
Günlərdir gözünün yaşı dayanmırdı. Ata-anası sağ olsaydı, göz yaşına çarə tapardılar. Ancaq yetim qalmışdı. Azyaşlı qardaşından başqa ailəsində birinci dərəcəli qohumu yox idi. İndi dərdinə dərman ola biləcək kimsə qalmamışdı. Bibisi onu dərhal ərə vermək istəyirdi. Namizəd tapılmışdı və bu gün həmin kişi əlinə bir dəstə gül, bir qutu şokolad alıb ailəsi ilə gəlmişdi. Yaşı çox idi. Nərmin ilə aralarında 20 yaş fərq var idi. Nərminin 18 yaşı yeni olmuşdu. Kişi isə 38-40 yaşlarında olardı.
Nərmin bibisinin məqsədini başa düşməyə çalışırdı. Axı onlara demişdi evlənmək istəmədiyini?! Bibisinin şəxsi-qərəzliyi mi vardı? Başa düşmürdü. Bu gün onun taleyi həll olunacaqdı. Bibisi və bibisi yoldaşı Nərminin valideynləri kimi elçilik mərasimində iştirak edirdilər. Nərminə aydın idi ki, bibisi “Hə” deyəcək və onu bu kişiyə ərə verəcəklər.
Nərminin qardaşının 16 yaşı yeni olmuşdu. Kiməsə yük olmaq vicdanına əl vermirdi. Buna görə də çətin olsa belə, iş tapmışdı. Hər gün işə gedib günorta nahara gəlirdi. Nahardan sonra təkrar işə gedir və bir də axşam saatlarında yorğun halda evə qayıdırdı. Günümüzdə saysız-hesabsız belə uşaq var. Biz isə onları görmədiyimiz müddətcə öz dərdlərimizlə məşğul olur, şikayətlənirik. Sanki dünyada baş verən ən pis hadisələr yalnız və yalnız bizim başımıza gəlibmiş kimi...
Bibi elçiliyi səhər 9 saatına salmışdı. Səhərin gözü açılan kimi elçilik olar?! Nərmin hə illah etdi ki, bibisinin məqsədindən bəlkə bir qrafa qana, yenə də mümkün olmadı. Tərslikdən elçilər gecikdi, Nərminin qardaşı nahara gəlməzdən yarım saat öncə gəldilər. Çaylar masaya təzəcə gətirilmişdi ki, Elmar qapını açıb içəri girdi. Qonaqlarla salamlaşıb təəccüb ifadə edən baxışları ilə mətbəxə keçdi. Nərmini mətbəxdə gözü yaşlar içində tapdı. Heç nə soruşmadan yanına yanaşdı. Əlini tutub özünə çəkdi, qolları arasına alıb ehmalca qucaqladı Nərmini. Nərmin evin soyuq divarlarının qızdığını, qəlbində hərarətin yenidən alovlandığını hiss etdi. Bədəni cana gəldi. Özünü güvəndə, qardaşının himayəsində hiss etdi. Bütün duyğularını büruzə verdi. Təslim oldu və ağlaması hönkürtü halı aldı. Elmar həyəcanlanmağa başladı. Görəsən, bacısı nəyə görə belə ağlayırdı?! Nərminin kürəyindəki əlini yuxarı-aşağı gəzdirərək onu tumarlamağa, sığallamağa başladı.
Nərminə elə gəldi ki, atasının qolları arasındadır. Atası onu ərköyün böyütmüşdü. Bir dediyini iki etmirdi. Nə çətinliyi olsa, atasına sığınır, ondan dəstək alırdı. Super qəhrəmana ehtiyacı yox idi. Çünki hər qız kimi onun da atası Nərmin üçün qəhrəman idi. Hər şeyə gücü çatan, məğlubedilməz bir şəxs. Atası olsa idi, ona kifayət edəcək bircə kəlmə deyərdi: İstəmirəm.
Belə də dedi. “İstəmirəm” pıçıldadı. Elmar bunu eşitdi. Bacısını ehmalca özündən aralayıb soruşdu:
- Nəyi istəmirsən?
Nərmin hıçqırır, ağlayır, boğulurdu. Təkrarlaya bilmədi. Bir müddət elə qaldılar. Sonra Elmar bacısından yeməyin hazır olub-olmadığını soruşdu. Bacısı başı ilə təsdiq edib Elmarın qolları arasından çıxdı. Yeməyi qoymağa üz tutdu. Elmar yerini masada rahatlayıb diqqətini qonaqlara verdi. Kim idi bu adamlar ki, bibisi onları öz evində yox, bu evdə qonaq edirdi?! Qonaq otağına qulaq verdi. Onlar havadan-sudan, qısacası, Elmarı maraqlandırmayan mövzulardan söhbət edirdilər. Yemək bişənə qədər hamama keçmək, əl-üzünü yumaq, rahatlanmaq qərarı aldı.
Elmarın hamamda olduğunu bilən bibi fürsətdən istifadə etdi. Qonaqlara göz qaş ilə mətləbə keçmələrini bildirdi. Oğlanın, daha doğrusu kişinin atası mövzunu açdı. Bibinin tələsdirməsindən sonra həyəcanlanıb birbaşa qızı istədi. “Allahın əmri, peyğəmbərin izni ilə...”
Qız istəndi. Bibi də razılaşdı və “Verdim, getdi...” cümləsi ilə Nərminin həyatını iki saniyədə dağıtdı. Nərmin bütün bunları eşidirdi. Birdən dərk etdi ki, onun həyatı əllərindən alınmaq üzrədir. Son şansı bu idi. Cəld qonaq otağına keçib “İstəmirəm!” qışqırdı. Sonra da elə ordaca ağlamağa başladı. Bunu görən elçilər çaşıb qaldı. Oğlanın atası bibiyə üz tutub “Bu nə deməkdir? Bu qız nə deyir belə?” dedi. Bibi isə cavabında Nərmini susduracaq tərzdə: “Qələt edir. Bir balaca həyəcanlanıb, yəqin ona görə belə edir. Yoxsa razıdır.”
- Nəyə razıdır? – Elmar otağa girdi.
- A balam, şükür gəlib çıxdın. Gəl, bu bacının başına ağıl qoy. Uşaq deyilsən maşAllah. Gül kimi bəxdi açılıb, imkanlı bir adam ona elçi düşüb. Nə cer-cehiz istəyir, nə də bir şey. Bir dənə “hə” desə, bütün həyatı gözəlləşəcək. Elmar bir-bir hamının üzünə baxdı. Bibisinin dediklərini eşidəndə başa düşdü bu adamların niyə bu evdə olduğunu. “Hə” desə, Nərminin həyatı gözəlləşəcəkmiş. Üzünü Nərminə tutdu:
- Keç mətbəxə.
Nərmin çox yaxşı bilirdi ki, qardaşı ona ağıl vermək istəsə belə, yenə də mənası olmayacaq. O bu adamı sevmirdi. Onunla evlənmək istəmirdi. Atası belə onu razı salmaq üçün çalışsa idi, Nərminin fikri yenə də dəyişməyəcəkdi. Ancaq yenə də suyu süzülə-süzülə qalxıb mətbəxə keçdi. Bu gün həyat onun ipini başqalarının əlinə vermişdi. Kaş atası ölməzdi, onun əvəzinə Nərmin ölmüş olaydı. Həm atası həyatda olardı, həm də özü bu günləri görməzdi. Elmar ilk sualını verdi:
- Bu adamlar elçi gəliblər?
- Hə, balam. Biz razıyıq, qızı verdik. Ancaq bacın şüvənlik etdi. Səsini atdı başına. Ayıbdır, belə olmaz axı?!
- Başa düşdüm. Deyirsiz artıq qızı vermisiz, hə?!
- Hə. Onlar qızı istəyib, biz də vermişik.
- Pox yemisiz. Siz kimsiniz ki, mənim xəbərim olmadan evə elçi gətirirsiz, üstəgəl məndən xəbərsiz qız verirsiz?
Nərmin qulaqlarına inanmadı. Göz yaşı birdən-birə kəsdi və təəccüb onu bürüdü. Qulaqlarını şəkləyib qulaq asmağa başladı. Bibi isə başa düşdü ki, nəsə etmək lazımdır. Gözləmədikləri halda onlar üçün südəmər uşaq olan Elmar baş qaldırdı. Hökmü əldən verə bilməzdilər:
- Adə qırışmal, qələtini elə ha! Bunun danışığına bax. Sizin böyüyünüz bizik. Nə desək, odur.
- Bibi, böyüksən, özünü böyük kimi apar. Elə etmə ki, sizi təpiklə qovum bu evdən.
- Oğul, biz artıq qızı vermişik. Ayıbdır, bizi nüfuzdan, hörmətdən salırsan! – deyə müdaxilə etdi bibinin yoldaşı.
- Sən kimsən ki, mənim bacımı ərə verirsən? Mən ölməmişəm ki, yiyəsiz qala, başqa kimsə ərə verə onu.
Hamı çaşbaş qalıb bir-birinə baxırdı. Elçilər bibinin üzünə baxıb ondan vermiş olduğu vədi tələb edirdi. Elmar sükutu fürsət bilib son sözünü dedi:
- Nərminin könlü yoxdur. Mən də qızı vermirəm! Buyurub qalxa bilərsiz, dəyərli qonaqlarımız və əziz bibimgil.
Heç kəs hərəkət etmədi. Nə etməli olduqlarını bilmirdilər. 16 yaşlı bir uşağın önündə necə davranmalı idilər, görəsən? Təkcə Nərminin üzü gülümsəyirdi. Düz hiss etmişdi. Atası ölməmişdi, sağ idi. Atasına bircə kəlmə “İstəmirəm” desə, bəs edərdi. İndi də bircə kəlmə deməsi bəs etmişdi. Elmar onun ata yarısı idi.
Bibisi əri səsini qaldırıb Elmarı yerinə oturtmaq istədi. Xoşluqla başa düşmədiklərini görən Elmar ayağa qalxdı, - durun, basın bayıra – dedi, hərəkət etmədiklərini görəndə isə cəld atasının yataq otağına qaçdı. Bu ani qaçışdan qorxuya düşən qonaqlar ayaqüstə qalxıb çaşbaş qaldılar. Bir neçə saniyə sonra Elmar əlində tüfənglə geri döndü və “Cəhənnəm olun, basın bayıra” deyə qışqırdı bir daha. Hamı qorxudan evi tərk etdi. Və Elmarla Nərmin baş-başa qaldılar. Nərmin qardaşını səsləyib ona doğru qaçdı. Elə qucaqlaşdılar, sanki iki dağ bir-birinə qovuşdu. Nərmin pıçıltı ilə “Çox sağ ol, arxa dirəyim!” dedi. Elmar gülümsəyib saçlarından öpdü.
- Qorxma, - dedi, - nə qədər ki, sağam, imkan vermərəm səni incitsinlər. Yetər ki, sən mənim cığırımla addımla...
Artıq bu evin saqqalı olmayan ağsaqqalı var idi...