AI-dan əvvəl #1 — Mavi ekran

Bir sistem faylını səhvən silməyimlə başlayan hadisə məni hər gün 6–7 kilometr yol gedərək kompüter təmiri öyrənməyə apardı. "AI-dan əvvəl" seriyasının ilk hekayəsidir.


23 baxış
10.07.2026
5 dəq oxuma

2006-cı il ilk kompüterimizi alanda evə gətirib hər şeyi quraşdırdılar. Printeri qoşdular, 26 kb interneti işlək vəziyyətə gətirib getdilər.

İnternet ev telefonunun xətti ilə işləyirdi. Qoşulanda özünəməxsus bir səs çıxarırdı. Kimsə ev telefonuna zəng edəndə isə internet kəsilirdi.

Bir gün kompüterdə nələrəsə baxarkən sistem fayllarından birini bilmədən sildim.

Bundan sonra kompüter hər dəfə açılarkən mavi ekran verirdi.

Üç-dörd gün belə qaldı. Atama deməyə qorxurdum. İndi fikirləşəndə bilirəm ki, desəydim, heç nə deməzdi, aparıb düzəltdirərdi. Amma o vaxt mənə elə gəlirdi ki, çox böyük bir səhv etmişəm.

Kompüteri aldığımız mağazada servis də var idi. Evimizdən təxminən 6–7 kilometr uzaqda yerləşirdi.

Demək olar ki, hər gün həmin yolu gedirdim. Məqsədim o idi ki, bəlkə təmirə kompüter gətirərlər, mən də necə düzəltdiklərinə baxaram.

Servisdə Samir işləyirdi.

Bir gün nəhayət təmirə bir kompüter gətirdilər. Samir kompüterin korpusunu açdı, bütün hissələrini çıxardı, təmizlədi və yenidən yığdı.

Bu iş təxminən üç-dörd saat çəkdi.

Mən də bir tərəfdə dayanıb gizlincə hər şeyə baxırdım.

Amma o gün kompüterə format atmadı.

Ertəsi gün yenə servisə getdim. Gördüm ki, həmin kompüter artıq orada yoxdur.

Ağlıma iki fikir gəldi: ya Samir səhər tezdən gəlib format edib, ya da gecə işini bitirib.

İçəri girib Samirə salam verdim. Söhbət açmaq üçün dedim:

— Səhər gələndə svetofor işləmirdi. Maşınlar prospektdən növbə ilə keçirdilər.

Samir dedi:

— Hə, yaxşı ki, işlərimi gecə bitirib hazır qoymuşdum. İşıqlar yanmır.

Elə bu cavabı gözləyirdim.

Dərhal soruşdum:

— Bəs kompüterə nə etdin? Dərdi nə idi?

Samir mənə dedi:

— Format eləmişəm.

Gözlərim böyüdü.

— O nədir?

Samir də başladı formatın nə olduğunu izah etməyə.

Sonrakı iki-üç gün yenə servisə gedib-gəldim. Artıq məsələ öz kompüterimi düzəltmək deyildi. Mən nəsə öyrənirdim və bu, mənə çox ləzzət edirdi.

Samir də bunun fərqində idi.

Samirin qardaşı Araz müəllim isə o vaxt bu işin əsl ustası idi. Mənə elə gəlirdi ki, kompüterlə bağlı bilmədiyi heç nə yoxdur.

Bir gün Samirdən istifadə etdiyi diskləri soruşdum.

Dedi:

— Format bunun içindədir. Diski kompüterə taxırsan, Windows-u yazır.

Bəzən iki, üç, hətta dörd disk istifadə edirdi. Birini çıxarıb digərini taxırdı. Hansının nə iş gördüyünü tam başa düşmürdüm. Başım qarışırdı, amma yenə də baxırdım.

Həmin gün disklərdən birini kompüterə taxdı və formatı başladı. Sonra diski çıxarıb digərini taxmaq istəyəndə gördü ki, əvvəlki disk çatlayıb.

Diski mənə uzadıb dedi:

— Al, bunu sənə verdim.

Həmin an nə hiss etdiyimi izah edə bilmərəm.

Nazla diski götürüb dedim:

— Axı qırıqdır.

Samir dedi:

— İki-üç dəfə işləyər.

Günü başa vurub evə getdim.

Gecə saatlarına qədər diski kompüterə taxıb Allah ümidinə format atmağa başladım.

Hər şey yaxşı gedirdi.

Ta ki serial key hissəsinə çatana qədər.

Ekranda beş hissədən ibarət, 25 simvolluq böyük hərf və rəqəmlərdən ibarət kod istəyirdi.

Mən isə bu neçə gündə Samirin hansı kodu yazdığına heç fikir verməmişdim.

Yeni hədəfim artıq formatın necə atıldığını öyrənmək deyildi.

İndi həmin kodu tapmalı idim.

Yenə servisə gedib format üçün kompüter gəlməsini gözləməyə başladım.

Amma gəlmədi.

Onun yerinə kompüter salonu üçün üç yeni kompüter gətirdilər. İkisi açıq idi, biri isə hələ qutuda idi.

Öz-özümə dedim:

— Bu gün bu işi bitiririk.

Samir yeni kompüterlərdən birinə format atmağa başladı.

Serial key hissəsinə çatanda dəftəri açdı və kodu yazmağa başladı.

O yazırdı, mən də baxıb yadda saxlamağa çalışırdım.

Servisdən çıxandan sonra evə qədər bütün yolu kodu öz-özümə təkrarlaya-təkrarlaya getdim.

Evdə kompüteri açdım, formatı yenidən başladım və kodu yazdım.

Format uğurla başa çatdı.

Kompüter açıldı.

Amma içində heç nə yox idi.

Nə oyunlar qalmışdı, nə proqramlar. Printer işləmirdi, internet yox idi, drayverlərin heç biri qurulmamışdı.

Hər şeyi silmişdim.

Amma kompüteri özüm formatlamışdım.

Mənim üçün əsas məsələ də bu idi.

Təxminən üç ay ərzində Samir və Araz müəllimin xəbərsiz kursunu bitirdim. Hər gün gedib baxır, sual verir və öyrənirdim.

Bir müddət sonra artıq kompüterimdə problem yarananda özüm normal şəkildə təmir edə bilirdim.

Bir gün yenə servisə getdim və dedim:

— Kompüterim son vaxtlar çox donur.

Vüqar dedi:

— Peçin yanında saxla.

Mən də gedib kompüteri peçin yanında saxladım.

Sonralar videokartın, qrafik drayverinin və kompüterin niyə dona biləcəyinin səbəblərini öyrənəndə etdiyim işə görə çox utanmışdım.

Amma biz belə öyrənirdik.

Səhv edirdik. Baxırdıq. Soruşurduq. Bəzən bir kodu yadda saxlamaq üçün 6–7 kilometr yolu təkrarlaya-təkrarlaya gedirdik.

Bu gün eyni problemi AI-yə yazıb bir neçə saniyəyə cavab almaq olar.

O vaxt isə bir sistem faylını səhvən silmək insanın qarşısında tamam başqa bir dünyanın qapısını aça bilirdi.

Mənim üçün həmin qapı mavi ekranla açılmışdı.

ardı var…