Fizioqnomika, estetik əməliyyat və güvənini itirmiş son nəsillər

İlk görüşdə bir insana baxıb hiss etdikləriniz zamanla düz çıxır? Yoxsa çox vaxt yanılırsınız?


26 baxış
27.07.2026
8 dəq oxuma

İlk görüşdə bir insana baxıb hiss etdikləriniz zamanla düz çıxır? Yoxsa çox vaxt yanılırsınız? Ümumiyyətlə, nə düşünürsüz, sizcə, insanları üzlərinə baxanda hiss etdiklərinizlə tanımaq mümkündür?

Gəlin, siz düşünüb qərara gəlincəyə qədər mən də öz araşdırmalarımdan öyrəndiyim məlumatların maraqlı olanlarını sizinlə də bölüşüm.

Deməli, Çinlilərə məxsus Fizioqnomika deyilən bir elm var ki, bu elm, ilk olaraq, üzün gözəlliyini təhlil etmək üçün yaradılıb. Amma onlar bununla sadəcə gözəllik dərəcəsini yox, eyni zamanda üz cizgilərinə baxaraq sənin şəxsiyyətinə dair fikir yürüdür, hətta, bəzən gələcək haqda belə öz inandıqları kimi məlumat verirlər.

Bu elm 18,19-cu əsrdə daha çox yayğın idi.

19-cu əsrdə bəzi tədqiqatçılar iddia edirmiş ki, cinayətkarların ümumi üz cizgiləri və xarakteristikaları var. Hətta tədqiqatlar nəticəsində əsaslandırma belə ediblər.

İlkin olaraq, bunu deyək ki, həddindən artıq çox insan fizioqnomikanı da elm saymır. Necə ki, astrologiya. Psixologiyanı elm saymayanlar belə var.

Bir neçə sizə maraqlı olacaq məlumatı da bölüşüm. Üzümüzün və cizgilərin formasına görə təhlillərə baxaq. (Məlumatlar müxtəlif əsaslı xarici saytlardan və “Hall’s journal of health” jurnalından götürülüb. Detallara enmədən, ümumi məlumatlar verilib)

Alın:

Alnınız ovcunuzla eyni və ya böyük ölçüdədirsə, siz ağıllı, çalışqan və yeni məlumatlar öyrənməyə maraqlı, müdrik insansınız. Və ya alnınız ovcunuzdan kiçikdirsə, dar və ya alçaq alına sahibsinizsə, bu daha sadə bir şəxsiyyətin göstəricisi sayılır.

Gözlər:

Böyük və aydın gözlər, emosional həssaslığın və aktiv, canlı olmağa işarədir. Kiçik gözlər isə çox zaman daha ehtiyatlı və introvert bir şəxsiyyəti təmsil edir.

Burun:

Böyük burunlar aktiv, enerjili, çalışqan, əliaçıq, qürurlu, təmtəraqlı, səbirsiz, lider ruhlu, bəzən zalım, kiçik burunlar isə zəif, mühakimə ilə idarə olunan, daha çox sevən, daha çox nifrət edən insanlar sayılır.

Dodaqlar:

Geniş və aşağı meyilli dodaqlar həyatına maraq qatmağı sevən, comərd, nazik dodaqlar mühafizəkar, az və saz danışmağı sevən insanlara işarə kimi göstərilib. Böyük alt dodağın isə çox vaxt tənbəl insanlarda rast gəlindiyi iddia edilir.

İndi isə gedək, təhlil edək.

Əsas suala keçək:

Fizioqnomikaya inanmaq nə qədər məntiqlidir?

Baxın, buradan davam edək.

Bəli, məncə fizioqonomika bir çox hallarda düzgündür. Bunu elm saymayanlar var. Səbəbi isə dəqiq sübutu olmamasıdır. Amma , məncə, bunu inanılmayacaq kimi göstərən sadəcə zaman məsələsidir. Keçmiş dövrü düşünərək, gəlin, “Burun” təhlilinə baxaq.

1.Deyilir ki, böyük burunlu insanlar qürurlu, çalışqan olurlar. Bəli, çünki o zaman belə görünüşlü insanlar daha çox rayonlarda yaşayırdı və bildiyimiz kimi, əsasən də, o dövrdə də rayondakı insanlar çox hallarda şəhərdəki insanlara nisbətdə daha qürurlu, əliaçıq, çalışqan olub.

2. Və ya cinayətkarlarda eyni fizioqnomika əlamətləri olması. Bu da sırf genetikayla bağlı idi.

Ona görə də hər iki punktla bağlı əlamətlər doğru çıxırdı, insanlar genetik xətt ilə gəldikləri üçün eyni üz cizgilərinə sahib insanlar bir çox kəskin olan eyni xarakteristikalara və davranış pozuntularına da sahib olurdular. Necə ki, indi də bilirik ki, davranış pozuntuları nəsildə genetika ilə gəlib özünü göstərə bilir.

İndi isə gələcəklə bağlı təxminlərə toxunaq. Yenə də burun formasından yola çıxaq. Deyilir ki, böyük burunlu insanlar kiçik burunlu insanlardan daha sağlam olurlar. Bəli, doğrudur, bu sadəcə bir təxmin deyil. Məntiqi, hətta tibbi açıqlaması var. Böyük burun, nəfəs yolları ağciyərə daha rahat və bol hava çatdırır. Normal olaraq, onlar daha sağlam olurlar.

Sonda, bu qərardayam ki, fizioqnomikaya düzgün mənbələrdən istifadə etdiyimiz halda inanmağa dəyər. Biznesdə fizioqnomikadan istifadə etmək isə sizə daha da kömək edə bilər.

İndi isə mənə daha maraqlı olan bir mövzuya gəlib çatdıq. Bu hissədə yazacaqlarım sırf Azərbaycandakı sosial və iqtisadi vəziyyəti dair düşüncələrimdir. Müasir dördə Fizioqnomika nə qədər düzgündür?

Bildiyiniz kimi, son vaxtlarda estetik əməliyyat etdirməyən şəxslərlə olduqca az rastlaşmaq mümkündür. Fizioqnomiya da bunun dəstəkçisidir. Elm dəstəkləyir ki, “əyri” sümükləri olan burun sizi 3 istiqamətdə məhv edə bilər: pul, iş və sevgi. Sümükləri yox, əti nəzərə çarpan burun isə kamilliyə və zənginliyə işarədir. Bəli, insanlar da elə, deməli, düzgün yoldadır.

Yaxşı, indi gələk əsas mövzuya. Bu insanlar düzgün yoldadırsa, DNT-ləri də estetiklə dəyişirsə, niyə ölkə əhalisi getdikcə, zəkalı, zəngin, mehriban insana çevrilmir?

Əslində məntiqi yolla baxsaq, insanlar gözəl olsa, sevgi həyatları da müsbətə doğru gedər. Axı gözəlliklə sevilmək düz mütənasibdir. Elə deyil?! Əla, sevilmək, eləcə də, xoşbəxtliklə aqressivlik də tərs mütənasibdir. Doğrudur? O zaman niyə əhalinin çoxu hələ də aqressiv, kasıb, neqativ və düşünə bilməyən olaraq qalıb?

Bunun statistikasını bölüşə bilmirəm, bəlkə. Çünki dəqiq məlumatı verən qurumların nəticələrinə inanmadığımı desəm, ümid edirəm ki, məni tənqid etməzsiniz. Özüm tədqiqatlarla yaxından maraqlanan, hətta işləyən biri olaraq, belə düşünürəm. Siz, əlbəttə, mənə inanmaya da bilərsiniz. Demokratik ölkədə yaşayırıq.

Toxunacağım son bir mövzu var. Burada sadəcə tamamlanmamış fikirlərimi bölüşür, sizi də düşünməyə vadar etmək istəyirəm.

Bildiyiniz kimi, bir çox prosesdə səbəbini bilmədiyimiz hisslər keçiririk və açıqlaması çox vaxt yaradılışdan bəri olan insan psixologiyasıyla bioloji xüsusiyyətlərin vəhdəti olur. Məsələn, bunlardan biri kişi-qadın münasibətləridir.

İndi belə bir fikir yürüdəcəm.

Hamımız biri ilə qarşılaşanda bu üstdəki şərtlər barədə heç nə bilməsək də, müsbət ya da mənfi enerji alırıq. Və beləcə qarşındakı şəxsə güvənməyi ya da güvənməməyi seçirik. Amma son vaxtlarda çoxluq yanılır, fərqindəsiniz? Məncə bunun 2 səbəbi var. Bu iki səbəb bizim insanları təhlil etməmizə kömək ola bilirdi. Birincisi, bioloji olan, məntiqimizdən xəbərsiz etdiyimiz təhlil. Bu təhlili indi etsək də, bir çox insanda işə yarayacaq mı?. Çox insanlar, əsasən, qadınlar estetiklə o qədər dəyişir, saxta bir hala bürünür, o qədər qəşəng kamuflyaj olurlar ki, o qədər fərqli ətirlərlə öz bioloji qoxularını yox edirlər ki, artıq qarşı tərəf onları düzgün analiz edə bilmir.

İkinci mərhələ isə, məntiqi təhlil. Bu təhlil etmək üçün isə psixoloq olsan belə bu 100 faiz işə yaramır, yenə də əmin ola bilmədiyin vəziyyətlər yaranır. Qarşı tərəf yeni çıxan terminlərlə desək, “Lovebombing, gaslighting” edir. Bunlar aldatmaq yönümlü həmlələr olduğu üçün insanlar nə qədər ağıllı davransa da, düzgün qərar verə bilmir. Hansı yolu seçsə, çoxluqla yanılır. Beləcə güvən hissini belə itirir.

Buna səbəb isə, bəlkə də, biz bu qədər texnologiyaya öyrəşdikcə, lazım olan bir-iki məlumata tez çatdıqca, zəkasız olsaq belə, bizə lazım olan o hiyləgərliyə tez çata bilirik deyə, artıq dünyada qalan ən böyük qavramlar saxtalıq və göstərişdir?

Dürüstüklə qaplanmış və göstərişsiz bir dünya həsrətində olan biri olsanız belə, artıq bu dünyanı düzəltməyə yox, özünüz kimi insanları taparaq, güvən hissinizi yenidən qazanmağı sizə tövsiyə edirəm.

Sonda isə qeyd etmək istəyirəm ki, bunlar hər nə qədər araşdırılaraq yazılsa da, mənə özəl, mənim beynimdə yaratdığım məhsuldur. Razı olmanıza gərək yoxdur. Amma oxuyan şəxslərlə müzakirə etməyə hər zaman həvəsliyəm.

Görüşənədək!