
Dəyərli 22,
Dünən dostlarımla rəqəmlərdən danışırdım. Onların əhəmiyyətinə inanmayan dostum özünü skeptik Sokrat kimi aparıb dəqiqləşdirici suallar soruşurdu. Digəri biraz Rumi enerjisiylə yaşadığı üçün ona inanmaq asandır. Nəyinki rəqəm hər şeyin bir mənası var. Bilinməyənə inanmaq onun hobbisidir. İnana bilməmək isə mənim.
İkisinin ortasında oturub söhbətlərinə qulaq asarkən səni gördüm. Sən 22-ni. Niyə və nə üçün məhz indi gördüm? Oturduğumuz məkanın yanından keçirdin. Gözlərində yorğunluq var idi. Yəqin işdən qayıdırdın. Amma o gözləri bütün yay görmək istəmişdim. İnanılmaz bir Merfi qanunu yaşayırdım. Səni ən görmək istəmədiyim anda görmüşdüm. Çünki ürəyim aşağıya qaçıb səni qucaqlamaq istəyirdi. Heç bir izahat vermədən. Sadəcə qucaqlamaq istəyirdim. Səni düşünməkdən yorulmuşdum. Bütün yay bu qədər ağır keçdiyi halda bir də sənin barəndə olan fikirlər mənə rahatlıq verməyirdi. Şəkillərini görmək bəs etmirdi. Harada olduğunu bilmək və növbəti səyahətini izləmək də məni ruhən yorurdu.
22!
Səninlə ilk görüşüm də eyni binanın yanında olub. O zaman ağlıma belə gəlməzdi ki, düşüncə tərzinlə, enerjinlə və ürəyinlə mənim spiritual torpaqlarımda monopoliya quracaqsan. Neçə dəfə olmuşdu ki, sənə qulaq asa-asa qulaq asmağı unutmuşdum. Elə hey gözlərinə baxırdım. Bir insana başqa insanın gözlərindən başqa heçnə lazım deyilmiş. İndi yadıma düşdü.
Bu işlər nə üçün bu qədər mistik olur? Hər şeyə bir məna yükləmək ehtiyacı qalmır. Sənin addımlarının hamısını saya bilmədim. Gözlərim gah dostlarım, gah da sənin aranda getdi gəldi. Onların səndən xəbər tutmasını istəmirəm. Çox maraqlıdır. Səni nə üçün hamıdan gizlədirəm? Əsas da özümdən gizlətməyə, kənar tutmağa çalışıram? Axı səndən təbii nə var bu həyatımda? Axı səninlə bağlı daha nəyi düşünməliyəm ki, anlayım??
Anlayım ki, səni istəyirəm. Hansı səbəblə bilmirəm amma istəyirəm. Axı indiki dövrdə bu qədər saf olmaq nəyə lazımdır? Mən klassik sevgiyə, filmlərdə olan romantika dolu sevgiyə inanmıram. Çünki orada adətən rejissor barmağı dəyir. Bizim məsələyə kim rejissorluq edir ki?
Mən əminəm ki, sənin öz həyatın var. Sənin öz dostların var. Onlarla olan şəkillərinə neçə dəfə diqqətlə baxmışam. Necə də gülürsüz?! Necə də dişləriniz parıldayır?! Necə də xoşbəxt olmağı bacarırsan?! Məncə aramızda olan ən böyük fərq budur. Məndən fərqli olaraq sən, xoşbəxt olmağı bacarırsan. Mən isə özümü tanıyandan ancaq elə xoşbəxt etməyə çalışmışam. Onu da yaxşı bacardığımı deməzdim.
İnsan yaşamaq istəyir. Tam və dolğun şəkildə. Səni görənə kimi mən həyatımın nə qədər yarımçıq qaldığını anlamamışdım. İndi isə bunu hiss edirəm. Budur səni daha görmürəm. Oturduğum yerdən dönüb sən tərəfə baxa bilmirəm. Kafka deyirdi ki, kaş dünyanın sonuncu günü gələydi. O zaman gedib sənə çatardım. Ürəyimdə olanları deyib sonra da bərk-bərk qucaqlayardım. Amma Kafka da mən də bilirik ki, sonuncu gün sabah deyil. Həyat bizim günlərin sayını artırmaqla daha da cılız edir. Halbuki cavan vaxtlarımda daxilimdə nə qədər cəsarət toplamışdım. Nərildəyirdim. Sevəndə belə bunu bütün dünya bilirdi. İndi isə səninlə bağlı hisslərimi masada oturan iki dostuma belə deyə bilmirəm.