdım, yerdə tapdım” dedi və mənə yanaşmağa başladı. Əvvəla yoluma davam etmək istədim. Sonra bunun ağılsız iş olacağını başa düşdüm. Geriyə dönüb qayıtmaq necə?! Yox, yox. Bu, qorxaqlıq əlaməti olar. Deyərlər, qorxub qaçdı. Yerimdə dayanıb gözlədim. Mənə çatan kimi dodaqları səyirdi, dişləri göründü.
- Hə, balaca. Sənə söz vermişdim, anamın canına and içmişdim. İndi gəl, səninlə kənara keçib haqq-hesabımızı edək.
Sadəcə başımın işarəsi ilə “yaxşı” dedim. Onun ardınca düşdüm. Bədənimdə yenə titrəmə yaranmışdı. Yəqin əsəbiləşmişdim.
Havanın qaralmış olması çox pis idi. Görmə qabiliyyətimi aşağı salırdı. Ondan ani gələcək zərbələrə qarşı daha da zəif olacaqdım. Buna görə yanında addımlayarkən ehtiyatı əldən vermir, davamlı əllərinin vəziyyətini müşahidə edirdim. Biz xəlvət bir yerə doğru istiqamət almışdıq. Ətrafımızda bizdən savayı bir neçə uşaq da vardı. Belə söhbətlərə izləyici kütləsi gəlməsə, mümkün deyil.
Qaranlıqda qarşıdan gələn iki nəfəri tanımaq cəhdim uğursuz oldu. Lakin onlar daha da yaxınlaşdıqca tanış bir üz sezdim: bu mənim məhləmdə yaşayan 24 yaşlı gənc Hüseyn idi. Uzaqdan onu tanıdığıma çox sevindim. Ürəyim rahatlaşdı. Başa düşdüm ki. Təhlükə artıq sovuşub. Hüseyn getdikcə yaxınlaşır, mən isə bundan inanılmaz bir həzz alırdım. Yenə bəxtim gətirmişdi. İndi Hüseyn gələcək, məni tanıdığını deyib söhbətə girişəcək mənimlə, vəziyyətdən duyuq düşüb məni buradan çıxaracaq.
Özümü gümrah deyil də, əzgin göstərməyə çalışırdım ki, Hüseyn vəziyyəti başa düşüb məni də özü ilə evə sarı aparsın. Bizimlə onun arasında 5 addım qalmışdı. O uca səslə “Necəsiz uşaqlar?” dedi. Qalan hər kəs bir ağızdan sağ ol, çox sağ ol dedi. Hüseyn bizə gülümsəyib yanımızdan ötdü. Son ümidim idi, o da hal-əhvalımı soruşub yanımdan ötdü.
Oğlan məni həqiqətən təklik bir yerə gətirib çıxarmışdı. Dünən yatarkən qurduğum bütün planları zehnimdən keçirdim. İndi ona həyatın neçə bucaq olduğunu göstərəcəm.
Birdən-birə sifətimə dəyən yumruqla huşumu itirdim!
Oyananda yerə uzanılı vəziyyətdə qalmışdım. Hər tərəfim ağrıyırdı. Başa düşdüyüm qədərilə yerdə xeyli təpik dəymişdi mənə. Üst başım pis gündə idi. Ətrafda isə heç kəs gözə görünmürdü. Ayağa qalxıb çörək dükanına üz tutdum. Dükanın önünə çatanda əlimi cibimə atdım. Anamın verdiyi pul yox idi. Ay sizi əclaflar. Pulumu da götürüblər. Utana-utana qaldım. Çörək dükanından bir bina sonra məscid var idi. Dəstəmazxanaya daxil olub burnumun, üzümün qanını sildim. Sonra çörək dükanına doğru addımlayacaq cəsarəti özümdə yaratmağa çalışdım. Nəhayət, dükanın qapısından girəndə satıcını görüb dərdimi ona izah etdim. Məcbur qalıb ömrümdə ilk dəfə nisyə alış-verişimi həyata keçirdim.
Bu gün döyüldüm. Bütün o planlar boşa imiş. Heç də filmlərdəki kimi olmurmuş. Adım da nisyə dəftərinə düşdü. Üz tutdum evə. Yolboyu hər şeyi götür-qoy etdim. Ancaq mənə hələ çox-çox sonralar (yeniyetməlikdən sonra) çatacaqdı ki, əslində böyrəyin, hormonun söhbətə aidiyyatı yoxdur. Mən qorxurmuşam, bu titrəmələr də qorxudan imiş. Hələ gənc olanda özümə etiraf edəcəkdim ki, əslində mən qorxaq biriyəm...
#23