Yazıçı olmağa çalışmaq barəsində
Düşünürəm ki, bir çoxumuz ilk mərhələdə belə bir səhvi edirik. Yazanda cümlələrimiz içində özümüz yazıçı kimi göstərməyə çalışırıq. Üstünə ətir vuran insan düşünün. Bir sıxımlıq, uzağı iki sıxımlıq şansı var ki, ətirin qoxusunun mahiyyəti qalsın. Yoxsa otaqda olan hər kəs dərhal anlayacaq ki, adam ən az 5 sıxım edib.
Bir çoxumuz yazıçı olduğumuzu göstərməyə çalışırıq. Cəhdlərimiz safdır və onların axmaq cəhdlər olduğunu bir qədər sonra anlayırıq.
Yazıçı kimdir?
Bu barədə çox fikir var amma dünən baxdığım filmdə bir gənc yazıçının mentoru ona belə bir fikri deyir:
“Əgər həyatının sonuna kimi hekayələrinə reaksiya verilməsə belə yazmağa davam edəcəksənsə o zaman sən bu peşənin adamısan.”
Hekayələrə reaksiya verilməməsi nədir?
Yazdıqlarını oxumurlar, oxusalar da bəyənmirlər, bəyənsələr belə çap etdirmirlər, çap etdirsələr belə dünyaya yaymırlar...və bu “belələrdən” muncuqlar düzmək mümkün olur.
Prinsip sadədir. Yazırsan çünki deməyə sözün var. Yazırsan çünki başına əhvalat gəlib. Ola bilər ki, əhvalat sənin deyil başqa adamın başına gəlib. Düşünürsən ki, həmin hekayəni sən daha yaxşı şəkildə qablaşdıra bilərsən.
Prinsip sadə olsa da ağrılıdır. Yazırsan çünki dərdin var. Onu dünyaya qışqıraraq bəyan etmək istəmirsən.
Yazmaq qışqırmağın ən səssiz, eyni zamanda ən səs gətirən növüdür.
Prinsip ağrılı olsa da vacibdir. Yazırsan çünki acı səni ancaq bu şəkildə tərk edə bilər. Son cümləni bitirən zaman hiss edirsən ki, zindan kimi ağır olan çemodanın tutacaq yerini buraxmısan. Artıq onu özünlə hər yerə daşımaq məcburiyyəti qalmayıb.
Yazanda yazıçı olmamağa çalışmaq asan bir missiya deyil. Fikirlərini təbii şəkildə ifadə etməli və bəzən iş görərkən açılan metafizik portaldan gəlmiş sözləri və söz birləşmələrini kağıza ehmalca ötürə bilməlisən. İşimizin 80%-i əziyyət çəkməkdir. Amma 20%-də o qədər rahat olur ki, hər şey. Nəyi, necə və harada etməli olduğunu bilirsən. Bir anlığa dünya dayanır və sən çap edirsən.
Hekayən yazıçı hekayəsi deyil. Özüdür. Hekayənin sözləri əlavə sözlərə ehtiyac duymur. Eqon imkan verir ki, hekayə öz işini görə bilsin. Qəhrəmanların işinə və dünya görüşünə qarışmırsan. Onların valideyninə çevrilmirsən. Mühafizəkar olan, lazımsız qayğı ilə qəhrəmanı sevgi hücumuna məruz qoyan bir adama çevrilmirsən. Sən də qəhrəmana 80% hallarda özü ola bilmək şansı tanıyırsan. 20% hallarda isə sənə ötürülən siqnallardan istifadə edərək ona lazım olan ştrixləri tapırsan. Həmin ştrixlərlə qəhrəmanın yolunu tamamlaya bilir və ikiniz də yolun sonunda barışa bilirsiniz.
Ayan kimdir?
Qadınlar haqqında düşündüyüm hər şey yoxsa bir qadının özüdür?
Bu suala cavab tapa bilməsəm roman bitməyəcək. Mən Ayana icazə verməsəm o da mənə hekayəsini təhvil verə bilməyəcək. İkimiz də şikəst olacayıq.
Yazanda yazıçı olmamağa çalışmaq insanları anlamaq deməkdir. Bizə hekayənin özündən başqa heçnə lazım deyil. Düzdür onu nəql edən də vacib iş görür və ustalığı ilə bizim təcrübəni zənginləşdirmiş olur. Amma günün sonunda bizi maraqlandıran məsələ işin axırıdır.
Axırda nə olur?
Qovuşa bilirlər? Yoxsa ayrı yaşayırlar? Onlar da sistemə uduzmuş olur? Yoxsa yeni sistemin əsasını qoyurlar?
Onlarda da alınmır? Yoxsa onlar nail olurlar?
Səhv etmirəmsə 36-cı yaşımda yazıçılığın daşını atdım. Cümlələrimdə olan pafos, bəzək azaldı. Onlar həyatın içindən götürüldü. Onlar hərgün aldığımız çörək qədər doğma oldu. Onlar heç vaxt yaşaya bilməyəcəyimiz gözəl gələcək kimi əlçatmaz oldu. Sadəlik və mistikanın qarışımı ilə yoğrulmuş təcrübələrin mənə bağışladığı cümlələri oxuyan kəslərə ötürdüm.
Reaksiyalar verildi. Bu mənim əsas məqsədimi dəyişdirmədi. Əsas məqsəd ağır çemodanları yerə qoymaq və yerə qoymağa çalışan insanlara kömək olmaqdır.
Qalan hər şey ikinci dərəcəli təfərrüatdır.
