Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Münasib Niftalıyev
  • Bəzəkli Qəfəslər: Sənət və Din Qadını Necə Həbs Etdi?
    Münasib Niftalıyev
  • 11 Baxış
  • 13.05.2026
  • 12 dəq oxuma

Bəzəkli Qəfəslər: Sənət və Din Qadını Necə Həbs Etdi?

Bəşər tarixi boyunca qadın varlığının ətrafında keçilməz divarlar kimi hörülən namus, ismət və qeyrət kimi anlayışlar heç vaxt təsadüfi bir mənəvi ehtiyacdan doğmadı. Bunlar minilliklər ərzində ən kiçik detalı belə unudulmadan, həssaslıqla inşa edilən nəhəng bir nəzarət sisteminin görünən, qanuniləşdirilmiş və müqəddəsləşdirilmiş üzləri idi. Bu sistem qadını yalnız fiziki zəncirlərlə küncə sıxışdırmaqla kifayətlənmədi. O, insan ruhunun ən ali qatlarına - düşüncəyə, dinə, mifologiyaya, sənətə, estetikaya və hətta sevginin özünə belə sızaraq qadını daxildən ram etməyə çalışdı. İnsanlığın bu məsələdəki ən qorxulu tərəfi qadına qarşı sadəcə qəddar olması deyil, həm də bu qəddarlığında ağlasığmaz dərəcədə yaradıcı olmasıdır. Onu məhdudlaşdırmaq üçün quru qanunlar yazmaqla yetinməyib, qanlı mifologiyalar uydurdu, dinləri patriarxal maraqlara uyğun yozdu, şeirlər qoşdu, heyranedici rəsmlər çəkdi və hətta bədəni deformasiya edən modalar icad etdi. Ən acınacaqlısı isə odur ki, bütün bu zəncirlər dünyaya gözəllik, fədakarlıq, əxlaq və müqəddəslik adı altında, olduqca cəlbedici və etirazı qeyri-mümkün edən bir qablaşdırmada təqdim olundu.

Bəzəkli Qəfəslər: Sənət və Din Qadını Necə Həbs Etdi?

Hər şey ibtidai dövrlərin sərt fiziki güc hökmranlığı ilə başladı. İnsanlığın şəfəqində həyatda qalmaq birbaşa ov, savaş və vəhşi təbiətdən müdafiə kimi fiziki üstünlük tələb edən amillərə sıx bağlı idi. Kişinin bu bioloji əzələ üstünlüyü, zaman keçdikcə sadəcə bir fiziki fərq olaraq qalmadı, sistemli bir sosial hakimiyyətə çevrildi. Qadının hamiləlik, doğum və övlad böyütmə dövrlərindəki təbii həssaslığı isə bu sistem tərəfindən bir bioloji imtiyaz və ya həyatın davamı üçün zərurət kimi deyil, bir zəiflik və asılılıq faktoru kimi istifadə edildi. Beləcə, ilk qanun ilk yumruğun kölgəsində, "güclü olan haqlıdır" prinsipi ilə şüurlara qazındı. Lakin tarixin ən böyük paradoksu, bəlkə də ən böyük yalanı bundadır. Antropoloqların dərindən apardığı tədqiqatlar göstərir ki, qədim qəbilələrin gündəlik qida ehtiyatının böyük hissəsini, 70-80 faizini məhz qadınların topladığı bitki, meyvə və köklər təşkil edirdi. Yəni, həyatı hər gün real olaraq ayaqda tutan əsl əmək qadının çiyinlərində olsa da, tarix "yığıcı qadın"ın bu fundamental rolunu görməzdən gəldi və yalnız "ovçu kişi"ni qəhrəman elan etdi. Çünki tarix həmişə, obyektiv həqiqəti deyil, qalib gələn gücü qeyd etmək üçün qələmə alınırdı.Sivilizasiyanın və əslində qadın əsarətinin əsl dönüş nöqtəsi xüsusi mülkiyyətin yaranması ilə gəldi. İnsan torpağı mənimsəməyə və ona sahib çıxmağa başlayanda, daxilində yeni və eqoist bir sual doğdu: "Mən öldükdən sonra bu torpaq, bu sərvət kimə qalacaq?" Cavab mütləq şəkildə "mənim oğluma" idi. Lakin bu nöqtədə kişi üçün bir şübhə yarandı: Uşağın həqiqətən öz qanından olduğuna necə tam əmin olmaq olar? Məhz bu iqtisadi narahatlıq qadın bədəni üzərində qurulan misilsiz nəzarət sisteminin təməlini qoydu. Bakirəlik, namus və ismət kimi anlayışlar, əslində min illər boyu iddia edildiyi kimi romantik və ya ilahi dəyərlər deyil, kişinin mülkiyyət hüququnu qorumaq üçün icad edilmiş sığorta mexanizmləri idi. Beləcə, qadın müstəqil bir fərd olmaqdan çıxıb, sadəcə təmiz varis daşıyan bir vasitəyə, bir mülkiyyət obyektinə çevrildi. Onun ev daxilində gördüyü sonsuz və ağır işlər - yemək bişirmək, təmizlik, uşaqların fiziki və mənəvi tərbiyəsi və s. bazarda pul qarşılığı olmadığı üçün əmək kateqoriyasına daxil edilmədi. İqtisadi gücü sistemli şəkildə əlindən alınan və hər bir qəpiyə görə asılı vəziyyətə salınan insanın isə heç vaxt tam azad ola bilməyəcəyi bəlli idi. Bu gün, müasir cəmiyyətlərdə qadınların iqtisadi müstəqillik qazanması ilə namus və qeyrət təzyiqlərinin simmetrik şəkildə zəifləməsi təsadüfi deyil. Asılılıq zənciri qırılanda, nəzarət mexanizmi də öz-özünə çatlamağa başlayır.Lakin fiziki güc və iqtisadi qorxu tək başına kütlələri uzun müddət itaətdə saxlamağa kifayət etməzdi. İnsanların şüuraltısı mifologiya, din və kollektiv yaddaş vasitəsilə idarə olunmalı idi. Qədim yunan mifologiyasında Pandora ilk qadın sayılırdı. Tanrılar ona içi qadağan olunmuş bəlalarla dolu qutu verir və onu açmamağı tapşırırlar. Pandora isə marağına məğlub olur və qutunu açır. Xəstəlik, ölüm, savaş və bütün bəlalar dünyaya yayılır. Bu mifologiyanın gizli mesajı çox açıq idi: "Qadın nəzarətsiz maraqdır. Qadın təhlükəli qapıdır." Yəni, dünya xaosunun səbəbi kişi yox, qadının itaətsizliyi idi. Burada qadının düşünmək və sorğulamaq xüsusiyyəti günaha çevrilirdi. Çünki sorğulayan insan idarə olunmur.İbrahimi dinlərin ən məşhur yozumlarında isə Həvva obrazı qadağan olunmuş meyvəni ilk dadan və Adəmi də buna sövq edən varlıq kimi günah keçisinə çevrildi. Nəticədə insanlığın cənnətdən qovulması kimi nəhəng bir faciənin yükü qadının üzərinə qoyuldu: "Kişi yoldan çıxırsa, bunun arxasında mütləq bir qadın vəsvəsəsi var." Beləcə, qadın şeytana yaxın, ehtirasın təhlükəli daşıyıcısı və fitnə mənbəyi kimi kodlaşdırıldı. Halbuki çox vaxt müqəddəsləşdirilən şey dinin özü deyil, dini şərh edən və onu öz patriarxal çıxarlarına uyğunlaşdıran hakim sistem idi. Bu sistem həm də dilin kapilyarlarına qədər nüfuz etmişdi. "Qızını döyməyən dizini döyər", "Qadının saçı uzun, ağlı qısa olar", "Qadının yeri evidir" və s. kimi atalar sözləri sadəcə folklor nümunəsi deyil, uşaqlıqdan insanların beyninə yerləşdirilən sərt sosial proqramlar idi. Bir qız uşağı illərlə bunları eşidəndə özünü ikinci dərəcəli görməyə başlayırdı. Bir oğlan uşağı isə hakimiyyəti təbii haqqı hesab edirdi. Yəni, patriarxiya qanunlardan əvvəl dilin içində yaşayırdı.Fəlsəfə də bu ədalətsizliyə öz intellektual bəraətini verdi. Aristoteldən tutmuş orta əsr ilahiyyatçılarına qədər qadın "əksik kişi", "məntiqsiz varlıq" və "duyğu topası" sayıldı. Dünya kəskin şəkildə ikiyə bölündü: Kişi - ağıl, ruh, məntiq və ali göy üzü, Qadın - bədən, ehtiras, torpaq və instinkt. Bu bölgü qadını hər zaman "əhliləşdirilməli olan vəhşi təbiət" tərəfi kimi aşağıladı. Beləcə, kişi idarə edən ağıl, qadın isə idarə olunmalı hiss sayıldı.Lakin bu sistemin ən amansız və hiyləgər tərəfi sənət idi, çünki fiziki zorakılıq insanı qorxuda bilər, amma estetika insanı öz əsarətinə və zəifliyinə aşiq edə bilir. Ədəbiyyat və rəssamlıq qadının bu yaradılmış əsarətini elə zərif və gözəl boyalarla təsvir etdi ki, insanlar bunu bir insanlıq faciəsi deyil, uca bir romantika sandılar. Klassik əsərlərdə qadın ya Leyli və Şirin kimi müqəddəsləşdirilmiş, əlçatmaz və daxili aləmindən məhrum edilmiş bir bütə çevrildi ("Leyli və Məcnun" poemasında Leyli sadəcə bir idealdır, onun öz iradəsi yoxdur, o yalnız sevilmək üçün var), ya da səssiz, itaətkar və fədakar "ideal qadın" qəlibinə salındı. Onun şəxsi arzuları, intellektual ehtiyacları və ya peşə ambisiyaları heç vaxt mövzu olmadı. O, sadəcə kişinin böyük hekayəsində ona ilham verən və ya onu sınağa çəkən bir dekorasiya idi. Ədəbiyyat qadına illərlə eyni şeyi pıçıldadı: "Sən nə qədər səssiz və zəifsənsə, bir o qədər gözəlsən. Özünü nə qədər çox qurban verirsənsə, bir o qədər müqəddəssən." Beləliklə, qadının bir fərd olaraq yox olması ən ali fəzilət kimi təqdim edildi və bir çox qadın, ironik şəkildə, öz qəfəsini səmimi bir sevgi sanaraq ona bağlandı. Klassik sənətdə qadın danışmırdı, o, yalnız təsvir olunurdu. Onun gözlərinin rəngi, dərisinin bəyazlığı, saçlarının uzunluğu vəsf olunsa da, düşüncələri, qorxuları və arzuları mütləq bir sükuta məhkum edilirdi. Çünki patriarxiya üçün düşünən qadın hər zaman təhlükəli, susan qadın isə hər zaman təhlükəsiz və estetik idi.Sistem yalnız qadının düşüncəsini yox, bədənini də mütləq nəzarətdə saxlamaq üçün dəhşətli gözəllik və zəriflik standartları icad etdi. Qədim Çində qız uşaqlarının ayaqları uşaqlıqdan sındırılaraq sıx şəkildə bağlanırdı ki, kiçik qalsın. Buna "Lotus ayaqlar" deyilirdi. Məqsəd zəriflik idi. Kiçik ayaq aristokrat gözəlliyi sayılırdı, halbuki bu, qadının sərbəst hərəkətini əngəlləyən ağır bir işgəncə idi. Yeriyə bilməyən və hər addımda ağrı çəkən qadın heç vaxt azad ola bilməzdi və bu vəhşilik "zəriflik" adı altında aristokratik bir gözəllik meyarı sayılırdı.Avropada qadınların geydiyi korsetlər qabırğaları sıxır, daxili orqanları zədələyir, bayılma hallarına səbəb olur və nəfəs almağı belə çətinləşdirirdi, lakin cəmiyyət bunu "incə bel estetikası" kimi alqışlayırdı. Mesaj çox aydın idi: "Qadın hər zaman zəif, köməksiz və fiziki olaraq məhdud görünməlidir."Bəzi Afrika və Asiya qəbilələrində qadınların boynuna taxılan ağır metal halqalar "gözəllik" sayılsa da, bu halqalar çıxarılanda qadının boyun əzələləri tamamilə atrofiyaya uğradığı (zəifləyib işləməz hala düşdüyü) üçün o, başını belə müstəqil saxlaya bilmirdi. Yəni, qadın gözəl olduğu qədər də asılı vəziyyətə salınırdı.Bu gün belə dünyanın bəzi bölgələrində davam edən qadın sünnəti isə qadın üzərindəki nəzarətin ən qanlı və radikal formasıdır. Bu praktikanın tək bir məqsədi var: Qadının öz bədənindən həzz almasını məhv etmək. Çünki tarix boyunca sistem üçün ən qorxulu varlıq - öz bədəninə, hisslərinə və istəklərinə sahib çıxan qadın olmuşdur. Bu ritual çox vaxt din adı ilə ört-basdır edilsə də, əslində heç bir böyük dinin məcburi hökmü deyil, sadəcə patriarxal qorxunun bədən üzərindəki cərrahi əməliyyatıdır.Tarixdə bu amansız nizama itaət etməyən və ya sistemin kənarına çıxan qadınlara isə dərhal üç öldürücü damğa vuruldu: cadugər, dəli və əxlaqsız. Orta əsr Avropasında minlərlə qadın "cadugər" adı ilə tonqallarda yandırıldı. Onların çoxu əslində bitkilərlə müalicə etməyi bacaran (təbiət elmlərinə bələd olan), dul qaldığı üçün tənha yaşayan və ya atadan qalan mirasa sahib olan, yəni, kişi himayəsi olmadan yaşaya bilən qadınlar idi. Tonqalda yanan yalnız o bədbəxt qadınlar deyil, həm də qadının müstəqil ola biləcəyi ideyası idi.XIX əsrdə qadınların hər hansı bir emosional etirazı və ya itaətsizliyi tibbi dilə "histeriya" xəstəliyi kimi tərcümə olundu. Maraqlıdır ki, bu söz yunanca "uşaqlıq yolu" mənasını verən "hystera" sözündən gəlirdi. Yəni, qadının beyni və ağlı deyil, birbaşa onun bioloji varlığı günahkar elan edilirdi. Sanki qadının hər bir narazılığı onun uşaqlıq orqanının "çılğınlığından" qaynaqlanırdı. Kişinin qəzəbi "güc" sayıldığı halda, qadın qəzəbi "xəstəlik" kimi qeyd olunurdu.Hindistandakı "Sati" ritualı - dul qadının vəfat etmiş əri ilə birgə diri-diri yandırılması "müqəddəs sədaqət" maskası altında qadını iqtisadi bir yük kimi aradan qaldırmaq və miras problemini kökündən həll etmək üçün tətbiq edilən bir faciə idi.Yaponiyadakı geyşa obrazı isə qadın fərdiliyinin ağır makiyaj, süni davranışlar və kiçik addımlar arxasında tamamilə itərək estetik bir tamaşaya, cansız bir əşyaya çevrilməsi idi.Tarix yalnız qadını susdurmadı, onun əməyini də oğurladı. Bir çox elmi və sənət uğurlarının arxasında qadınlar olsa da, şöhrət kişilərə verildi. DNT-nin strukturunun açılmasında həlledici rol oynayan rentgen şəkillərini çəkən Rozalind Franklinin zəhməti illərlə kölgədə qaldı, onun işini mənimsəyən kişi həmkarları isə Nobel mükafatı aldılar. Çünki sistem "dahi" obrazını kişi üzərində qurmuşdu. Qadın ya ilham pərisi ola bilərdi, ya da köməkçi.Qadına qarşı tətbiq olunan bu total ədalətsizlik təsadüfi yaranmadı. O, fiziki güclə başladı, iqtisadiyyatla möhkəmləndi, din və mifologiya ilə müqəddəsləşdirildi, fəlsəfə ilə əsaslandırıldı və sənətlə gözəlləşdirildi. İnsanlıq qadının ətrafındakı qəfəsi gizlətmədi, əksinə o qəfəsi poeziya, mifologiya və estetika ilə elə bəzədi ki, min illərlə o, mentalitet və ya milli dəyər adı altında müqəddəs bir ev kimi qəbul edildi. Lakin tarixin bizə öyrətdiyi ən vacib həqiqət budur: Heç bir bərabərsizlik təbiətin dəyişməz qanunu deyil. İnsan tərəfindən müəyyən bir məqsəd üçün qurulan hər bir sistem, o məqsədin artıq xidmət etmədiyi yerdə yenə insan tərəfindən dağıdıla bilər. Azadlıq, həmin bəzəkli qəfəsin təklif etdiyi yalançı gözəllikdən və təhlükəsizlikdən tamamilə imtina edib, həqiqətin yalın və sərt üzünə baxmaqla başlayır.

Digər məqalələr

Həqiqətin Səssizliyi və Dərketmənin Sərhədləri

Həqiqətin Səssizliyi və Dərket

  • 10 Baxış
  • 13.05.2026
  • 5 dəq oxuma
Həqiqətin səssizliyi və dərketmənin sərhədləri mövzusu, bəşər tarixinin ən güclü intellektual təcrübələrindən biridir. İnsan çox vaxt elə hesab edir k ...
Hər kəs
Daha çox
Xoşbəxtlik Əzabı

Xoşbəxtlik Əzabı

  • 56 Baxış
  • 06.05.2026
  • 1 dəq oxuma
Bu gün insan psixologiyasının ən böyük paradokslarından birinə toxunmaq istəyirəm: Niyə hər şeyin qaydasında olması bəzən bizi xoşbəxt etmək əvəzinə d ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Dəstək
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2026 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.